Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş sənədə əsasən, ali təhsil müəssisələrində hər bir tələbəyə düşən illik təhsil xərcləri açıqlanıb. Xüsusilə musiqi sənəti üzrə ixtisaslarda bu məbləğin daha yüksək olması diqqət çəkib.
Belə ki, “Dirijorluq”, “Bəstəkarlıq”, “Vokal sənəti” və “İnstrumental ifaçılıq” ixtisaslarında tələbəyə düşən illik təhsil xərci 9 000 manat olaraq müəyyən edilib.
Qeyd edək ki, bu rəqəm ixtisasların illik təhsil haqqının məbləği deyil. Təhsil xərci dövlət büdcəsi hesabına müvafiq olaraq həmin ixtisasa qəbul olan, yəni dövlət tərəfindən pulsuz təhsil alanlar üçün ödənilən vəsaitdir.
Bəs, musiqi sahəsi ilə bağlı ixtisasların illik təhsil haqları nə qədərdir?
Ulusal.az xəbər verir ki, Teleqraf musiqi sahəsində təhsil verən ali məktəblərdə hazırkı təhsil haqlarının məbləğini öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bildirilib ki, universitetdə bütün ixtisaslar üçün vahid təhsil haqqı tətbiq olunur. Bu məbləğ illik 2 000 manatdır.
Azərbaycan Milli Konservatoriyası: “2025–2026-cı tədris ili üçün təhsil haqqı hələ təsdiqlənməyib. Hazırda mövcud olan illik təhsil haqqı 2 000 manat təşkil edir”.
Bakı Musiqi Akademiyasında bakalavr pilləsində təhsil haqqı 3 500 manat, magistratura pilləsində isə 3 700 manatdır. Akademiyada bütün ixtisaslarda eyni ödəniş tətbiq olunur.
Musiqi təhsili tam fərqli struktura malikdir
Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva Teleqraf-a bildirib ki, musiqi təhsili fərdi yanaşma tələb edir, bu da qiymətə təsir göstərir. Musiqi və incəsənət sahəsində ixtisaslaşan ali məktəblərdə təhsilin baha olması digər universitetlərlə müqayisədə fərqli səbəblərlə bağlıdır.
Onun sözlərinə görə, ənənəvi ali məktəblərdə bir müəllim eyni anda 30, hətta 70 tələbəyə dərs deyə bildiyi halda, musiqi təhsili tam fərqli struktura malikdir: “Bu sahədə tədris fərdi şəkildə həyata keçirilir. Hər bir tələbə ilə ayrıca məşğul olunur və bu prosesdə yalnız bir müəllim deyil, bəzən iki və daha çox mütəxəssis iştirak edir. Məsələn, dirijorluq ixtisasında bir tələbə ilə həm konsertmeyster, həm də ixtisas müəllimi məşğul olur. Eyni yanaşma musiqi alətləri üzrə ixtisaslarda da tətbiq edilir. Simli və nəfəsli alətlər üzrə təhsildə tələbənin peşəkar musiqiçi kimi yetişməsi üçün hər detal xüsusi diqqətlə işlənməlidir”.
Nərminə Quliyeva qeyd edib ki, bu səbəbdən bir tələbənin yetişdirilməsi üçün daha çox resurs və əmək tələb olunur. Nəticə etibarilə bu, təhsil haqqının digər sahələrlə müqayisədə daha yüksək olmasına səbəb olur:
“Bundan başqa, musiqi ixtisaslarında qəbul olunan tələbə sayı da məhduddur. Məsələn, bəstəkarlıq ixtisası üzrə maksimum 3-4 nəfər qəbul edilir. Dirijorluq ixtisasında ən çox 7-8 nəfər tələbə olur. Bu da onu göstərir ki, burada qrup halında deyil, fərdi şəkildə təhsil verilir və bu model əlavə maddi yük yaradır. Musiqi sahəsində təhsilin nisbətən baha olması sırf fərdi yanaşma, tələbə sayının azlığı ilə bağlıdır”.
Universitetlər özlərini maliyyələşdirə bilmir
Təhsil eksperti Elmin Nuri təhsil haqlarının necə müəyyənləşdirildiyi ilə bağlı Teleqraf-a danışarkən deyib ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu ali təhsil müəssisələrindən fərqli olaraq, hələlik özünü maliyyələşdirmə imkanına malik deyil: “Universitetlərin maliyyə müstəqilliyinə nail olması üçün elm-sənaye, elm-innovasiya və elm-biznes əlaqələrinin inkişaf etməsi vacibdir. Əgər bu mexanizmlər qurularsa, ali məktəblər əmək bazarına və biznes sektoruna öz məhsulları və daxili potensialları ilə çıxış edərək büdcələrini formalaşdıra bilərlər. Dünyanın tanınmış universitetləri məhz belə mexanizm sayəsində büdcələrini təmin edir və bu vəsaitlər orada çalışan alimlərin, tədqiqatçıların və laboratoriya işçilərinin maaşlarını qarşılamağa kifayət edir”.
Ekspert qeyd edir ki, bəzi hallarda təhsil haqlarının artırılması universitetlərdə tətbiq olunan yeniliklərin və təkmilləşmələrin maliyyələşdirilməsi üçün zəruri olur:
“Təbii ki, bu vəziyyət valideynlərin maddi yükünü artırır. Lakin məsələyə daha dərindən baxdıqda və universitet rəhbərləri ilə ünsiyyətdə haqlı məqamların olduğunu görmək mümkündür. Bu xərclərə müəllim heyətinin saxlanması, infrastrukturun təkmilləşdirilməsi, təhlükəsizlik və digər əlavə ehtiyaclar daxildir. Bəzi hallarda tələbəyə sərf olunan vəsait ondan alınan təhsil haqqını da üstələyir. Bu isə universitetləri təhsil haqlarını artırmağa məcbur edir. Bəzən bu artımlar əsaslı səbəblərlə yox, lüzumsuz hallarda tətbiq oluna bilər. Amma ümumi mənzərə dəyişmədikcə, yəni universitetlər öz potensiallarını inkişaf etdirmədikcə və tələbəyə yalnız gəlir mənbəyi kimi yanaşdıqca, bu prosesin dəyişməsi real görünmür”.