Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsi bu nazirlikdə baş verənləri, daha doğrusu, ciddi korrupsiya hallarına yol verilməsi, eləcə də nazir Anar Kərimovun postuna adekvat olmayan fəaliyyətini gündəmə gətirdi.
Mədəniyyət adına daha çox “maneken qızlarla” foto çəkdirməsi ilə yadda qalan Anar Kərimov sələfi Əbülfəz Qarayevdən heç də geri qalmır. Əbülfəz Qarayevin postundan getməsinə səbəb də korrupsiya halları və DTX-nın keçirdiyi əməliyyat nəticəsində ortaya çıxan faktlar idi. Əslində Anar Kərimov sələfindən dərs çıxarmalı, fəaliyyətini şəffaf qurmalı, mədəniyyət adına işləməli idi. Lakin o nazir postuna keçən kimi Əbülfəz Qarayevin izi ilə getməyi seçdi.
Ortaya çıxan faktlar da bunu açıq şəkildə göstərir. Məlumdur ki, Anar Kərimovun nazirliyi dövründə dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə milyonlarla vəsait ayrılıb. Məqsəd mədəniyyətimizin, incəsənətimizin inkişafına nail olmaqdır. Lakin Anar Kərimov bu vəsaiti doğru istiqamətdə xərcləmək əvəzinə, mənimsəmək, oğurlamaq yolunu seçdi. Sanki onu nazir ona görə qoyublar ki, dövlət vəsaitini “yeyib talasın”.
Şuşa və Hacıkənd festivallarındakı biabırçılıqlar hər kəsin yadındadır, bu tədbirlərin keçirilməsi üçün ayrılan milyonlarla vəsaitin necə “yoxa çıxdığı”nı da hamı xatırlayır. Bu bir yana, sən demə Anar Kərimov Vətən müharibəsi haqda filmin çəkilməsinə ayrılan vəsaiti də mənimsəyibmiş.
Mədəniyyət Nazirliyinin 44 günlük Vətən müharibəsi haqqında 8 seriyalı bədii filmin çəkilməsi üçün elan etdiyi tenderin qalibi Türkiyənin “Bozdağ Film Yapım Prod. Rek. İnş. Tur. San. Tic. AŞ” şirkəti olmuşdu. Seriyalın çəkilişi üçün dövlət büdcəsindən 3 milyon vəsait ayrılmışdı. Bəs bu pullar haradadır? Bəlli deyil. Çünki bu filmin ilk seriyasının nümayişi bu il noyabrın 8-də Zəfər Günündə nəzərdə tutulsa da, ancaq Türkiyəli çəkiliş qrupu filmi yarımçıq qoyaraq, Azərbaycandan gedib.
Məlumatlara görə, buna səbəb Mədəniyyət Nazirliyindəki korrupsiya hallarıdır. Nazirlik filmin çəkilməsi üçün ayrılan 3 milyon vəsaitin 2,2 milyonunu Türkiyə şirkətinə hələ də ödəməyib.
Mədəniyyət Nazirliyinin dövlət büdcəsini talaması barədə yazılanlar ilk hal deyil, bu yaxınlarda baş tutan Azərbaycan Yazıçılar Birliyinin Qurultayından Mədəniyyət Nazirliyinin “pul silməsi” iddia olunur. Məlum 203 min söhbəti də hər şeyin açıq etirafı kimi qəbul edilə bilər.
Əldə etdiyimiz məlumata görə, dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Anar Kərimovun yaxın çevrəsinin adına təsis etdiyi və həyat yoldaşı Mehriban Kərimova tərəfindən idarə olunan “Cultural Network House” və digər şirkətlər üzərindən mənimsənilir.
Təsadüfi deyil ki, Anar Kərimov həyat yoldaşı Mehriban Kərimova üçün paytaxtın mərkəzi küçələrindən birində son bir ildə əldə etdiyi, ümumi sahəsi 400 kvadrat, dəyəri təqribən 3 milyondan çox olan ofis alıb. Bu pulların mənbəyi haradır? Əlavə şərhə ehtiyac yoxdur…
Hazırda Mədəniyyət Nazirliyinin üzərinə düşən işləri Anar Kərimovun yerinə Heydər Əliyev Fondu həyata keçirir. Özü də tam şəffaf və narazılıq yaratmadan. Elədirsə, bəs illik büdcəsi 600 milyona qədər olan Mədəniyyət Nazirliyi, o cümlədən Anar Kərimov nə işlə məşğuldur? Dövlət büdcəsindən ayrılan milyonlarla vəsait hara xərclənir? Niyə Anar Kərimov çıxıb bunun hesabatını vermir? Mədəniyyət Nazirliyində mütəmadi olaraq baş verən həbslər və bu qurumun yarıtmaz fəaliyyəti bir daha sübut etdi ki, Anar Kərimov nazir postunda özünü doğrultmadı!Demokrat.az