Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkəmiz Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü kimi qəbul edilib. Ölkə başçısının bu səfərini şərh edən politoloq Arzuman Muradlı bildirib ki, SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələri arasında münasibətlər həmişə hamar olmayıb, sərhəd mübahisələri və silahlı toqquşmalar müşahidə olunub. Lakin politoloqun sözlərinə görə, həmin gərginliklər artıq arxada qalıb.
Arzuman Muradlı vurğulayır ki, Mərkəzi Asiya ölkələri aralarındakı problemləri tədricən həll edərək əməkdaşlığı gücləndirmək qərarına gəliblər.
“Bununla yanaşı, bölgədə Rusiya və Çinin təsir imkanlarının artması da ölkələr üçün müəyyən narahatlıq yaradır. Rusiyanın siyasi, Çinin isə iqtisadi təsiri fonunda Mərkəzi Asiya dövlətləri Moskva və Pekindən asılılığı azaltmaq üçün ABŞ və Avropa İttifaqı ilə əlaqələri genişləndirməyə çalışırlar. ABŞ və Aİ-nin 5+1 formatında Mərkəzi Asiya ilə artan təmasları, ortaq investisiya layihələri və iqtisadi əməkdaşlıq təşəbbüsləri də bunun bariz nümunəsidir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, bu proses fonunda Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti daha da yüksəlib.
“Mərkəzi Asiya ölkələri strateji məhsullarını Avropa və ABŞ bazarlarına çıxarmaq üçün Orta Dəhlizin davamı kimi “Tramp yolu” (Zəngəzur dəhlizi) marşrutundan istifadə etməyi planlaşdırırlar. Bu məqsədlə region liderləri Azərbaycan Prezidenti ilə görüşləri intensivləşdiriblər. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 dəfə səfər ediblər, Prezident İlham Əliyev isə eyni müddətdə bu ölkələrə 13 dəfə səfər edib.Azərbaycanla Özbəkistan arasındakı münasibətlər artıq müttəfiqlik səviyyəsinə qalxıb. Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyev arasında formalaşmış isti və səmimi münasibətlər iki ölkə arasındakı əməkdaşlığa müsbət təsir göstərir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq qeyd edib ki, bundan əlavə, Azərbaycan Türkiyə və Özbəkistanla birlikdə Türk Dövlətləri Təşkilatını gücləndirməyə xüsusi önəm verir və bu istiqamətdə mühüm addımlar atır.
“Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələr dinamik şəkildə inkişaf edir və bu əməkdaşlıq regionda siyasi sabitliyin, iqtisadi tərəfdaşlığın və strateji inteqrasiyanın güclənməsinə mühüm töhfə verir.”- deyə politoloq əlavə edib.























