Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncama əsasən 20 noyabr Ağdam Şəhəri Günü elan edilib.
Ağdam milli tariximizdə olduğu kimi çağdaş dövlətçilik strategiyamızda müstəsna rola və əhəmiyyətə malik olan qədim yurd yerimizdir. Bu gün “Böyük Qayıdış” konsepsiyasının strateji model şəhərlərindən biri olan Ağdam urbanistik yanaşmanın ən müasir standartları səviyyəsində yenidən qurulmaqdadır.
Şəhərin bərpa layihəsi sadəcə işğalçılar tərəfindən tamamilə dağıdılmış ərazilərin yenidən qurulması deyil, dövlətimizin gələcəyə hesablanmış baxışının, müasir idarəetmə fəlsəfəsinin və milli dirçəliş iradəsinin praktiki ifadəsidir. Ağdamda inşa edilən hər yol, hər bina, bərpa edilən hər məscid, hər bir mədəniyyət abidəsi Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın təntənəsidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2022-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin uzunmüddətli inkişaf trayektoriyasını müəyyənləşdirir. Sənəddə şəhərin beş məhəllə üzrə mərhələli şəkildə bərpası 100 min nəfərin yaşayacağı müasir şəhər modelinin formalaşdırılması nəzərdə tutulmuşdur. Hazırda ikinci məhəllədə 66 binanın tikintisi başa çatdırılmış, digər məhəllələrdə isə işlər intensiv şəkildə davam etdirilir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində aparılan bərpa-quruculuq layihələri də uğurla icra olunmaqdadır. 2025-ci ilin oktyabrına qədər artıq sayı 3 318 nəfərdən ibarət olan 825 ailənin öz doğma torpaqlarına qayıtması bu prosesin uğurlu nəticəsidir.
Şəhərdə reallaşdırılan müasir infrastruktur layihələri həm əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, həm də Ağdamın regionun və ölkənin iqtisadi fəaliyyət infrastrukturuna inteqrasiyasına xidmət edir. 2025-ci ilin may ayında istifadəyə verilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin logistika potensialını əhəmiyyətli dərəcədə artıraraq regionun iqtisadi və sosial imkanlarını daha da genişləndirmişdir. Yeni məktəb, bağça və səhiyyə müəssisələri, geniş yol şəbəkəsi və nəqliyyat infrastrukturunun qurulması Ağdamı Cənubi Qafqazın dinamik mərkəzlərindən birinə çevirir.
Ağdamın inkişaf strategiyasında mühüm rol oynayacaq iqtisadi təsərrüfat vahidlərindən biri Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkıdır. 190 hektar ərazini əhatə edən Sənaye parkı bölgənin sahibkarlıq mühitini zənginləşdirməklə yanaşı, həm də regionda texnoloji modernləşmənin və yerli istehsalın yeni mərhələsini formalaşdırır. Rezident sayı üzrə ölkəmizdə Sumqayıt Sənaye Parkından sonra ikinci yeri tutan bu iqtisadi zona Ağdamı Azərbaycanın sənaye xəritəsində strateji inkişaf mərkəzlərindən birinə çevirir. Parkda fəaliyyət göstərən müəssisələr məşğulluğu artırır, regionun davamlı inkişaf modelini formalaşdırır və texnoloji ekosistemin güclənməsinə şərait yaradır.
Şəhərin mədəni irsinin qorunması və bərpası Ağdamın modernləşmə fəlsəfəsinin mühüm tərkib hissəsidir. Ağdam Muğam Mərkəzi, Cümə məscidi, Pənahəli xanın sarayı, İmarət Kompleksi kimi milli-mədəni obyektlərin bərpası şəhərin mənəvi-mədəni xəritəsini yenidən formalaşdırır. 2022-ci ilin oktyabrında Xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsinin bərpa edilməsi, 474 nəfərlik konsert zalı, dərs otaqları və sərgi sahələrinə malik olan Muğam Mərkəzinin istifadəyə verilməsi Ağdamı bölgənin mühüm mədəniyyət mərkəzinə çevirir. Bu layihələr həm milli irsin yaşadılmasına, həm də regionda beynəlxalq tədbir və festivalların keçirilməsinə geniş imkanlar açır.
Ağdamın urbanistika modeli yüksək ekoloji standartların, innovativ texnologiyaların, sənaye, mədəniyyət və sosial infrastrukturun bir-birini tamamladığı kompleks inkişaf yanaşmasına əsaslanır. Burada həyata keçirilən hər bir layihə – yollar, məktəblər, sənaye müəssisələri, mədəniyyət mərkəzləri – vahid strateji şəhərsalma konsepsiyasının tərkib hissəsidir və müasir şəhər modelini özündə təcəssüm etdirir. Burada icra olunan hər bir abadlıq layihəsi, hər bir bərpa işi post-münaqişə dövründə regionların sürətli və dayanıqlı inkişafını təmin edən yüksək standartlı şəhərsalma təcrübəsinin bariz nümunəsidir.
Ağdamda gedən quruculuq proseslərinin miqyası və sürəti beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn əcnəbi qonaqların və turistlərin də diqqətindən yayınmır. Dövlət başçısı ilə yanaşı Qırğız Respublikasının Prezidenti Sadır Japarov da Ağdamın Xıdırlı kəndinin birinci mərhələsinin açılışında iştirak etmiş, ECO-nun 17-ci Zirvə Görüşünün liderləri “İmarət” Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izləmişlər. Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentlərinin birlikdə Ağdamda Şahbulaq qalasına səfəri zamanı qonaqlar Vətən müharibəsindən sonra “Qafqazın Xirosiması” adlandırılan bu şəhərin hazırda yeni və daha möhtəşəm bir simada dirçəlməsini Azərbaycan dövlətinin böyük uğuru kimi dəyərləndirmişlər. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə şəhərin hər guşəsində canlanan həyat Ağdamın yenidən Azərbaycanın qürur məkanına çevrildiyini göstərir.
20 noyabr – Ağdam Şəhəri Günü sadəcə şəhərin azad olunması tarixi deyil, həm də onun yenidən doğuluşunun və uğurlu inkişafınının rəmzidir. Yeni Ağdam Azərbaycan xalqının həmrəyliyinin və dövlətimizin uğurla həyata keçirdiyi strateji inkişaf modelinin parlaq təzahürüdür.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı





















