image-rt-reklam
image-1backend

Əbülfəs Qarayev və Anar Kərimovun qurbanı olan daha bir tarixi məkan – FOTOLAR

image-728x90

Qəbələ rayonunun Həzrə kəndində, meşə içərisindəki sahəsi 3,5 hektara yaxın, orta əsr qəbristanında tariximiz üçün çox maraqlı olan abidələr qalmaqdadır. Bu abidələrin təqribən XV-XVI əsrlərə aid olduğu deyilir. Lakin türbələrin ətrafında aparılan arxeoloji qazıntılar zamanı, təxminən XII-XIII əsrlərə aid edilən qəbirlər də tapılıb. Həzrə kəndində dövlət tərəfindən qorunan bu tarixi abidələr maraqlı bir səmtdə inşa edilib.

Belə ki, bir türbənin giriş hissəsi cənub-qərbə, digərləri isə şimal-qərbə baxır. İslam memarlığında qeyri adi inşalardan sayılan bu türbələr ətrafında qədim məzarlar da var. Türbələr hamısı Şirvan-Abşeron memarlıq məktəbi ənənələrinə uyğun şəkildə inşa edilmişdir. Türbələrin portallarında və sənduqələrin üzərində nəfis işlənmiş kitabələr həkk olunmuşdur. Dövrümüzə çatmış dörd türbə Şeyx Bahəddin, Şeyx Mənsur, Şeyx Məhəmməd və Şeyx Baniyə aiddir. Türbələrdən ikisinin kitabəsində onların I Təhmasibin hakimiyyəti dövründə inşa edildiyi göstərilir. Kompleks ərazisində ilk restavrasiya işləri 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbəsinin müraciətinə əsasən “həyata keçirilmişdir”. Şəkillərdə bu “restervasiyanın” hansı formada və necə aparıldığını görə bilərsiz. Məsuliyyətsiz yanaşma, tarixi abidəyə biganəlik bu işi həyata keçirən Mədəniyyət və Turizm Nazirliyinin 4 nömrəli Şəki Elmi Bərpa İstehsalat İdarəsinin briqadası olub. Bu abidələrə vaxtlı-vaxtında baxım göstərilməsi, qorunub saxlanılması bu “restervasiya”-dan sonra yaddan çıxmışdır. Sanki ölkədə belə bir yer yoxdur. Türbələri yüngül təmir edən Nazirlik əməkdaşları qəbristanlıq ərazisindəki sənduqələrə nəinki fikir vermiş, heç onların üzərini basmış mamırları təmizləmək belə istəməyiblər. Axı bu sanduqələr həkkak və xəttatlar ərəb əlifbasının xüsusiyyətlərindən istifadə edərək hazırlanıb, sənduqə və başdaşlarına vurduqları naxışlarla yanaşı abidələrin bəzəyində haşiyə, qaytan və cürbəcür xalçalar şəklində kitabə motivləri də işlətmişlər. Hazırda bu abidəyə qayğı yoxdur deyə dağılmaq təhlükəsi ilə üz-üzədir. Yağışın, eləcə də qarın altında qalan bu abidəyə zamanında sahib çıxılmazsa, gördüyümüz o sənduqələrdən əsər-əlamət qalmayacaq.

2018-ci ildə yayılmış məlumatda Həzrə türbələr kompleksinə daxil olan abidələrin qəzalı hala düşdüyü və dağılmaq üzrə olduğu bildirilir. Fikir verin 2018-ci ildən 2023-cü il arasında beş il fərq var və bu illər ərzində nə Mədəniyyət nazirliyi, nə də Qəbələ rayon İH reaksiya verməyib bu tarixi abidələrə. Azca vicdanınız olsun da……Bu ölkənin tarixi abidələri bizim milli kimliyimizi təsdiq edir, dünyaya bizim mədəni və qədim xalq olduğunu sübut edir. Niyə belə edirsiz? Nədir Sizlərdə Azərbaycana, onun tarixinə, mədəniyyətinə olan bu nifrətin səbəbi?

Əbülfəs Qarayev və Anar Kərimov inanın o dünyada Tanrı sizdən bu suala cavab istəyəcək!

Dosent Zaur Əliyev

image-1 image-2 image-3 image-4

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90