image-rt-reklam
image-img_20240511_214528backend

SÖZ EŞQİN PIÇILTISIDIR – ÖTƏRXAN ELTAC YAZIR…

image-728x90

(şair, jurnalist və naşir Əvəz İdrisoğlunun xatirəsinə …)
Həzin musiqi sədaları altında hər kəs zala daxil oldu. Bəlkə də aylardan, illərdən bəri bir-birini görməyən insanların simasından xəfif bir təbəssüm boylanırdı. Əzəməti, vüqarı ilə monitorda əks olunan dağlar oğlu – qələm sahibi sanki dil açıb “xoş gəldiniz” deyəcəkdi gecənin işığına yığışanlara. Aparıcı bacıların təravətli səsi ilə mikrofonlar dil açanda, hələ də monitordan gözünü çəkməyənlər, xəyal qanadlarında xoş xatirələri vərəqləyənlər və bir də müəllifin ismini daşıyan nəvənin imzası ilə qonaqlara təqdim edilən, hələ də mürəkkəbi qurumayan əsərin səhifələrində gəzişən barmaqlar heyrətləndi. Qələm sahibinin kimliyini xatırlatmaq artıq olsa da, yaddaşları təzələməyə dəyərdi. İlk söz tarix elmləri doktoru, professor Şikar Qasımovun köksündən qanadlandı. Kitabın ərsəyə gəlməsində böyük əməyi olan filologiya elmələri doktoru Esmira Fuadın dilindən süzülən hər kəlmə Laçın dağlarının təravətini gətirdi məclisə. Dəyərli qələm sahibi Nazim Əhmədlinin 70 illik yubileyindən – Laçından yenicə dönmüşdü Esmira xanım. Səsində quşların cəh-cəhi, nəfəsində güllərin ətri duyulurdu. Dodağından süzülən kəlmələr ovsunlamışdı hamını. O qədər bəxtəvər görünürdü ki… Axı o həm də işığına yığışdığımız Əvəz İdrisoğlunun təvəllüd tapdığı diyardan danışırdı.
BDU-nun kafedra müdiri, şair-publisist Knyaz Aslanın axıcı nitqi İdrisoğlu ucalığına işıq tutmaqda idi. Hiss olunurdu ki, qayğılı-qayğısız illər onları bir-birinə yaxşı tanıdıb. Odur ki, kitabın ərsəyə gəlməsində əməyini əsirgəməyib, ön sözün müəllifi kimi sözün ucalığını, dəyərini, qiymətini yerli-yerində verib. Tarix elmləri doktoru, professor Güllü Yoloğlunun söz sahibinə, xüsusən də sözə verdiyi qiymət daha fərqli idi – sevgililərin bir-birinə bağışladığı bir dəstə çiçək qədər ətirli, təravətli…
Professor Nizami İsmayılov texnika elmləri doktoru olsa da, sözə ehtiyatla yanaşdı. İdrisoğlunu yaxından tanıyan, onunla uzun zaman dostluq eləyən, yeri gələndə elmi mübahisələrə zaman ayıran söz sərrafı kimi şairin yaradıcılığına (ön sözün müəllifi olaraq) işıq tutmağa çalışdı. Söz sahibini vəfalı, sədaqətli, halal və etibarlı tərəfdaş kimi təqdim etdi. İqtisad elmləri doktoru, general-polkovnik Təhmasib Yadigarovun çıxışı dostluğun təməl daşı kimi yaddaşlara hopdu. Şeirlərində insanlıq, ədəb-ərkan, inam, iman, səxavət, ədalət və hörmətin tərənnümü duyğuların saflığına aydınlıq gətirdi. Əsl kişiyə xas olan keyfiyyətləri özündə cəmləyən istedadlı qələm sahibinin yolundan sapanlara, dosta xor baxanlara, haqqı dananlara ibrət məktəbi olduğu vurğulandı. Məhz o məktəbin davamçıları torpaqlarımızın bütövlüyünü tamamladı.
Dəyərli ağsaqqal, yazıçı-publisist Əhməd Həpo İdrisoğlu ilə ilk çörək kəsdiyi günün necə də ağrılı bir gün olduğunu xoş xatirəyə çevirdi. “Yuxarının göstərişini”n əksinə olaraq kəsilən çörəkdən keçə bilmədiyini dilə gətirdi. Çünki o gün rüşvətxorun deyil, halal ruzi qazanan bir söz sahibinin qonağı idi. Məhz o gün Əhməd Həpo özünə etibarlı, güvənli, halal bir dost qazandı.
MN tibb xidməti mayoru Fidan Şirinovanın çıxışı etibardan, qətiyyətdən və qeyrətdən yoğrulmuşdu. Əvəz İdrisoğlu kimi söz sahiblərindən – müəllimlərdən dərs alan bu yurdun oğulları təbii ki, düşmənə aman verməyəcək, torpaqları yağı tapdağında buraxmayacaqdılar. Qələmdən süzülənlər ox olub düşmənin köksünə saplandıqca, qisas hissinin yaratdığı nifrət də bir gün dağ-daşı lərzəyə gətirib tökəcəkdi düşmənin üzərinə. Elə cəsarət sahiblərinin ilham mənbəyi də İdrisoğlu kimi söz sərraflarının əmanətidir.
Laçın rayon İcra Hakimiyyətinin əməkdaşı Nazilə Abbasova da qələm sahibinin şeirlərindən güc alan fədailərimizdən, qanı ilə qəhrəmanlıq tarixi yazan şəhidlərimizdən, qazilərimizin şücaətindən söz açdı. Bəzən bir misranın bir ordu qədər güclü və yenilməz olduğunu dilə gətirdi.
Əməkdar elm xadimi, professor Rafiq Hüseynov da Əvəz ucalığına körpü saldı. Şirin xatirələri vərəqlədi. Əvəzin Laçın ömrü yaşadığını dilə gətridi. Fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Məmmədov İdrisoğlu poeziyasına, lirik duyğulara həssaslıqla yanaşdı. Söz hikmətdir, söz əxlaqdır, ədəbdir, ucalıqdır. Əvəz də sözə verdiyi dəyərə görə o mərtəbəyə yüksəlib dedi. “Ziya” qəzetinin baş redaktoru, fəlsəfə elmləri doktoru Müşfiq Borçalı isə birgə əməkdaşlıqdan söz açdı. Aralarında olan maraqlı söhbətləri yaddaşlarda ilmələdi.
…Həzin musiqi könül ovsunu kimi hələ də vücudu sarmaqda idi.
Bəli, Əvəz İdrisoğlunun ruhu dolaşan məkana – “Laçınım mənim” şeirlər və hekayələr toplusunun işığına dəyərli alimlər, söz xiridarları, jurnalistlər, şairin dostları və qohumları ilə birgə yığışmışdıq. Bu işıqda yoxluğun təcəssümü olan bir hüzn, bir kədər olsa da, sözün ucalığında bütövləşən, tamlaşan, kamilləşən hikmətli düşüncələr əks olunurdu. İlahi qüdrətdən su içən düşüncələr istedad günəşi tək ətrafı işıqlandırmaqda idi. Axı münbit torpaqda boy atan ağacın bəhrəsi bol olar…
Ə.İdrisoğlu “söz”dən doğulduğu üçün sözlə ilmələyib, naxışlayıb duyğularını. Sözdən söz – şirə çəkərək artırıb söz yükünü. Sözdə bişib, sözlə bişirib. Çiy kəlmədən çiysinib həmişə. Qısa, konkret və lakonikliyi ilə seçilib. “Söz varlığın rəmzidi, ifadə əlamətidi, söz eşqin pıçıltısıdı deyib İdrisoğlu. Onu da deyib ki, söz qəlbin danışan dilidi, tükənməz xəzinədi, idrakın açarıdı, söz sahibinin libasıdı, söz təkliyin sirdaşıdı…
Ə.İdrisoğlu istənilən janrda söz deməyi bacaranlardandır. Çünki onun üçün “söz rüşeymdi”. Cücərir, boy atır, şaxələnir, bar verir söz. Əbəs yerə deməyiblər ki, hər bir insan öz sözü boyda olur. Söz insanı kiçiltdiyi kimi, həm də ucalda bilir. Söz işıqdır, ətrafa nur çiləyir. Söz adamının gözləri qapansa da ürəyi ilə görür, dili ilə sözləndirir. Axı “söz aqillərin silahıdı, axı söz ağlın tərəzisidi, keyfiyyət nişanıdı, ibrət tərzidi, axı söz inamdı” deyib söz qədri bilən söz adamı.
Şair Şərq, xüsusən də Azərbaycan ədəbiyyatını mükəmməl bilirdi. Nizami alovunda qovrulan, Füzuli çeşməsindən su içən, Xətai qüdrətindən ilhamlanan, Sarı Aşıq hikmətindən bəhrələnən, Ələsgər ocağından ibrət alan, Şəhriyar nəfəsi ilə ətirlənən, Bəxtiyar ömrü yaşayan İdrisoğlu təbii ki, hər sözün üstündə yarpaq kimi əsməli, milli koloritlərlə zənginləşdirməli idi. “Deyimlər”lə zinətlənən söz xəzinəsi isə başqa bir aləmdir. “Sərvətin qulu olmaqdansa ağlın qulu ol”, “Ağıl zəkanın, sərvət şəhvətin məhsuludur”, “Ot kökü üstə, insan zəhməti üstə bitər, ucalar”, “Kökü və tumu zəif olan bitki bəhər verməz”, “Həyat ölümün zirvəsinə gedən yoldu” kimi fikir tutumu İdrisoğlunun söz nərdivanıdır. Ora ayaq basanı ucalığa aparar.
Şair qələmə aldığı “Laçınım mənim” əsərini qoşma, gəraylı, məsnəvi, bayatı, qəzəl, esse və hekayələrlə şaxələyib. Sözünün mayasını torpağa bağlılıqdan, yurd sevgisindən, buzlu bulaqlardan, fırtınalı dağlardan və çiçək təravətli çəmənlərdən tutduğu üçün misralarda hərarət var, doğmalıq var. “Şəhid ömrü” hekayəsindəki son cümləni xatırlatmaq yerinə düşər: “Ürəyi Torpaq, Vətən həsrətinə dözməyən şəhidlərimiz! Sizin ömrünüzü yaşadığım üçün məni bağışlayın!”
Ömrünün çiçəkli çağında işi ilə əlaqədar paytaxtda yaşamağa məhkum olsa da, ruhu ayrılmadı o torpaqlardan. Yazdığı hər misrada, Vətən təravəti duyuldu. Vüqarlı, əzəmətli dağları vəsf elədi. Qarı düşmənin işğalçılıq siyasətindən sonra isə misralar kükrədi, haray qopardı, həsrətdən göynəyən ürək təlatümə gəldi.
Diz çökərəm, torpağını yalaram
Qurd olaram, çöllərində ularam
Göz yaşımla bağlarını sularam
Haray Vətən, haray, elllər, ay haray!
Şairlik iddiasında olmasa da, sözünü misralayıb bənd eləməyi bacardı Ə.İdrisoğlu. Molla Pənah Vaqifin, Bəhmən Vətənoğlunun duyğuları fonunda təvazökarlığını gizlədə bilmədi. Saflıqla yoğrulmuş təvazö onun üçün yeni bir pillə oldu.
Həyat ağ vərəqdi, hər kəs bir qələm
Mən şair deyiləm, sadə naşirəm.
Ə.İdrisoğlu otaylı-butaylı bütöv bir candır. Zaman-zaman parçalanan, qonşularımız arasında bölünərək ildən-ilə kiçilən torpaqlarımızda yad ünsürlərin varlığına etirazını bildirməklə yanaşı, ədalətsiz dünyadan deyil, ulu Haqdan imdad dilədi. Xiffətdən saralıb-solan, uçulub-dağılan Xudafərinin həyat qapısı olacağına ümidini itirmədi.
Heydər Baba, Şəhriyara salam de!
Ərzuruma, Laçınıma Qalam de!
Gəl ayırma, Əvəzə də balam de!
Könlüm istər bir gün köçüm yaylağa
Bir imdad et, biz ölməyək, ay Ağa!
Ön söz müəllifi Knyaz Aslanın təbirincə desək, İdrisoğlunun “şeirlərində təbiətin gözəlliyinə, məhəbbətin ülviyyətinə, bəşəriyyətin səadətinə, insanların xoşbəxtliyinə, gələcəyin aydınlığına inam çox güclüdür”. “Dura-dura daş olar, uça-uça quş olar insan qəlbi! Dənizdə üzmək, havada süzmək, torpaqda gəzmək, əlbəttə əsl xoşbəxtlikdir. Yolların yoldaşına, könüllərin sirdaşına dönəndə, eniş-yoxuşlar çıxanda, zirvədən üfüqə boylananda xoşbəxt olur şair qəlbli insan” fikirləri də Nizami İsmayılova məxsusdur. Bəli, həqiqətən də halal zəhmətin barı xoşbəxtlik talismanıdır. Xoşbəxtlik tək sözdə deyil, əməldə də bərqərar olursa, gediləcək yol qaranlıqlardan keçsə də aydınlığa aparacaq. Aydınlıqda həyat var, sevgi dolu həyat. Ruzisi bol, səfası xoş, sözü həyalı… Halallıq həm də ibrət şərbətidir, içənlər üçün…
Cəfakeş olmuşam ömrüm uzunu
Şərbəttək içmişəm zəhmət suyunu
Sındırmışam donmuş suyun buzunu
Haram tikə, haram çörək yemədim.
Müəllifin ulu keçmişinə, soyuna-soy kökünə bağlılığı, milli kimliyi onun qürurla təqdim etdiyi şəxsiyyət vəsiqəsidir. Elə bir vəsiqə ki, varlığımızı min illərin o üzündən bu günə daşımağı bacarıb. İbrət dərsi aldığımız Mete xanın, Atıllanın, Qorqud Dədənin, Şah Babamızın mirası olub Vətən. Xainlərin gözünə ox kimi, kürəyinə qılınc kimi sancılıb.
Ulu keçmişimiz – Şah Xətaimiz
Qorqud qüdrətimiz – ibrət dərsimiz
Haqqın dərgahında iman yerimiz
Alın yazısıdır, qismətdi vətən!
Hər kəlməsi Vətən, torpaq, yurd, obadır İdrisoğlunun. Dərələyəzə, Zəngəzura, Borçalıya, Dərbəndə, Təbrizə bölünən bu məmləkətin ağrısını çəkmək, bəzən də ağrılardan ilhamlanaraq vəcdə gəlmək, ağrını sözə naxışlayıb təsbehləmək, həsrəti sözün ruhuna hopdurub gələcəyə ötürmək hər qələm sahibinə müyəssər olmur. Ağrılar sözdə qovrulanda təb vəcdə gəlir. Təbin pıçıltısı bulaq zümzüməsi kimidir, axıb dolur ürəyə. Beləcə, İdrisoğlu ürək süzgəcindən keçirdiklərini göz açdığı yurdun fəziləti saydı.
İrəvan, Qarabağ yurdum, məskənim
Laçında dünyaya göz açmışam mən
Min yerə bölünüb Azərbaycanım
Azından min dəfə yol azmışam mən.
Laçın deyə-deyə həsrət gidərdi İdrisoğlu. Düşmənin məkri, hiyləsi nə qədər ayaq açsa da, Laçını güman yeri sandı. Düşmən caynağında inləyən torpaqların azad ediləcəyi gün üçün ümidini itirmədi heç zaman. Burnunun ucu göynədi, sinəsinə dağ çəkildi, Neçə-neçə Laçın həsrətli doğmasını, yaxınını itirdi, amma yenə sarsılmadı. Ümidlə Laçına tərəf boylandı, o yerlərə dönəcəyi gün üçün inam yaratdı içində.
Gəlin itirməyək Qibləgahını
Düşmənə sipərdi, qalxandı Laçın!
Qoymayaq pozulsun ana andını
Azərbaycan üçün gümandı Laçın!
Müəllifin “Gəlmişəm” şeiri Laçını tanımayanlar üçün yol xəritəsidir. Otuz illik ayrılıqdan sonra Əriməz dağlarına üz tutan hər kəs Həkəri, bəzən də Zabuxçay boyunca sıralanan bu yurd yerlərinin bənzərsizliyinə şahidlik etməklə yanaşı, “Vətən dara düşüb arkadaş türk, gəl” harayına qoşulanların izlərinə də şahidlik edəcəklər. O izlər ki, hələ 1918-ci illərdə də bizi tək qoymamış, düşmənə qarşı sinələrini sipər etmiş qardaşlarımızın nişanəsidir. “Türkün türkdən başqa dostu yoxdur” ifadəsi bir daha İdrisoğlunun qələmindən pərvazlanır.
Bozluyla Əhmədli odlara yandı
Mirik ilə Quşçu ərşə dayandı
Ah çəkdim, səsimdən dağlar oyandı
Əriməzə qar yeməyə gəlmişəm.
Xanallar, Fərəcan, Səfiyan, Türklər
Vətən dara düşüb arkadaş türk, gəl!
Göz yaşı axıdır sahibsiz ellər
Göz yaşını mən silməyə gəlmişəm.
“Mən qul olmamışam şana, şöhrətə, Hər yerdə həmişə sadə olmuşam” deyən şair acı həsrətə tablaşaraq hər gələndən Laçını soraqlayır, qulağı səksəkədə, gözü yollarda ümid axtarır. Bəzən əsən küləkdən Laçının qoxusunu almağa çalışır, bəzən də uçan quşlardan bir xəbər umur.
Qar ələndi dağ başına
Həsrət qaldım yaz, qışına
Laçın yazın başdaşıma
Laçından xəbərin varmı?!
Dünyanın fani olduğun yaxşı bilir şair. Ona görə də dünyadan umacağı heç nə yoxdur. Gözü, könlü tox, vicdanı qarşısında günahsızdır. O, həm də xeyirxah bir qəlbə sahibdir, təmənnasız, umacaqsız qələm sahibidir. Sözlərində səmimiyyət, ədalət və ilahi eşq gizlənir. Eşqin gücü ilə mərtəbəyə yüksəlir, oradan şəfəq kimi ətrafa çilənir.
Əvəzin sözündən inci çilənər
“Ənəlhəq” söyləsə zahid gizlənər.
Altmış yaşının astanasında qələmə aldığı dördlük İdrisoğlu ucalığından günəş kimi parlayır. Alın təri qarışmış qazancının halallığından ağ birçəklərinin qüruru görsənir. Halal zəhmətlə boya-başa çatdırdığı övladlarının saleh əməlləri onu yaşamağa, yaşatmağa, sabaha doğru mətin addımlamağa sövq edir.
El içində alnı açıq, üzü ağ
Altmış illik ömür yolu seçmişəm.
Halal zəhmət, hala çörək – saçım ağ
Halal suyun çeşməsindən içmişəm.
Gülüstanla yaralanan, Türkmənçayla paralanan məmləkətin hər qarışı üçün ömrünü fəda etməyə hazır olan şair, ayaq basdığı yerin – müqəddəs pir dağının yeraltı-yerüstü sərvətə malik olduğunu, füsunkar, bənzərsiz və heyrətamizliyini dönə-dönə vurğulayır. Şimala, Cənuba parçalansa da Nur dağı kimi əzəmətini itirmədiyini, yenidən birləşib bir olacağını qulaqlara üfləyir.
Əvəzəm, özüm də pir dağıyam mən
Zirvəsi aşılmaz sirr dağıyam mən
Tanrı bəndəsiyəm, Nur dağıyam mən
Şimala, Cənuba parçalanmışam.
Bir zaman kölgəsində dincəldiyi, samovar qaynatdığı, kabab çəkdiyi, hətta tay-tuşları ilə şahmat oynadığı tut ağacını tək bir ailənin sərinlik çətiri deyil, qonşular arasında vasitəçi, sazlı-sözlü məclislərin şahidi, ağsaqqalların məşvərət yeri kimi böyük nüfuz sahibi olduğunu unuda bilmir şair. Odur ki tut ağacına xitabən:
İki qonşu arasında
Ağacların sırasında
Çəmənliyin ortasında
Hörmət idi
Laçındakı tut ağacı.
Təəssüf ki, doğma Laçını görmək üçün ömür vəfa etmədi. Amma məmnun köçdü dünyadan İdrisoğlu, çünki qarı düşmənin ordumuzun qarşısında diz çökdüyünə və ana yurdun azadlığına şahidlik etdi. Laçından gətirilən suyun, meyvənin dadına baxa bildi. Beləcə, hicranın, qəmin, kədərin, ayrılığın libasını soyunub vüsala bürünməyi bacardı.
İdrisoğlu qələmin gücü ilə səltənət qurduğu kimi, fırçanın dili ilə də bənzərsiz əsərlərə imza atıb. Bəzən fikirlərini sözlə deyil, cizgilərlə bəyan etməyi üstün tutub. Anlamazın yanında susmağı, aqilin yanında arifanə söhbətləri ilə diqqət çəkib.
Xoş sözə, xoş rəftara ehtiyacın varsa əgər
Anlamaza, nadana yox, sözü qanana deyin!
Muğam dəryaların ləngəri, könüllərin ovsunu, həm də ana laylasıdır. Dənizlər çoşub kükrədikcə, sahillər qəmə batar, sular çəkiləndə isə həyat gülər – muğam da belədir. Şirin avaz qəlbləri titrətdikcə, ruh vəcdə gələr, göz gözəlliyə heyran olduqca, vücud tilsimlənər – muğam da belədir. Ananın dilində cilvələnən kəlmələr axıb töküldükcə, könül rahatlanar, göz yaşları quruyar, təmkin, səbir baxışlarda nicat tapar – muğam da belədir.
Sirrini pünhani deyər, həm güldürər, həm ağladar
Füzuli dərgahında ol “şəbi-hicrana” muğam.
Şair kövrək, niskilli və sevinc dolu misraları ilə oxucunun diqqətini cəmləməyi bacarıb. Leytmotivi yurda bağlılıq, torpağa sevgi, valideynə hörmət, sülh və məhəbbət üzərində qurulan poetik duyğular təşbeh, metafora və epitetlərlə rənglənib. Elə bu rəngarənglik də sözün sanbalını, dəyərini artırır.
Misraların lokomativi bəndin ruhunda gizlənən sətiraltı mənalardadı. Və müəllifin böyüklüyü ondadır ki, ilham aldığı, örnək seçdiyi xiridarların söz çeşməsindən su içsə də, öz yolunu, öz cığırını bəlirləyə bilib. Və o çığır şairin alovlu ürəyinin hərarətini zamanın o biri üzünə daşımaq gücündədir.
Sarayımın üstü var
Bacası var, tüstü var
Alovlu ürəyimin
Hörülməmiş büstü var.
Bəzən bir bənd şeir bir hekayənin, yaxud da bir dastanın təməlinə çevrilir. Bəzən də bir bənd şeir bir romandan dəyərli olur. Sözün məna və məntiqi, kəskin və lakonikliyi, yaxud da hədəf istiqaməti bəlli olduqda fikrin cəmliyi təsdiqini tapır. Hikmət, fəzilət, kəramət eyni misrada bərqərar oldusa, sözün qüdrəti artır.
Keçirmə həyatı meysiz, məzəsiz
Şərab süz badəyə saqi gətirsin.
Orman görməmişəm yaşıl çəmənsiz
İnanma uca sərv bəhər yetirsin.
yaxud
Ruhu da şad olmaz nadanın, bədin
Gül çiçək gətirər, bəhər yetirməz.
Tanrısı da əyməz qamətin mərdin
Südü halal olan çörək itirməz.
Qeyd etdiyimiz kimi Əvəz İdrisoğlu heç zaman şairlik iddiasında olmayıb. Amma onun fitrətindən süzülən misraların fərqinə vardıqca, duyğu və düşüncələrin mahiyyətini anladıqca, fəlsəfi yükün çəkisini duymaq olur. Bəllidir ki, qızıl kuzəyə tökülən suyun qiyməti artmaz, amma halal zəhmətdən yoğrulan sözün dəyəri iki dodağın arasından bərq vurar. İdrisoğlu da halallığı və xeyirxahlığı ilə onu sevənlərin qəlbinə köçüb. Özü demişkən: “hörülməmiş büst” qurub yaddaşlarda.
Təmiz işlər görər batini təmiz
Murdarlıq götürməz nə su, nə dəniz.
…Tədbir sona yetsə də, həzin musiqi qulaqları titrədirdi. Kimisi şəkil çəkdirir, kimisi də Əvəzli günlərin təbəssümündən pay verirdi kiməsə…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90