Məşhur “Fiqaronun toyu” əsərində Fiqaronun siyasətlə bağlı belə bir fikri var: “İstifadə edilən vasitələrin alçaqlığını məqsədin vacibliyi ilə əsaslandırmağa çalışmaq – budur siyasət”. Təəssüf ki, 18-ci əsrdə yazılan bu sözlər müasir dünya siyasətində də keçərlidir və bu, Kremlin davranışlarında özünü daha çılpaq şəkildə göstərməkdədir….
Tarixdə ayrıca götürülmüş bir dövlət başçısının şəxsi neqativ keyfiyyətlərinin bütöv bir xalqı, dövləti məhv etdiyinin, yaxud olduqca ağır vəziyyətə saldığının, acı məğlubiyyətə uğratdığının xeyli sayda nümunələri var. Ancaq bəşəriyyət hazırda elə bir mərhələyə çatıb ki, artıq bu cür bir dövlət lideri öz qeyri-adekvat qərarları və inadkarlığı ilə nəinki öz ölkəsini, bütövlükdə yer kürəsini məhv olmaq təhlükəsi ilə üz-üzə qoya bilər…
Vladimir Putin seçki adlandırılan növbəti sönük və mənasız siyasi şounu başa çatdıraraq, özünü qalib və prezident elan etdirdi. Lakin bu “qələbə” bir çox cəhətlərinə görə “pir qələbəsi”dir.
İndi Rusiyanın başında duran artıq 2000-ci ildəki cavan, rusiyalıların böyük əksəriyyətinin simpatiya ilə qarşıladığı, böyük ümidlər bəslədiyi, məntiqli, cəsarətli, xarizmatik biri kimi gördüyü Putin deyil.
İndiki Putin 25 illik hakimiyyəti dövründə vədlərinin böyük əksəriyyətini yerinə yetirməyən, rusiyalıları hələ də “baraklar”da yaşadan, ölkənin varidatını öz yaxın ətrafı arasında bölüşdürən, nəhayət, mücərrəd bəhanələrlə Ukraynada qardaş qırğınına səbəb olan və Rusiyanı “izqoy”a çevirən, tükəndirən, gözdən salan bir müharibə başladan qoca, “cığal”, tez-tez yalan danışan, deyingən bir qocadır.
İndiki Putin Boris Nadejdin kimi zəif rəqibdən belə çəkinən, Navalnının timsalında hətta öz rəqibinin meyitindən belə qorxan, onun anasını küçələrə salan, oğlunun meyiti ilə şantaj edən, özü bir yandan tez-tez xristian kilsəsində şam yandıran, digər yandan isə rəqibinin normal xristian qaydalarında dəfninə imkan verməmək üçün hər cür çirkinliklərə şərait yaradan bir “lider”dir.
Öz mahiyyəti etibarilə siyasi düha, yaxud hərbi sərkərdə yox, orta səviyyəli “çekist” olaraq qalan Putin Navalnı məsələsində bütün mənəvi “qırmızı cizgiləri” keçməklə müharibənin ailələrə, insanlara gətirdiyi faciələrə, itkilərə adekvat qiymət verə biləcək, buna acıyacaq mənəvi keyfiyyətlərə malik olmadığını bir daha göstərdi. Bunu hətta Rusiya televiziyasının, simonyanların, solovyovların və Kremlin digər simasız təbliğatçılarının manqurtlaşdırdığı Rusiya toplumu da anlamağa başlayır.
Rusiya artıq uzun illərdir ki, Putinin idarəçiliyi altında yaratdıqlarından qat-qat daha çox dağıtdıqalrı ilə “fəxr edə” bilir. Çünki yaratdığı gözlə görünən ciddi heç bir şey yoxdur, olsa-olsa hansısa nüvə başlıqlı raket, yaxud başqa bir silah növüdür. Lakin bunun özü də “dünyanın ikinci ordusu” kimi şişirdilmiş formada təqdim edilir, üstü açılanda isə “sabun köpüyü” olduğu məlum olur.
Əvəzində, bu günə qədər təbii sərvətlərlə zəngin, az qala bütün dünyaya neft, qaz satmış Rusiyanın Altay vilayətində əhalinin 55 faizi, Buryatiyada 60 faizi, Tuvada isə 88 faizi qaz yox, odunla qızınır. Bu gün Rusiyada əhalinin 29 faizi kanalizasiya sistemi olmayan evlərdə yaşayır və bunların hamısı rəsmi statistikadır!
Putin Rusiyanın dağıtdıqları saysız hesabsızdır – şəhərlər, kəndlər, insan taleləri, qonşularının və özünün rahatlığı, əminamanlığı, iqtisadiyyatı, öz xalqının belə gələcəyə olan ümidləri və sair. Əldə etdiyi “nailiyyət” isə Putinin öz hakimiyyətini saxlaması üçün tək öz dövlətinin, xalqının deyil, bütün dünyanın, xüsusilə də qonşularının həyatını zəhərə döndərməsidir…
Hələ 2018-ci ildə də Putin rusiyalılar qarşısında böyük proqram xarakterli çıxış etmişdi. Lakin orada səsləndirilən planların, vədlərin heç biri reallaşdırılmadı. Bunun əvəzində Ukraynada qanlı, amansız müharibə başladı. İndi isə deyir ki, “Rusiyanın gələcək elitası Ukryanadakı müharibədə döyüşənlərdən ibarət olacaq”. Yəni ki, işğalçılardan, təcavüzkarlardan… Putin Rusiya xalqına belə bir gələcək, belə bir “elita” vəd edir.
Görünən həm də odur ki, Ukrayna müharibəsinin əvvəlində elan olunan hədəflər, məqsədlər artıq yoxdur, Kreml də, rusiyalılar da bu hədəfləri çoxdan “itirib”, rus əsgərinin özü də nə üçün döyüşdüyünü bilmir…
Keşmiş hər zaman gələcyə, köhnə isə yeniyə məğlub olub. Çünki dünya, həyat, kainat belə qurulub. Hazırkı Rusiya ilə bir yerdə olmaq isə keçmişlə – İran, Şimali Koreya, Venesuela ilə bir yerdə olmaq, yəni, keçmişə dönmək deməkdir. Paradoksal olan həm də odur ki, “Rusiya”, “Putin” deyib bağıran bəzi azərbaycanlıların(sevindiricidir ki, belələrinin sayı çox deyil) əksəriyyəti rus maşını yox, alman, yapon maşını sürür, Rusiya istehsalı olan məişət əşyalarından istifadə etmir, Rusiya trikotajını geyinmir, övladlarını Rusiya yox, Avropa, Amerika məktəblərində oxutdurmağa, oralarda yaşamasına nail olmağa çalışır və sair…
Çox vaxt xəstə insanlar sağlam insanlara nifrət edirlər, hətta onları yoluxdurmağa belə çalışırlar. Putin Rusiyasının qonşularına münasibətdə hazırkı davranışları da buna bənzəyir…
Bütün dövlət təbliğat maşınını öz xeyrinə işlədən, simonyan, solovyov kimi həşəratlar vasitəsilə Azərbaycan da daxil omaqla, qonşu ölkələri şantaj edən, 140 milyonluq xalqı bütün dünyada “izqoy” halına gətirən, öz gənc nəslini Ukrayna torpaqlarında sahibsiz leş kimi çölə atan, mənasız savaşda qırğına verən, nəhayət bütün çıxışları, istinadları Rusiyanın təhrif etdiyi tarixinə köklənən, gələcəklə bağlı isə öz xalqına belə heç bir real vəd verə bilməyən, ümumiyyətlə, gələcəyə yox, keçmişə “işləyən” bir zehniyyət, Azərbaycana yaxşı nə vəd edə bilər?
Bütün məlum və başa düşülən problemlərə rəğmən, on illər boyu formalaşmış demokratik, müasir, sivil siyasi münasibətlərə və dəyərlərə söykənən, milli, dini, əxlaqi baxımdan bizə ən doğma, yaxın olan Türkiyə kimi nümunə varkən, bizi Rusiyanın, İranın və bu qəbildən olanların “quyruğuna calamaq” istəyənlərin niyyətləri ürəklərində qalmalıdır, qalacaq da! Azərbaycanın gələcək yeri bunların yanında olmayacaq, olmamalıdır!“AzPolitika.info”