Ticarət dövriyyəmizin şaxələndirilməsi üçün addımlar atılacaqdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Ruminyaya ixrac edilən xam neft təşkil edir.
Son dövrlərdə, xüsusilə xarici neft şirkətlərinin Azərbaycanın neft sektoruna iri həcmli investisiyalarından sonra ölkənin xarici ticarət dövriyyəsində Avropa Birliyi ölkələrinin rolu artmağa baslayıb. Bu tendensiya Bakı- Tbilisi-Ceyhan boru kəmərinin işə düşməsindən sonra xüsusilə nəzərə çarpır.
Ölkə iqtisadiyyatı inkişaf etdikcə idxal-ixracın strukturu da zənginləşir. Son illər ərzində xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. 2003-cü ildə Azərbaycandan 1218 adda mal ixrac olunurdusa 2011-ci ildə bu rəqəm 2082-ə yüksəlmişdir. Xarici ölkələrə göndərilən malların əsas hissəsini mineral məhsullar, o cümlədən xam neft və neft emalı məhsulları təşkil edir. Bununla yanaşı, qeyri-neft məhsullarından ərzaq malları, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, toxuculuq materialları ixrac olunmuşdur.
Azərbaycanın iqtisadi gücünü göstərən daha bir məqam ölkənin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq Azərbaycanı elektrik enerjisi ixracatçısına çevirmişdir. Ölkənin elektrik enerjisi satışını və mübadiləsini həyata keçirdiyi ölkələr – Rusiya, İran, Gürcüstan və Türkiyədir.
Hazırda özəl bölmənin xüsusi çəkisinin 85 faizi ötməsi xarici dövlətlərlə aparılan ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox alıcı tapmaqdadır. İstehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.
Son 10 ildə xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir.
Quliyeva Minarə Nazim qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti