“Rusiyanın heç bir şeyə nəzarət etmədiyi və baş verənlərin tam xaos olduğu göründü”.
Bunu Ukrayna prezidenti Zelenski Rusiyada “Vaqner” qruplaşmasının üsyanından sonra xalqa müraciətində deyib.
Onun sözlərinə görə, bu gün dünya gördü ki, Rusiya heç nəyə nəzarət etmir: “Tam xaosdur. Proqnozlaşdırma yoxdur. Bütün bunlar silahla dolu Rusiya torpağında baş verir. Dünya qorxmamalıdır. Bizi nəyin qoruduğunu bilirik. Ukrayna, şübhəsiz ki, Avropanı istənilən rus gücündən qoruya biləcək və onlara kimin əmr verməsinin əhəmiyyəti yoxdur. Biz onu qoruyacağıq”.
Çıxışının digər hissəsini rus dilində davam etdirən Zelenski Rusiya prezidenti Vladimir Putini hədəfə alıb: “Rus dilində deyəcəm. Kremldəki adam açıq-aydın çox qorxur və yəqin ki, görünmür, hardasa gizlənir. Əminəm ki, o, artıq Moskvada deyil. Özünə yer axtarır. Bu təhlükəni özü yaratdığı üçün niyə qorxduğunu bilir. Bütün pislikləri, bütün itkiləri, bütün nifrətləri yayan odur”.
Rusiya qüvvələrinin Ukrayna torpaqlarında olmasının Rusiyaya dağıntı gətirəcəyini bildirən Zelenski “Əsgərləriniz Ukrayna torpaqlarında nə qədər çox qalsalar, Rusiyaya bir o qədər çox dağıntı gətirəcəklər. Bu adam Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər baş verəcək” deyib.






















