“Kayrat”ın baş məşqçisi Rafael Urazbaxtin Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqədən sonra maraqlı açıqlama verib.
Ulusal.az xəbər verir ki, o, futbolçularını necə motivasiya etməsi ilə bağlı sirri açıb:
“Bizim qarşımıza məqsəd qoyulmuşdu: çempionatda qalib gəlmək, kuboku qazanmaq və Çempionlar Liqasının qrup mərhələsinə düşmək. Biz hədəfə çatdıq. Açığı, qrup mərhələsini gözləmirdik. Ən pis halda Konfrans Liqasında oynamağı düşünürdük. Amma indi uşaqlara deyirəm: “Bəli, biz özümüzə iş açdıq”. İndi hansı hədəflər olacaq, bilmirəm. Mən proqnoz verməyi xoşlamıram, addım-addım, sakitcə irəliləməyi sevirəm. Orada olduğumuza hələ də inana bilmirik.
Mən heç xəyal da etmirdim. Amma bir hekayə danışım. Oyunöncəsi məşqçi söhbətində uşaqlara bizi qrupda gözləyən komandaları göstərdik. Orada yalnız nəhənglər idi. Onları çap edib paltardəyişmə otağına asdıq. İstədim ki, futbolçular görsün və motivasiya alsınlar. Əlbəttə, mümkün qədər tanınmış klublarla qarşılaşmaq istəyirik, çünki belə fürsət, ola bilsin, həyatda yalnız bir dəfə qismət olur”.