image-2000x150
image-12jpg-1682575062backend

Səttar Möhbalıyev: “Ana dili Ulu Öndər Heydər Əliyev üçün hər zaman müqəddəs olub”

image-728x90

“Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli mentalitetinin qorunması və inkişaf etdirilməsi təşkil edirdi. O, bu məsələləri strateji hesab edir və çalışırdı ki, xalqımıza məxsus bütün milli xüsusiyyətlər qorunub saxlansın. Heç kimə sirr deyil ki, bu, sovet hakimiyyəti illərində nə qədər həssas məqam idi. Amma xalqımızın böyük oğlu Heydər Əliyev heç nədən çəkinməyərək bu işləri qətiyyətlə bacarırdı. Təbii ki, bu da onun xalqına, doğma Vətəninə olan sonsuz sevgisindən irəli gəlirdi. Onun əsas diqqət yetirdiyi məsələlərdən biri xalqımızın dili idi. Ulu Öndər yaxşı bilirdi ki, xalqın dili onun həyatında nə qədər önəmlidir. Belə ki, xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində dilimizin rolu əvəzsiz olub. Eləcə də dünyanı fəth edən ədəbiyyatımızın yaranması və inkişafı da bilavasitə dilimizlə bağlıdır. Məlumdur ki, sovetlər dönəmində rus dili hakim idi, bütün rəsmi tədbirlərdə rus dilində danışılırdı və bu, bir ənənə halını almışdı. Sovet ittifaqına daxil olan respublika rəsmiləri içərsində bu stereotipi sındıran ilk şəxs Heydər Əliyev oldu. Belə ki, o, 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində böyük cəsarət göstərərək öz ana dilində – Azərbaycan dilində çıxış etdi. Onun bu qətiyyətli addımı bütün ölkəyə yayıldı, xalqda milli ruhu oyatdı. Ulu Öndər bununla xalqının kimliyini ortaya qoymuş oldu”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“1970-ci illərin ortalarından SSRİ rəhbərliyi ittifaqa daxil olan respublikaların milli dili məsələsinə ehtiyatla yanaşır, bunu sıxışdırıb aradan çıxarmağa çalışırdılar. Hətta elə bir şərait yaranmışdı ki, respublika rəhbərləri bu məsələyə toxunmağa belə qorxurdular. Məhz həmin dönəmdə Ulu Öndər cəsarətlə öz mövqeyini ortaya qoydu. Belə ki, 1977-ci il oktyabrın 7-də SSRİ-nin yeni Konstitusiyası qəbul edilir. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası Azərbaycan SSR-in yeni konstitusiya layihəsini hazırlayır və ümumxalq müzakirəsinə verir. Ümumxalq müzakirəsindən sonra – 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası qəbul edilir. Burada məhz Heydər Əliyevin bilavasitə təşəbbüsü və gərgin mübarizəsi nəticəsində Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa öz əksini tapır. Beləliklə, Konstitusiyanın 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” kimi qeyd edilir. Həmin vaxt bu, SSRİ rəhbərliyində etiraza səbəb olur. Bildirirdilər ki, digər respublikalarda belə bir şey yoxdur. Amma Heydər Əliyev Moskvanın qarşısında qətiyyətlə dayanır və Azərbaycan dilinə dövlət dili statusunu qazandırır. Bu addım Heydər Əliyevin xalqımız, dövlətimiz, Vətənimiz qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Bununla o, milli varlığımızı təmin etmiş oldu”, – Milli Məclisin deputatı bildirib.

AHİK sədri əlavə edib ki, Ulu Öndər həmin dövrlərdə dilimizin qorunması, zənginləşdirilməsi, bu sahə üzrə peşəkar mütəxəssislərin hazırlanması istiqamətində də mühüm işlər görürdü: “Dilçi alimlərə yüksək diqqət və qayğı ilə yanaşır, ana dilində kitabların sayının çoxaldılmasına çalışırdı. Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Ana dili Ulu Öndər üçün vacib məsələ olub. Onun təşəbbüsü ilə 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızın 21-ci maddəsində dövlət dili Azərbaycan dili kimi öz əksini tapdı. Eləcə də dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış fərman və sərəncamlar, 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət Dili Haqqında Qanunun qəbul edilməsi dövlətimizin dil siyasətinin müəyyənləşməsində və möhkəmləndirilməsində əhəmiyyətli rol oynayıb”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90