16:00
Sentyabrın 1-də Bakı Məhkəmə Kompleksində keçirilən prosesdə təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.
O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabr ayında qondarma rejimin “ordusunda” tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin “müdafiə ordusu”nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində “Xilasetmə idarəsinin direktoru”, 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək “polis rəisi” olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.
Qondarma qurumun “müdafiə ordusu”nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə “ordunun” maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.
1992-ci ilin sentyabr ayında qondarma qurumun “müdafiə ordusu”nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
***
11:52
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.
Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur.
Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.