image-rt-reklam
image-2backend

Ölkə iqtisadiyyatının inkişafı ilbəil artır

image-728x90

Yanvarın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına artıq ənənə olan müsahibəsində ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.

Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev    Azərbaycanın son illərdəki uğurlarını hərtərəfli təhlil edib, iqtisadi məsələlərə xüsusi yer ayırıb.

Qeyd edilib ki, keçən il ölkəmiz üçün iqtisadi inkişaf baxımından yenə də uğurlu il olub. Azərbaycanın iqtisadiyyatı müsbət inkişaf edir. Ötən il ümumi daxili məhsul 4 faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Məlumdur ki, son vaxtlar neft hasilatında tənəzzül mövcuddur, lakin aparılan danışıqlar, göstərilən səylər nəticəsində artıq bu tənəzzülə son qoyulacaq və neft hasilatı sabit qalacaq. Beləliklə, neft hasilatının azalması bundan sonra ümumi daxili məhsula mənfi təsir göstərməyəcək.

Ümumi iqtisadi göstəricilərə nəzər saldıqda, görərik ki, qeyri-neft sektorunda inkişaf daha uğurludur, 6 faizdən çox artıb. Artıq uzun illər bizim iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım 7 faizdən çoxdur. Bu nəticəni uğurlu saymaq olar. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.

Ötən il ölkənin valyuta ettiyatları 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir.

İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Azərbaycan burada da dünyada liderlər sırasındadır. Çünki ölkənin xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir.

Azərbaycanın valyuta ehtiyatları ölkənin xarici borcunu 14 dəfə üstələyir. Bu gün inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni, bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur.

Ölkənin xarici borcu bu gün 5.2 milyard dollara bərabərdir və illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Ölkə başçısı tərəfindən də müvafiq göstərişlər verilib.

Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Yəni, Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb. Bütün bu amilləri sadalayaraq bir daha göstərmək istəyirəm ki, biz yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət nəticəsində bu nəticələrə çatmışıq. Preident İlham Əliyevin dediyi kimi: “Mən dəfələrlə bildirmişdim və artıq hesab edirəm ki, bunu hər kəs görür, hər bir ölkənin siyasi müstəqilliyi onun iqtisadi müstəqilliyindən asılıdır. Yəni, iqtisadi cəhətdən, maliyyə məsələləri cəhətindən əgər heç kimdən asılı deyilsənsə, sən müstəqil siyasət apara bilərsən. Ona görə bütövlükdə, əlbəttə ki, bir çox digər parametrlər var. Amma əsas iqtisadi göstəricilər bundan ibarətdir. Təbii ki, bu, bizə imkan verir ki, sosial proqramları daha fəal icra edək”.

Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artaraq 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Cənab Prezidentin qeyd eydiyi kimi: “Hər şey cəmiyyətdə də, siyasətdə də, ailədə də ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub. İmkan yarandıqca, biz ilk növbədə, bu sahəni də, necə deyərlər, diqqətdə saxlamışıq. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə – minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90