Son günlərdə Kreml bir daha çirkin siyasətə start verib. Rusiya Cənubi Qafqazda öz təsirini artırmaq məqsədilə yeni bir layihə həyata keçirir: “Rus dili”ni qorumaq adı altında başlayan bu təşəbbüs, Kremlin regiondakı təsirini gücləndirmək üçün bir vasitə kimi istifadə olunur. Xüsusilə, 2025-ci ilin noyabrında Rusiya Federasiyasından tələbə könüllülər “Rusiya üçün!” humanitar layihəsi çərçivəsində Ermənistana gələcəklər.
Rus evi və Rossotrudniçestvo (Xaricdə Yaşayan MDB Ölkələrinin Həmvətənləri və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi) tərəfindən təşkil edilən bu proqram, Rusiya Hökuməti yanında Maliyyə Universiteti ilə birgə həyata keçirilir. Layihənin əsas məqsədi erməni məktəblilərinə müasir rus dilini öyrətmək və bu dili daha cazibədar hala gətirməkdir. Proqramın bir hissəsi, Rusiyanın təsir dairəsini genişləndirmək və bu vasitə ilə erməni gəncləri arasında Rusiyaya olan bağlılığı artırmaqdır.
Politoloq Arzuman Muradlı bu cür layihələri Kremlin yeni çirkin oyunları kimi qiymətləndirir.
Onun fikrincə, “Rus evi” və buna bənzər təşəbbüslər Azərbaycanın milli maraqlarına ziddir və bu cür təbliğat kampaniyalarının ölkələrarası münasibətlərə müsbət təsiri yoxdur.
O, qeyd edir ki, “Rus evi” layihəsi yalnız Rusiyanın öz təsir dairəsini genişləndirmək məqsədini güdür və bu, heç də regiondakı ölkələr üçün faydalı olmaz.
” Rusiya üçün Ermənistan hər zaman əlində olan forpost olub və Kremlin yaratdığı bu respublikanın əlindən çıxması onu narahat edir. Kremlin hələ də əraziyə və təsirə sahib olmaq məqsədilə köhnə metodlarla təzyiq göstərır. Rusiya imperiya zehniyyəti ilə hərəkət etməyə davam edir. Bu cür yanaşma isə onun regionda nüfuzunu itirməsinə səbəb oldu.” – deyə Arzuman Muradlı bildirib.
Arzuman Muradlı qeyd edib ki, Rusiyanın bu təzyiq metodları uğursuzdur və Moskva siyasətində köklü dəyişikliklər etməlidir.
“Əgər Rusiya, Çin kimi qonşuları ilə daha səmimi və mütəşəkkil əlaqələr qursa, bölgədə daha təsirli ola bilər. Amma Kreml hələ də keçmişin imperiya ideyaları ilə hərəkət edir” – deyə o əlavə edib.
“Ümumiyyətlə, Kremlin həyata keçirdiyi bu cür təşəbbüslər, yalnız rus dilinin təbliğinə yönəlmir, eyni zamanda Cənubi Qafqaz və MDB ölkələrindəki geopolitik vəziyyəti daha da mürəkkəbləşdirmək məqsədi daşıyır. Bu cür təşəbbüslərin uzunmüddətli nəticələri, həm regional, həm də qlobal miqyasda böyük əhəmiyyət kəsb edir.”– deyə Arzuman Muradlı bildirib.























