image-2000x150
image-3backend

Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı

image-728x90

Almaniya Azərbaycanın Avropadakı mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə də Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.
Azərbaycan strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşir və bununla da həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. 1990-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycan tədricən iki və çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da özünü ilk növbədə ölkəmizin beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.
Bakı ilə Berlin arasında iqtisadi əlaqələrin inkişafı da dövrün tələblərinə cavab verir. Almaniya Xəzər regionuna, xüsusən də Azərbaycanın iqtisadi resurslarına maraq göstərir. Avropa İttifaqı çərçivəsində maliyyə dəstəyi verir və birgə beynəlxalq layihələrdə iştirak edir. Təsadüfi deyil ki, Almaniya regiondakı heç bir dövlətlə Azərbaycanla olduğu qədər geniş spektrli iqtisadi əlaqələr qurmayıb. Bu özünü onda göstərir ki, Almaniyanın MDB məkanında Rusiyadan sonra ikinci Xarici Ticarət Palatası yalnız Azərbaycanda təsis olunub. Almaniya Azərbaycanın xarici ticarət dövriyyəsində aparıcı ölkələr arasında səkkizinci yerdədir. Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət və xidmət sahələrində Almaniya investisiyalı 249 şirkət qeydiyyatdan keçib. Statistikaya görə, Almaniya Azərbaycanın neft-qaz sektoruna 53,4 milyon dollar, qeyri-neft sektoruna 762,1 milyon dollar sərmayə qoyub, Azərbaycandan Almaniyaya 569,7 milyon dollar sərmayə qoyulub.
Prezident İlham Əliyevin aprelin 25-26-da Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısının Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüş keçirdi. Dövlət başçımızın Berlinə səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının yüksələn xətlə inkişafının bariz göstəricisidir. Prezident birgə mətbuat konfransındakı çıxışında bildirdi ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Azərbaycan bu qlobal tədbirin hazırlanmasında Almaniya tərəfi ilə işləməyə hazır olduğunu bildirib. Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan COP29-la bağlı Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkür edir və hər iki ölkənin komanda üzvləri bir-biri ilə sıx təmasdadırlar. Şoltsun çıxışında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir ki, Berlin həm siyasi, həm iqtisadi sahələrdə Bakı ilə münasibətləri bundan sonra da inkişaf etdirəcək. Bakıda keçiriləcək Dünya İqlim Konfransının region üçün böyük şanslar gətirəcəyini vurğulayan Almaniya Kansleri əlavə edib ki, yaşıl enerji və hidrogen enerjisi sahələrində əməkdaşlıq üçün regionda böyük potensial mövcuddur və alman şirkətləri Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdırlar.
Bu səfər Avropa İttifaqında və onun siyasətində əhəmiyyətli çəkiyə malik dövlət olan Almaniya ilə bütün sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə yüksəlməsinə mühüm təkan verəcək və gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90