image-2000x150
image-db09e2717964578dc4f4c064e9b5c4c5backend

Nəqliyyat Agentliyi Bakı meriyasından alındı: korrupsiya şübhəsi…

image-728x90

Son illərdə BNA-nın keçirdiyi tenderlərlə bağlı mənimsəmə ittihamları var; müqavilə imzalanmış “Smartech System” MMC-nin Vüsal Kərimli ilə nə bağlılığı?
Azərbaycan paytaxtında avtomobil nəqliyyatı sahəsində idarəetmə yenidən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Bununla bağlı Prezident İlham Əliyev aprelin 19-da imzaladığı “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Sənəddə qeyd olunur ki, bu qərar Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin, o cümlədən göstərilən xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə alınıb. Fərmanla Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Nazirliyin tabeliyindəki Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak agentliyin balansına verilir.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi Prezidentin 2015-ci ilin dekabrında imzaladığı fərmanla Nazirlər Kabinetinin yanında yaradılıb. Prezidentin 2016-cı ilin 24 noyabrında imzaladığı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanla agentlik müstəqil publik hüquqi şəxsə çevrilib.

2022-ci ilin fevralında Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” yeni fərman imzalayıb. Fərmanla Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Bundan əlavə, Agentliyin tərkibində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC ondan alınaraq Daxili İşlər Nazirliyinin tərkibinə daxil edilib.

Agentliyin saytında yerləşdirilən məlumatda qeyd olunur ki, onun fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir: “Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Agentliyin fəaliyyət istiqamətləri olaraq sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirmək; yol hərəkətinin təşkilində iştirak etmək; nəqliyyat axınının mərkəzləşdirilmiş qaydada idarə olunmasında iştirak etmək və aidiyyəti qurumlarla birlikdə nəqliyyat axınının tənzimlənməsini təmin etmək; nəqliyyatı intellektual idarəetmə sistemini tətbiq etmək və sərnişindaşıma sahəsinin inkişafını təmin etmək göstərilir.

BNA “sevimli” şirkətini yenə qalib elan etdi

Onu da bildirək ki, BNA-nın fəaliyyəti ilə bağlı cəmiyyətdə oturuşmuş narazılıq mövcuddur. Xüsusilə agentliyə məxsus daşıyıcı şirkət olan “BakıBus” MMC ilə bağlı çoxsaylı narazılıqlar diqqəti cəlb edir. Belə ki, BNA-nın “BakıBus” üçün müasir tipli avtobusların alması üçün dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı ciddi şübhələr var. Hesablama Palatasının 2021-ci ilə dair hesabatında dövlət büdcəsinin investisiya xərcləri hesabına BNA tərəfindən ümumilikdə 165 milyon 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması əməliyyatlarının başa çatması və həmin avtobuslardan ilkin dəyəri 159 milyon 211,1 min manat olan 394 ədədin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq “BakuBus” MMC-nin istifadəsinə verilməsi üçün tələblərin tam həyata keçirilmədiyi bildirilib.

Hesablama Palatası Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci il üzrə təsərrüfat fəaliyyətini audit edib. Agentlik bildirib ki, 2021-ci ilin fevral ayında başlayan audit yoxlaması zamanı ortaya çıxan məqamlar Palatanın tövsiyələri nəzərə alınmaqla həll edilib: “Yoxlama başlayana qədər dövlət büdcəsinin investisiya xərcləri hesabına alınması planlaşdırılan 415 avtobusdan 395-i Bakıya idxal olunub. 20 avtobusun idxalı isə 2021-ci ildə təmin edilib. Avtobusların paytaxta çatdırılması müqavilədə əksini tapan və istehsal prosesi nəzərə alınmaqla hazırlanan cədvələ uyğun olaraq icra edilib. Pandemiya, eləcə də digər mövcud reallıqdan irəli gələn təsirlərə baxmayaraq, avtobusların çatdırılması ləngimədən həyata keçirilib. 415 avtobusun idxalı tam yekunlaşdıqdan sonra nizamnamə kapitalının artırılması üçün müraciət olunub”.

Son illərdə BNA-nın keçirdiyi tenderlərlə bağlı bəzi məlumatlar diqqəti cəlb edir. Belə ki, agentlik 2 şirkətlə böyük həcmli müqavilələr imzalaması ilə gündəmə gəlib. Bunlardan biri bu ilin martında texniki dəstək xidməti ilə bağlı tenderin qalibi elan olunan “Smartech System” MMC-dir. Bu il Agentlik MMC-dən 2 milyon 166 min 480 manatlıq texniki dəstək alacaq. Müqaviləyə əsasən, “İctimai Nəqliyyatın İntellektual İdarəedilməsi” sistemi üçün “Sərnişindaşımaları həyata keçirən avtobuslarda quraşdırılmış İKT avadanlıqlarının, köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” nəzərdə tutulur. “Smartech System” MMC eyniadlı tender üzrə 2021-ci ildə daha böyük – 3 milyon 249 min 720 manatlıq sifariş alıb.

BNA-nın iri məbləğli tenderlərinin daha bir qalibi “Techmaster” MMC-dir. 2020-2022-ci illərdə BNA ilə şirkət arasında bağlanmış satınalmış müqavilələrinin toplam maliyyə dəyəri 14 milyon 348 min 469.34 manat təşkil edir. 2020-ci ildə BNA ilə şirkət arasında 3 satınalma müqaviləsi imzalanıb. 2021-ci ildə isə BNA ilə şirkət arasında maliyyə dəyəri 2 790 596.16 manat təşkil edən satınalma müqaviləsi imzalanıb. Bu müqavilələrin diqqəti cəlb etməsinin əsas səbəbi isə “Techmaster” MMC-nin BNA ilə eyni ildə yaradılması, onun simvolik nizamnamə kapitalına malik olmasıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Techmaster” MMC 31 mart 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, E. Məhərrəmli (Südçülük sovxozu), ev 2-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Sərdar Əbülfət oğludur.

“Techmaster” MMC-yə gəlincə, şirkətin əsas fəaliyyət sahəsi müxtəlif növ yerüstü və yeraltı kabel kommunikasiya işlərinin həyata keçirilməsi, elektron mühəndis avadanlıqlarının təchizatı və mütəmadi texniki qulluğundan ibarətdir. Lakin 10 manatlıq nizamnamə kapitalına malik olan şirkətlərin bu işləri hansı imkanlar hesabına icra etdiyi sual doğurur…

Qeyd edək ki, Prezidentin aprelin 19-da imzaladığı sərəncamla həmçinin Azərbaycanda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılıb. Sərəncamda şuranın yaradılmasında məqsədin nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsi olduğu qeyd edilir. Rəqəmsal inkişaf və nəqliyyat naziri şuranın sədri, Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri, daxili işlər nazirinin, ekologiya və təbii sərvətlər nazirinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavinləri, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri isə üzvləri təyin olunub.

Bakının nəqliyyat sistemindəki ciddi problemlər uzun müddətdir paytaxt əhalisini narahat edir. Xüsusilə ictimai nəqliyyatda xidmət keyfiyyətinin aşağı olması, şəhər küçələrində günün az qala bütün saatlarında tıxacların yaranması vətəndaşların böyük narazılığına səbəb olmaqdadır. Hökumətin tıxac problemini aradan qaldırmaq üçün atdığı addımlar hələ ki, ciddi bir nəticə verməyib. Bir müddət öncə istehsal yaşı 10 ildən artıq olan avtomobillərin Azərbaycana idxalına qadağa qoyulması ölkədə, əsasən də Bakıda avtomobil sayını azaltmağa yönəlmiş addım kimi dəyərləndirilir. Lakin bu tədbirin real təsirinin uzunmüddətli dövrdə hiss olunacağı gözlənilir.

Prezidentin aprelin 19-da imzaladığı fərman və sərəncamından sonra vəziyyətin necə dəyişəcəyi bir müddət sonra bəlli olacaq. Lakin bu dəyişikliyin paytaxtın nəqliyyat sistemindəki köklü problemlərin, xüsusilə də tıxac probleminin tam aradan qaldırılmasına gətirəcəyi real görünmür. Çünki Bakıda nəqliyyatın sıxlığının əsas səbəbləri paytaxtdan kənardadır – regionlarda normal iş imkanlarının olmaması yüz minlərlə insanın bu imkanı əldə etmək üçün paytaxta üz tutmasına gətirib çıxarıb. Paytaxtda isə bu insanların xeyli hissəsi taksi şirkətlərində qeydiyyatdan keçərək, bir çox hallarda isə keçməyərək bu xidməti göstərməklə qazanc əldə edir. Buna görə də əksər ekspertlər Bakıdakı tıxac probleminin həllinin regionların sosial-iqtisadi inkişafına bağlı olduğunu bildirirlər…“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90