Bu cür bəyanatlar adətən səbəbsiz olmur. Əvvəlki yüksəlişlərin təcrübəsinə alışmış vətəndaşlar bu cür müqayisələrə öyrəşiblər. Bir qayda olaraq, belə bəyanatların ardınca tariflərin artımı baş verir, lakin bu vəziyyətdə ardıcıllıq o qədər də vacib deyil, çünki əsas sual qiymətlərin nə vaxt və nə qədər artacağıdır.
Yerli ekspert dairələrinin fikrincə, yanacaq bazarında bir qədər sakitlikdən sonra, yeni ilin əvvəlində yanacağın qiyməti qalxa bilər.
İqtisadçı ekspert Rauf Qarayev şərhində deyib ki, cari ilin sonuna doğru qiymətlərdə cüzi artım baş verə bilər və belə gözləntilər yayda aksizlərin artırılması ilə bağlıdır: “Xatırlayırsınızsa, Nazirlər Kabinetinin 23 avqust 2022-ci il tarixli qərarı ilə ölkədə Aİ-92 benzin və dizel yanacağının aksiz dərəcəsi artırılmışdı. Benzinə aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağına isə 18 faizdən 18,3 faizə qaldırılıb”.
Qərarın özü sentyabrın 1-dən qüvvəyə minib. Eyni zamanda qeyd olunub ki, avtomobil benzini və dizel yanacağına aksiz dərəcəsinin artırılması ilə əlaqədar Tarif Şurasının 26 iyul 2022-ci il tarixli qərarına yenidən baxılması zərurəti yaranıb.
“Bu, o deməkdir ki, ilin sonuna kimi Aİ-92 markalı benzinin və dizel yanacağının qiyməti artacaq. Aksizin faiz artımı göstərir ki, bahalaşma cüzi olacaq ki, əhali bunu hiss etməsin”, – deyə Qarayev bildirib.
Həmsöhbət xatırladıb ki, avtomobil yanacağının qiyməti sonuncu dəfə bu ilin iyulunda qalxıb: “Xaricdən gətirilən Aİ-95 markalı avtomobil 40 qəpik bahalaşaraq 2 manata satılıb. Əvvəllər litri 1,6 manata satılan benzinin qiymətinin bahalaşmasının səbəbini o zaman dünya bazarlarında qiymət artımı ilə əlaqələndirirdilər”.
Premium brendlərdən Aİ-95 və Aİ-98-dən fərqli olaraq, dizel və xalq benzini Aİ-92 qiymətləri bizim Tarif Şurası tərəfindən tənzimlənir və 4 yanvar 2021-ci ildə yenidən baxılıb. Həmin vaxt Aİ-92-nin bir litrinin qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağının bir litri isə 60 qəpikdən 80 qəpiyə qalxmışdı.
Avtomobil yanacağının artım tendensiyası bu ilin sonunda və xaricdə də müşahidə edilib. Rusiyada yanacağın bahalaşması proqnozlaşdırılır.
“İnflyasiya yüksək olarsa, benzinin qiymət göstəricilərində artım tendensiyası gözləmək olar. Mərkəzi Bankın proqnozlarına görə, gələn il bizdə 5-7%-ə qədər inflyasiya olacaq. Müvafiq olaraq, benzinin qiyməti də bu dalğalanmalar içərisində olacaq”, – deyə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets qeyd edib.
Oxşar tendensiya Qazaxıstanda və digər qonşu ölkələrdə də müşahidə olunur. Ayna.az