“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi Şaban İmkani Teleqraf-ın suallarını cavablandırıb.
Ulusal.az müsahibəni təqdim edir.
– Şaban müəllim, 2025-2030-cu illər ərzində 10 yeni metro stansiyasının tikintisi hansı əraziləri əhatə edəcək?
– 2030-cu ilə qədər Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına uyğun olaraq “Bakı Metropoliteni”nin 10 yeni stansiyası inşa olunmalıdır. Bu stansiyalardan 6-sı “Bənövşəyi” xətt üzərində olacaq. Onlardan biri, bildiyiniz kimi, hazırda inşa edilən B-04 şərti adlı stansiyadır. Bu stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Mərkəzi Kliniki Xəstəxananın arxasında yerləşir.
Növbəti stansiya isə “Nizami” metrostansiyasının yaxınlığında olacaq və “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. Digər bir stansiya “Sahil” stansiyasının yaxınlığında olacaq, “Qırmızı xətt”ə keçid rolunu oynayacaq.
Bunlardan əlavə, növbəti stansiya “Port Baku” yerləşdiyi ərazidə inşa ediləcək, “Xətai” stansiyasına, yəni “Yaşıl xətt”ə keçid funksiyası daşıyacaq. “Ağ şəhər” layihəsi çərçivəsində Babək prospektinin yaxınlığında metrostansiyanın tikintisi planlaşdırılır.
Qeyd edim ki, “Xətai” stansiyasından sonra 4 stansiya inşa olunacaq. Bunlar “8 Noyabr” prospekti boyunca “Ağ Şəhər” layihəsinin tərkibində olan, hazırda hasarlanmış bir əraziyə yaxın yerlərdir. Onlardan biri “NZS” kimi tanınan yaşayış massivinə “8 Noyabr” prospektindən dönən yolun yaxınlığında, Bakı Avtomobil Zavoduna yaxın ərazidə yerləşəcək. Söhbət tikintisi aparılan, şərti adı “Həzi Aslanov 2” və yaxud Y-17 stansiyasından gedir.
Ümumilikdə 10 stansiyanın tikintisi metropolitenin 88 milyon sərnişinin daşımasına imkan verəcək.
– “Bakı Metropoliteni” 2015-ci ildən innovasiyalar baxımından 4-cü nəsil vaqonların alınmasına başlayıb. Ötən müddət ərzində 150 yeni vaqon alınıb və parkın 50 faizə yaxını məhz yeni nəsil qatarlardır. Qatarların alınması prosesi bu il də davam edəcəyi açıqlanıb. Yeni gətiriləcək vaqonlar mövcud vaqonlardan fərqi nədir?
– “Bakı Metropoleni”nə yeni nəsil vaqonların gətirilməsi ilə bağlı ötən il müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq, bu il 20 vaqon gətirələcək. Yəni hər biri 5 vaqondan ibarət 4 qatar xəttə buraxılacaq. Xususən qeyd etmək lazımdır ki, bu proses davamlı olacaq.
Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Dövlət Proqramında yeni metrostansiyaların tikintisi ilə yanaşı “Bakı Metroploteni” üçün vaqonların alınması da əksini tapıb. Nəzərə alsaq ki, 10 yeni stansiya inşa olunacaq və xususən “Bənovşəyi” xətt üzərindən 6 stansiya istifadəyə veriləcək, deməli, minimal interval təmin etmək üçün xəttə yeni qataralar buraxılmalıdır.
Bu il alınacaq qatarlar ötən il olduğu kimi Bakıda komplektləşdirilərək, istifadəyə veriləcək. Hazırda “Bakı Metropoliteni”də 67 qatar (347) vaqon var. “Bənövşəyi” xətdə 7, “Yaşıl” və “Qırmızı” xətlərdə 5 vaqonlu qatarlar hərəkət edir. “Yaşıl” və “Qırmızı” xətlərdə hərəkət edən 40 qatardan 30-u yeni nəsl qatarlardır.
Bütün qatarların maksimal sürrət həddi 90 km/saatdır. Lakin “Bakı Metropoliteni”nin bəzi sahələrində texniki baxımdan sürət həddi 80 km/saatdır.
Daha bir mühüm layihə elektrik depolari ilə bağlıdır. “Bakı Metropolinenin”də qatarlar elektrik depolarında dayanır. Xətlərin ayrılması layihəsinini də nəzərə alsaq, “Yaşıl” xətdə “Dərnəgül” elektrik deposu, “Bənövşəyi” xətdə isə “Xocəsən” elektrik deposu istifadəyə veriləcək. Qarşıdakı müddət ərzində məhz bu elekrik depoları üzərində də işlər aparılacaq. Qatarların təmiri, baxışı üçün lazım olan bütün funksional zonalar inşa olunacaq.
– Metrostansiyaların genişləndirilməsi və yeni xətlərin açılması tarif siyasətinə təsir edəcəkmi?
– Bu məsələ müzakirə mövzusu deyil. Hazırda əsas vəzifə xətlərin ayrılmasıdır. “28 May” stansiyasında nəinki xətlər kəsişir, hətta birləşir. Bu xətlərin ayrılması mobilliyin təmin olunmasında, sərnişinlərin metrostansiya daxilində rahat hərəkətində mühüm rol oynayacaq.
– Yəni sərnişinlərin rahatlığı üçün yeni texnologiya və innovasiyalar da nəzərdə tutulurmu?
– Müasir dünyada olan yeni texnalogiyalar həm yeni qatarlarda, həm inşaatda, həm də stansiyaların təmirində xüsusi nəzərə alınır. Yeni texnologiyaların tətbiqi təkcə müasir dövrün ənənəsi deyil, həm də iqtisadi cəhətdən səmərə deməkdir.