Məşhur qazax tarixçi Radik Temirqaliyev yerli medianın YouTube kanalına müsahibəsində Qazaxıstan ərazisinin bütövlüyünün qorunmasında Dinmuhamed Konayevin rolundan danışıb. (Sovet dövründə qazax liderin soyadı Kunayev kimi gedib).
Radik Temirqaliyev qeyd edib ki, Konayev sovet dövründə Qazaxıstana uzun müddət rəhbərlik edən yeganə birinci katib olub və bu müddət ərzində Moskva qarşısında Qazaxıstan üçün xüsusi status və mövqe qazanıb.
“Onun elə bir imtiyazı var idi ki, mərkəzdən çox şeyə müdaxilə etməməyə çalışırdılar. Hətta alman muxtariyyətinin yaradılması ilə bağlı “Selinoqrad hadisələri” baş verəndə də o vaxt Qazaxıstan hakimiyyəti buna imkan vermədi, bu qərarı gizli şəkildə sabotaj etdi. Aleksandr Bobinin xatirələrində oxudum ki, Brejnev deyib: “Gəlin bu məsələyə toxunmayaq, Dimaş Əhmədoviçi incitməyək, görünür, o, bunun əleyhinədir”. Bunları bilmək və yadda saxlamaq lazımdır”, – deyə tarixçi Konayevin rolunu qeyd edib.
Tarixçi deyib ki, Brejnev özü uzun müddət Qazaxıstanda işlədiyi üçün məhz bu dövrdə Qazaxıstan mərkəzin qarşısında xüsusi mövqe tutub.
“Çıxışlarına da baxdım, o, Orta Asiyaya gələndə, “mənim Qazaxıstanım” deyir. Hətta Özbəkistanda çıxış edərkən də “doğma Qazaxıstanım” deyib. Bu isə qazax rəhbərlərə çox böyük iltifat idi. Brejnev Qazaxıstanla xüsusi əlaqəsini həmişə vurğulamaq istəyib”, – tarixçi izah edir.
Ancaq Radik Temirqalievin fikrincə, Sovet İttifaqının mövcud olduğu dövrü götürəndə SSRİ-nin bütün respublikaları boy sırası ilə düzülərkən Qazaxıstan və Orta Asiya respublikaları həmişə ön yerlərdəm uzaq olublar.
Onu da qeyd edək ki, Dinmuhamed Konayevin 1986-cı ildə vəzifəsindən götürülməsi, yerinə heç vaxt Qazaxıstanda işləməyən, qazax dilini və mədəniyyətini bilməyən Gennadi Kolbinin təyin edilməsi Almatıda qanlı qırğınla nəticələnən iğtişaşlara səbəb olub.
Konayevin öz yerinə hazırladığı gənc Nursultan Nazarbayevin Moskva tərəfindən bu vəzifəyə təyin edilməməsi Qazaxıstan rəhbərliyində də narazılıq doğurub. Yalnız 3 ildən sonra Kreml öz səhvini düzəldərək Qazaxıstana qazax mənşəli kadrı – Nazarbayevi təyin edib.
Hazırda Astananın mərkəzi prospektlərindən biri Konayevin adını daşıyır.
P.S. “Selinoqrad hadisələri” (qazaxca “Selinoqrad narazılığı”) 1979-cu ilin iyununda baş verib. Kreml Şimali Qazaxıstan ərazisində alman muxtariyyatı yaratmaq istəyib, Qazaxıstan rəhbərliyi və Selinoqrad, Kokçetav, Karaqanda sakinləri bu ideyaya qarşı çıxıblar.
Araz Altaylı, Musavat.com