“Neftçi” qısa bir müddətdən sonra yeni baş məşqçisinin adını açıqlayacaq. Söhbət Samir Abasovdan gedir. Artıq “Sumqayıt” klubu 46 yaşlı mütəxəssisin “ağ-qaralar”la anlaşdığını rəsmən elan edib.
Ulusal.az-ın əldə etdiyi məlumata görə, Bakı klubu Abasovu komandanın başına gətirmək üçün xərcə düşüb. “Neftçi” baş məşqçisi ilə müqaviləyə xitam vermək üçün “kimyaçılar”a 100 min manat təzminat ödəyib.
“Ağ-qaralar”da ikinci dönəmini yaşayacaq Abasov uzunmüddətli müqaviləyə imza atacaq. Sözləşmənin müddəti 2027-ci ilin yayına qədər olacaq. 2020/21-ci illər mövsümündə “Neftçi” ilə çempionluq sevinci yaşayan mütəxəsssisin aylıq məvacibi 20 min manat olacaq.
Qeyd edək ki, Samir Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayına kimi “Neftçi”də çalışıb. Bu müddətdə çempion olmaqla yanaşı, çempionatın gümüş medallarını da qazanıb.