image-rt-reklam
image-1backend

Milli dirçəlişdən milli müstəqilliyə gedən yol  

image-728x90

17 Noyabr – Milli Dirçəliş Günü xalqımızın azadlıq mübarizəsi tarixində əlamətdar günlərdən biridir. Azərbaycanın müstəqilliyinin bərpa edilməsi tarixi ədalətin bərpası və işğal nəticəsində silinmiş tarixi nailiyyətimizin xalqa qaytarılması demək idi. 17 noyabrın mənəvi əsasları, əslində, ötən əsrin 20-ci illərindən, ilk müstəqil respublikamızın sovet imperiyası tərəfindən işğalından sonra daim gündəlikdə olan məsələ idi. Beynəlxalq sistemə yenicə inteqrasiya etməyə başlamış Şərqin ilk respublikası beynəlxalq imperializmin basqılarına tab gətirməyib süqut etsə də, xalq heç zaman on minlərlə qurbanın hesabına qazandığı müstəqillikdən imtina etmək fikrində deyildi. Odur ki, sovet əsarətinin mövcud olduğu bütün onilliklər ərzində ən qəddar repressiyalara məruz qalmasına baxmayaraq, xalqımız azadlıq mübarizəsini müxtəlif formalarda davam etdirirdi. 1970-1980-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli müstəqillik ideyalarına qarşı repressiyaların qarşısı alındı. Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq xalqa sağlam ruh və milli özünüdərk məfkurəsini aşılayan Heydər Əliyev siyasəti milli-mənəvi dəyərlərin qorunması, elmin və mədəniyyətin dirçəlişi üzərində qurulmuşdu. Onun rəhbərliyi dövründə Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdirildi. Ulu Öndərin respublikada yaratdığı bu mənəvi, ideoloji və iqtisadi baza təxminən 20 il sonra Sovetlər Birliyinin süqutu zamanı xalqın dayağı oldu.

1988-ci ildə erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər və Ağdamda iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. O zamandan başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Həmin ilin noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərə, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsinə və Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin müddətsiz mitinqləri başlandı. Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraza qalxdı. Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən irimiqyaslı kütləvi etiraz aksiyası idi. İmperiya mərkəzi Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan edərək, SSRİ-in Daxili Qoşun Qüvvələrini Azadlıq meydanına yeritməklə dekabrın 3-dən 4-ə keçən gecə vətəndaşların dinc etiraz mitinqini dağıtdı. Mitinqlər dayandırılsa da, xalq imperiya təcavüzünə qarşı kütləvi milli müqavimətin yeni örnəyini yaratdı. 17 noyabr bir daha göstərdi ki, azadlıq ruhuna hakim olan və müstəqillik yolunda bütün çətinliklərə sinə gərməyə hazır olan xalqı artıq müstəmləkə əsarətində saxlamaq mümkün olmayacaq. Noyabrın 17-dən başlayan Meydan hərəkatı milli müstəqillik mübarizəmizin epiqrafına çevrildi və bir neçə il sonra qazanılacaq dövlət müstəqilliyinin təməlini qoydu.

Lakin 1988-ci ilin Xalq hərəkatı dalğalarında Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti düzgün qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox özlərinin siyasi karyera maraqlarını düşünən və hələ də imperiyanın təlimatlarına uyğun davranan “siyasətçilərin” milli mübarizə ruhundan uzaq olması xalqımıza qarşı 1990-cı ilin 20 Yanvar faciəsinin baş verməsi ilə nəticələndi. O zaman hakimiyyətdə bir-birini əvəz edən kommunist və cəbhəçi siyasətçilərin xalqın dirçəliş və oyanışını mütərəqqi səmtə yönəltmək iqtidarında olmadığını dərk edən xalq yenə də Heydər Əliyevə üz tutdu. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət Bayrağı kimi qəbul edildi və bununla əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli müstəqilliyə və milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.
1991-ci ilin martında Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu belə müəyyən etdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı və nəhayət bəyan etdi: “Müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır”.

Ulu Öndər Heydər Əliyevin dövlətçilik missiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 5 il əvvəl Milli Dirçəliş Günü ərəfəsində milli mübarizə tariximizin ən parlaq səhifəsinə imza ataraq bütün dünya üçün mümkünsüz görünəni mümkün etdi. Məhz onun rəhbərliyi altında yaranmış rəşadətli Azərbaycan Ordusu təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi və xalqımızın milli qürurunu özünə qaytardı. Dəmir Yumruq ətrafında sıx birləşmiş xalqımızın milli həmrəyliyi bütün dünyaya göstərdi ki, heç bir qüvvə xalqımızın azadlıq və müstəqillik iradəsini sındıra bilməz. Sarsılmaz milli həmrəylikdən doğan bu gücün xalqımıza qazandıracağı daha böyük zəfərlər isə hələ qarşıdadır.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90