İctimai nəqliyyatda gedişhaqqının artması barədə qərar vətəndaşlar arasında, eləcə də cəmiyyətdə ciddi məyusluq və kəskin narahatlıq doğurub. Xüsusilə ictimai nəqliyyatın müntəzəm istifadəçisi olan əhalinin azgəlirli, yoxsul, həssas təbəqələri, pensiyaçılar, tələbələr, məktəblilər arasında bu xəbər şok effekti yaradıb. Xəbər verildiyi kimi, fevralın 3-dən şəhərdaxili avtobusla sərnişindaşıma 40 qəpik, şəhərətrafı avtobusla sərnişindaşıma 40 qəpik – 1 manat (məsafəsinə görə dəyişir), Bakı-Sumqayıt avtobusla sərnişindaşıma 60 qəpik, metro ilə sərnişindaşıma isə 40 qəpik müəyyənləşdirilib.
Minimum əməkhaqqı məbləğinə münasibətdə birdən-birə bu miqyasda artımı (10 qəpik və ya 33 %) ictimaiyyətin normal qarşılaması mümkün deyil. Qeyd edək ki, ilin əvvəlində minimum əmək haqqı 45 manat artırıldı, ancaq ən son verilən qərarla məlum olur ki, az gəlirli vətəndaşların gün ərzində minimum dörd dəfə ictimai nəqliyyatdan istifadə etməsi onlara ayın sonunda 48 manata başa gələcək. Məlum olur ki, ilin əvvəlində maaşlara, pensiyalara olunan 10-15 faizlik artımları da ictimai nəqliyyat xərcləri yeyib-bitirəcək. Nəzərə alanda ki, vətəndaşlarımız gündəlik 4 yox, ictimai nəqliyyatdan daha çox istifadə edir, bu rəqəmlərin əhalimizin ümumi gəlirlərinə nə qədər mənfi təsir elədiyini təsəvvür etmək çətin olmur.
Tarif Şurası qiymətləri daşıyıcı şirkətlərin müraciəti əsasında “dəyişdiyini” bildirsə də, biz hesab edirik ki, 10 qəpiklik artım bu sahədə xidmət göstərən nəqliyyat şirkətlərinin nə köklü problemlərini həll edəcək, nə də onlara əlavə qazanc gətirəcək. Ən önəmlisi, 10 qəpik artımla ictimai nəqliyyatda keyfiyyətli xidmət problemi çözülməyəcək və vətəndaşımızı hiddətləndirən də məhz budur.
Hər kəsə bəllidir ki, durmadan artan şəhər əhalisinə xidmət göstərməli olan orta və iri həcmli avtobusların sayı azlıq təşkil edir, yaxud istismar müddəti çoxdan keçmiş daşıma vasitələrinin xəttə buraxılması çox vaxt onların hərəkət müntəzəmliyini, intervalları pozur, avtobuslara minmək mümkünsüz olur, onların sürəti tıxaclarda məhdudlaşır, vətəndaşlar nə işə vaxtında yetişə bilir, nə də evə. Avtobus sayının az olması, onların sərnişinlə icazə veriləndən artıq dolmasına gətirib çıxarır ki, bu da ciddi basabas hallarına səbəb olur, nəticədə pandemik xəstəliklərin yayğın olduğu indiki vaxtda vətəndaşlar nəfəs ala bilmir, təhlükəsiz hərəkət üçün isə böyük risklər yaranır. Bütün bunlar istədiyimiz müasir, keyfiyyətli və təhlükəsiz şəhəriçi sərnişindaşımaların olmadığı qənaətini möhkəmlədən səbəblərdən bir neçəsidir.
Vətəndaşlarımız isə ödədiyi pulun müqabilində keyfiyyətli xidmət tələb etməkdə haqlıdır.
AY Partiya olaraq hesab edirik ki, ciddi problemlərin qaldığı keyfiyyətsiz şəhəriçi nəqliyyat daşımaları fonunda əhalinin etirazları tamamilə yerindədir. Ona görə ki, qiymət artımından qabaq şəhərdaxili sərnişindaşımanın müntəzəm, keyfiyyətli və təhlükəsiz təşkil olunması prosesində həllini tapmayan bir çox nöqsanlar aradan qaldırılmalı, problemlər minimallaşdırılmalı, qiymət bahalaşması ciddi formada əsaslandırılmalı idi.
Ümumiyyətlə, Tarif Şurasının əhalinin böyük bir hissəsinin fasiləsiz istifadə elədiyi məhsullar və xidmətlər, o cümlədən ictimai nəqliyyata dair qiymət artımlarını, ictimai müzakirələrdən, həmçinin parlament müzakirələrindən keçmədən, az qalsın, özbaşına təyin etməsi qaydası ilə razılaşmırıq. Tarif dəyişikliklərindən qabaq mütləq ictimai dinləmələr keçirilməli, dəyişikliklərin səbəbləri inandırıcı olmaq şərtilə əsaslandırılmalı, xalqın və cəmiyyətin bu planda rəyi nəzərə alınmalıdır. Çünki partiya olaraq hesab edirik ki, vətəndaşların şəhəriçi kütləvi hərəkətini təmin edən, əhalinin nəqliyyat ehtiyacını ödəyən ictimai nəqliyyat kimi publik bir sahəyə dövlətin bir biznes sahəsi kimi yanaşması doğru deyil.
İctimai nəqliyyatda daşıma tariflərinin artırılacağı barədə hələ ötən ildən müəyyən söz-söhbətlər gəzsə də, düşünürdük ki, artan inflyasiya və kəskin bahalaşma fonunda hökumət bu addımı atmağa tələsməz. Ancaq təəssüf ki, ölkədə ümumi idarəetmə sistemi, xüsusilə də böyük şəhərlərin idarə edilməsi işində kifayət qədər başdansovdu, insan faktorunun nəzərə alınmadığı, müasir dövrlə heç cür ayaqlaşmayan bir sistem yanaşması mövcuddur və belə bir şəraitdə hökumətin ən asan yola əl atması, sadəcə, xidmət göstərən özəl şirkətlərin kommersiya maraqlarını güdərək daşıma tariflərini qaldırmaqla işini bitmiş hesab etməsi təəssüf doğurur.
Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, əhalinin aşağı gəlirli həssas təbəqələri, xüsusilə də tələbələrin belə daha da acınacaqlı hala salmaq həm sosial hüquqi dövlət, həm də vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmət anlayışından çox uzaqdır.
Vətəndaşlara sərnişindaşıma xidməti göstərən özəl nəqliyyat şirkətlərinin kommersiya baxımından ayaqda qalmasının vacib olduğunu da yaxşı başa düşürük, lakin bu, ağır sosial-iqtisadi böhran fonunda vətəndaşların büdcəsi hesabına olmamalıdır. Hökumətin müvafiq qurumları və təşkilatları bu işə daha fundamental yanaşmaqla, həm xidmət göstərən özəl nəqliyyat şirkətlərini qorumalı, həm də əhaliyə müntəzəm, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin öhdəsindən gəlməlidir.
Dünyanın əksər mütərəqqi ölkələrində vətəndaşlara göstərilən şəhəriçi nəqliyyat xidmətinin hər hansı özəl nəqliyyat şirkətlərinin kommersiya-biznes meydançasına çevrilməsinə imkan verilmir. Çünki kütləvi istifadəsi olan sərnişindaşıma xidməti hər bir ölkədə humanitar hibrid mexanizm hesab olunduğundan hökumətlər bu məsələyə diqqətli və həssas yanaşmağa borcludur.
Azərbaycan Yüksəliş Partiyası dünyada və ölkəmizdə müşahidə olunan sosial-iqtisadi böhranı nəzərə almaqla, hökumətə və şəhəriçi sərnişindaşıma xidmətini tənzimləyən müvafiq qurumlara təcili surətdə aşağıdakı tədbirləri həyata keçirməyi tövsiyə edir:
1. Şəhəriçi sərnişindaşıma xidmətinin təşkili tamamilə özəl sektorun kommersiya-biznes maraqları üzərindən həyata keçirilməsin. İşin sosial-iqtisadi, ümumi güzəran və humanitar tərəfləri nəzərə alınsın; Tarif Şurası hər hansı tarif dəyişikliyi etməzdən əvvəl mövzu ilə bağlı mütləq Parlamentdə ictimai dinləmələr keçirilsin.
2. Əhalinin az gəlirli və yaxud, ümumiyyətlə gəliri olmayan həssas təbəqələri (pensiyaçılar, əlillər, qazilər, müharibə veteranları, məktəblilər) üçün ictimai nəqliyyat ya tamamilə ödənişsiz edilsin, ya da müəyyən faiz etibarilə güzəştlər tətbiq olunsun;
3. Tələbələr üçün bir ay ərzində 230 gediş olmaqla, 17 manatlıq güzəştli limitsiz daşıma kartı tətbiq olunsun; Nəzərə alaq ki, dünyanın ən varlı, eləcə də inkişaf etməkdə olan, orta aylıq gəlirləri Azərbaycandakından qat-qat yüksək ölkələrində belə, tələbələr üçün limitsiz istifadə haqqı olan ictimai nəqliyyat kartları var;
4. Gəlirləri yalnız minimum əmək haqqı ilə yaranan, o cümlədən aylıq pul yardımları minimum əmək haqqından aşağı olanlar, həmçinin yaşı 65-dən yuxarı olan vətəndaşlar üçün də güzəştli limitsiz gediş kartları tətbiq olunsun;
5. Pulsuz limitsiz sərnişindaşıma və ya güzəştli limitsiz sərnişindaşıma metro xidmətinə də aid edilsin; Xidmət göstərən qurumun öz xərclərini qarşılamaq və gəlir əldə etməsindən ötrü, yeni tarifin ödənilməyən hissəsi dövlət vəsaiti hesabına maliyyələşdirilsin;
6. Abşeron yarımadasında yerləşən kəndlərdən Bakıya istiqamətlənən sərnişinlərin xərclərini (bir gediş 80 qəpik – 1 manat) azaltmaq üçün, bu daşımanı həyata keçirən özəl nəqliyyat şirkətlərinin əldə etdiyi proqnozlaşdırılan gəlirin 50 faizini, qoy dövlət qarşılasın. Məsələn, dövlət bu xəttə xidmət göstərən özəl nəqliyyat şirkətlərinə, istisna hal kimi, yanacağı güzəştli qiymətlərlə də sata bilər.
7. Vətəndaşlara tamamilə pulsuz, yaxud güzəştli əsaslarda xidmət göstərəcək özəl nəqliyyat şirkətlərinin qarajında olan nəqliyyat vasitələrinin (orta və iri tutumlu avtobuslar) hər cür texniki baxımı, ehtiyat hissələri və amortizasiya xərclərinin bir hissəsini dövlət öz üzərinə götürsün;
8. Özəl nəqliyyat şirkətlərinin xəttə daha çox yeni, müasir və keyfiyyətli avtobuslar buraxmasından ötrü, onların qarajlarını genişləndirməsi məqsədilə dövlətdən uzunmüddətli güzəştli kreditlər almasına şərait yaradılmalıdır.
9. Abşeronda və Bakıda əhali sayının durmadan artdığını nəzərə alsaq, bununla əlaqədar olaraq, yüklənən şəhərin daxili ictimai nəqliyyatını müasir standartlarda, müntəzəm, keyfiyyətli və təhlükəsiz formada təşkil etmək xeyli müşkül olmağa başladığından, təklif edirik ki, Bakının ümumi yol-nəqliyyat xətlərinin (ən ucqar nöqtələr belə nəzərə alınmalıdır) vəziyyəti təhlil edilməklə, şəhərimizdə ekoloji cəhətdən daha təmiz və daha az xərc tutumlu elektriklə işləyən müasir son model tramvay sərnişindaşıma xidməti bərpa edilsin. Bu planda qardaş Türkiyənin ən önəmli meqapolisi İstanbulda artıq xeyli müddətdir işə salınan metrobus xidməti yaxşı örnək hesab oluna bilər.
Azərbaycan Yüksəliş Partiyası