Qərb ölkələrinin Ukraynaya tükənmiş uranla döyüş sursatlarının çatdırılması torpaqların radiasiya ilə çirklənməsinə və onu “yaşayış üçün yararsız torpaq”a çevirməsinə səbəb olur.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Komsomolskaya Pravda”da dərc olunan məqaləsində deyib. Diplomat qeyd edib ki, torpağın radiasiya ilə çirklənməsi “artıq baş verir və obyektiv şəkildə müəyyən edilir”.
Zaxarova qeyd edib ki, tükənmiş uran sursatlarından istifadənin nəticələri qonşu Polşaya da təsir edə bilər, bu ilin may ayında Ukraynanın Xmelnitski vilayətində fon radiasiyasında əhəmiyyətli artım müşahidə olunub.
“Bunun səbəbi ehtimal ki, Xmelnitski şəhərindəki anbarda yerləşdirilmiş tükənmiş uran sursatının partlamasıdır. Ukraynalılar başa düşməlidirlər ki, britaniyalılar xərçəng şişlərinə zəmanət verən əsl zəhəri təmin edir və tükənmiş uran olan mərmilərin mümkün qədər tez ölkədən çıxarılmasını tələb etməlidirlər”, – Zaxarova qeyd edib.