image-rt-reklam
image-3backend

Azərbaycanın BRICS-ə qoşulması təşkilatın beynəlxalq mövqeyini möhkəmləndirə bilər

image-728x90

Oktyabrın 22-24-də Kazanda BRICS-in sammiti keçirilib. BRICS-ə marağın artdığı bir dövrdə təşkilatın keçirəcəyi bu zirvə toplantısı xüsusilə diqqət mərkəzindədir. BRICS Sammitidə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər. Hazırda bir çox ölkə bu təşkilata üzv olmaq niyyətindədir. 10 üzvü olan təşkilata ölkəmiz də qoşulmaq üçün rəsmi məktub ünvanlayıb. Kazanda baş tutan sammitdə tərəfdaşlıqla bağlı məsələlər müzakirə olunub.

BRICS-in dövlətlər birliyi olaraq faktiki əsası 2006-cı ilin iyun ayında Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub. Təşkilatın ilk sammiti 16 iyun 2009-cu ildə keçirilib və bundan sonra təşkilata üzv dövlətlərin nümayəndələri ənənəvi olaraq ildə bir dəfə rəsmi sammitlərdə görüşür, iqtisadiyyat və geosiyasət çərçivəsində aktual məsələləri müzakirə edir, infrastruktur, mədəniyyət, idman və digər sahələr üzrə layihələrə dair əməkdaşlığı genişləndirirlər.

BRICS böyük əmək bazarına və iqtisadi resurslara malik ölkələrdən ibarətdir. Belə ki, təşkilata üzv olan ölkələr birlikdə alıcılıq qabiliyyəti pariteti baxımından qlobal ümumi daxili məhsulun 35,6 faizini təşkil edirlər. Bundan başqa, dünya əhalisinin təqribən 45 faizi təşkilata üzv olan ölkələrdə məskunlaşıb. BRICS-ə üzv olan ölkələr əsasən 3 istiqamət üzrə əməkdaşlıq edirlər: siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, mədəni-xalqarası münasibətlər. Təşkilata üzv ölkələr eləcə də kütləvi qırğın silahlarının yayılmasına, eyni zamanda kibercinayətkarlığa qarşı mübarizə aparırlar. Bunları nəzərə alaraq, təşkilatın geniş potensiala malik olmasını demək olar. Hazırda platforma məşvərət xarakteri daşısa da, gələcəkdə onun institusionallaşması mümkündür.

BRICS beynəlxalq arenada yalnız vacib oyunçu kimi deyil, həm də “Böyük yeddilik” qrupundan fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin formalaşma mərhələsində fəaliyyət göstərən bir institut kimi çıxış edir. BRICS-i bəzən Qərb ölkələrinə qarşı yaradılmış platforma kimi təqdim etsələr də, təşkilata üzv olan əksər ölkələr çoxtərəfliliyin təşviq edilməsinin, ortaq problemlərin birgə həllinin, üzv ölkələr arasında münasibətlərin tənzimlənməsinin tərəfdarıdırlar. BRICS kimi beynəlxalq platformalara qoşulmağın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, bununla yeni tərəfdaşlar toplamaq və səsini dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır, bunlar da təhlükəsizliyin təmin olunmasında vacib faktorlardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfərə gəlib. Cənab Prezident XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edərək çıxış edib. Prezident İlham Əliyevin sammitdə dediyi kimi, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır: “Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib və bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək. Bundan əlavə, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi BRICS ölkələri arasında iqtisadi-ticari əlaqələrin inkişafı baxımından cəlbedicidir. Coğrafi mövqe və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Ona görə də, BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur.

Platformaya üzv olmaq həm də turizm idxalı və birbaşa investisiyaların cəlbi kontekstində Azərbaycana maraqlı ola bilər. Eləcə də qeyd etmək lazımdır ki, ölkəmiz təşkilata üzv olan Rusiya, Çin və Hindistan ilə nəqliyyat layihələri üzrə geniş əməkdaşlıq edir. Azərbaycanın BRICS üçün strateji əhəmiyyəti əsasən onun coğrafi mövqeyi, iqtisadi resursları və xarici siyasət prioritetləri ilə bağlıdır. BRICS ölkələri üçün Azərbaycanla əməkdaşlıq enerji resurslarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən enerji strategiyasının mühüm elementi ola bilər. Azərbaycanın təşkilata qoşulması birliyin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirə, üzv ölkələr arasında iqtisadi və enerji əməkdaşlığına töhfə verə, çoxqütblülük və qlobal nizamın islahatı ideyalarına dəstək ola bilər. Həmçinin Azərbaycan iqtisadiyyatının müasirləşməsinin sürətlənməsini və dünya arenasında mövqeyinin möhkəmlənməsini təmin edəcək mexanizmlərin cəlb olunmasına gətirib çıxara bilər.

Hazırda 40-dan çox ölkə təşkilata qoşulmaqda maraqlı olduğunu bildirir. Bununla da təşkilatın gələcəkdə genişlənmə ehtimalı yüksəkdir.

Təranə Tağıyeva – BDU,  Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti,  Tarix üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90