Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Toral Bayramov, “Şaxtyor”un maraq dairəsinə düşüb. Ulusal.az xəbər verir ki, bu barədə yerli “Sport Info” nəşri məlumat yayıb.
İyul ayında, Donetsk klubunun baş məşqçisi Arda Turan, Bayramovu komandasına cəlb etmək istədiyini bildirmişdi. Mənbənin məlumatına görə, türk mütəxəssis rəhbərliyə təqdim etdiyi hesabatda, Azərbaycanlı müdafiəçi ilə bağlı müsbət rəylərini ifadə edib. O, Bayramovu ilk dəfə “Əyyüpspor”da işləyərkən diqqətinə çəkdiyini və “Şaxtyor”da müdafiəçinin daha da inkişaf edərək özünü yaxşı tərəfdən göstərə biləcəyini vurğulayıb. Turan həmçinin qeyd edib ki, Bayramovun böyük potensialı var və 2-3 ildən sonra onu Avropaya böyük bir məbləğə sata bilərlər.
“Sport Info”nun verdiyi məlumata görə, Turan, son vaxtlar “Qarabağ”ın əsas heyətində az vaxt almış Bayramovun icarəyə götürülməsini və sonradan transferinin alınmasını dəstəkləyir. “Sport Info” saytı iddia edir ki, yaxın günlərdə Donetsk klubunun rəsmiləri Bakıya yola düşəcək.