Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin və Qaradağ Rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat zamanı uşaqlara qadağan olunmuş şəkildə dini yığıncaqlar təşkil edənlər müəyyən olunub.
Ulusal.az xəbər verir ki, araşdırma zamanı dini mərasimlərin təşkilinin qanunla müəyyən edilmiş qaydalarının pozulduğu və uşaqlar üçün xüsusi yığıncaqlar keçirildiyi müəyyən edilib.
Əməliyyat Qaradağda yerləşən “Hilal Təhsil Mərkəzi”ndə keçirilib. Baxış zamanı çoxsaylı dini təlimlərdə, dini təbliğatda istifadə olunan və dini ədəbiyyata aid 122 kitab və sair predmetlər aşkar edilərək götürülüb.
Məlum olub ki, dini dərsləri keçən şəxs “Hilal Təhsil Mərkəzi”ndə rəsmi olaraq sürücü kimi işləyib. O, Türkiyədə Quran kursları keçdiyini deyib. Bildirib ki, mərkəzdə Quran kursu keçən müəllim olmadığına görə bir neçə dərs onu əvəz edib.
Həmin şəxs inzibati məsuliyyətə cəlb edilib və 1500 manat cərimələnib.