image-rt-reklam
image-223117_v8ott8gxpabackend

Yeddi igiddən biri – Bayram Məmmədov yazır

image-728x90

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

O tarixdən 31 il keçir. O tarixi unutmamışıq. O tarix unudulmayacaq. Zəngilanın timsalında Azərbaycanın müharibə tarixi ilə qoşa yaşadılacaq…Ömür yolu deyirik. Bu ifadə təkcə ömür kəlməsiylə ifadə ediləndə daha səmimi olur, həm də düşüncələri tərpədir də. Ömür elə yol deməkdir. Yolun yolu səslənişində bir anlaşılmazlıq da var. Cavan yaşından yaşadığı illəri ömürləşdirənlər haqqında düşünəndə bu qərara gəldim. Onların məsləkinə, yaşam fəlsəfəsinə vurğunluğumu ifadə etməyə söz tapa bilmirəm. Tanıdığın, sevdiyin adamlar haqqında nəsə demək istəyəndə də əvvəlcə ürəyinin səsini eşidirsən. Sonra olmuşları xatırlayırsan. Xatırladıqların fikir dünyanın yolgöstərəni olur…

Sabir Əziz oğlunu uşaqlığından tanıyırdım. 1969-cu il iyulun 26-da Zəngilan rayonunun Zəngilan şəhərində anadan olmuşdu. Mətləbli uşaq idi. Böyüdükcə düşüncələri dərinləşdi, xalqımıza məxsus xarakterlə ayları il eləyirdi. Özündən böyüklərlə kəlmələşməyi sevirdi. Elə bil hər kəlmələşəndə nəsə öyrənirdi. Öyrəndiklərini məktəbdə öyrədilənlərin davamı bilirdi…

Orta məktəbi 1986-cı ildə bitirdi. Sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna verdi, müsabiqədən keçə bilmədi. Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə Əli-Bayramlıda (indiki Şirvan şəhərində) sürücülük peşəsinə yiyələndi. 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun tikinti fakültəsinə daxil oldu. Qiyabi oxuyacaqdı. Birinci kursu bitirəndən sonra 1988-ci ilin oktyabrında hərbi xidmətə çağırıldı…

Peşəsi, cəmiyyətdə fəal mövqeyi, əhatəsi diqqətçəkəndirsə, atalar oğullara həmişə örnək olur. Hərdən atanın peşəsi oğulun düşüncələrinin səyyarəsinə dönür; Sabir hərbi xidmətdən sonra 30 ildən çox daxili işlər orqanlarında xidmət etmiş atası Əziz Paşayevin yolunu seçibmiş. Hərbi xidmətdən tərxis edildikdən sonra, 1990-cı ilin avqustun 12-də Zəngilan rayon milis şöbəsinə patrul xidməti üzrə inspektor vəzifəsinə təyin edildi…

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb ol-muşdu. Ermənilər Zəngilana da vaxtaşırı həmlələr, hücumlar edirdi. Zəngilanı rayon ərazi özünümüdafiə taboru, bir də milis işçiləri qoruyurdular. Mərdliklə, cəsarətlə, ordu ilə nəfəs-nəfəsə qoruyurdular…

Çavuş Sabir Paşayev də Zəngilanı qoruyanların sırasında idi.

Bütün sərhəd kəndləri qorunurdu…

Çavuş Sabir Paşayev düşmənin həmlələrinin, hücumlarının qarşısının alınmasında cəsarətlə döyüşürdü. Döyüşə-döyüşə bu kəndlərin təhlükəsizlik cəfakeşlərindən biri olmuşdu. Hərdən yoldaşlarına deyərdi ki, hansı kəndin müdafiəsindəyəmsə, həmin kəndin oğluyam. Bu qənaətimə görə əzizlərim məni qınamaz.

Seyidlər kəndi uğrunda gedən döyüşlərdə iki dəfə pusquya düşmüşdülər. Sabirin fəhmi, döyüş təcrübəsi, igidliyi onların pusqusunu qabaqlamalarına, pusqu quranları döyüşlə çətin vəziyyətə salmalarına şərait yaratmışdı.

Yaxşı iş, yaxşı nümunəvi xidmət heç zaman diqqətdən kənarda qalmır. Sabir Paşayevin xidməti, bu mənada düşmənlə döyüşləri onun xidmətində ən etibarlı zəmanət oldu. Sabir Paşayevə 1992-ci ildə “kiçik leytenant” rütbəsi verildi, Məmmədbəyli kəndini və Həkəri stansiyasını əhatə edən geniş bir əraziyə sahə mü-vəkkili təyin edildi. Bu ərazidə asayişin, sabitliyin təmin olunması gənc zabitin peşəkarlığının göstərici kimi dəyərləndirilirdi. Kiçik leytenant Sabir Paşayev sahə müvəkkili olanda da düşmənlə döyüşlərdə iştirak edirdi.

1993-cü il aprelin 10-da Ermənistanın Kafan rayonunun Hənd, Kilsə, Sav, Şıxavuz kəndlərinə hücum əməliyyatında Sabir də yaralanmışdı, yaxınlığında başqa bir döyüşçünün də yaralandığını görəndə öz yaralarına məhəl qoymadan onu düşmənin  güclü atəşi altından çıxarda bilmişdi. Müalicədən sonra yenə döyüşlərə qayıtmışdı. Seyidlər, Kollu, Rəzdərə,Yuxarı Yeməzli, Ağbis, Ağkənd, Qazançı, Dərəli, Günqışlaq, Canbar  və digər kəndlərdə gedən üzbəüz döyüşlərdə igidlik nümunəsi göstərərək düşmənə ağır zərbə vurulmasında fəal iştirak edib. Xidmətdə göstərdiyi yüksək intizamı, döyüşdə igidliyi və qorxmazlığı yüksək qiymətləndirilərək növbədənkənar “leytenant” rübəsinə layiq görüldü.

Sabir Paşayev məzuniyyətdə idi. Yenicə dünyaya gəlmiş qızının yanında bir neçə gün Bakıda qaldıqdan sonra Zəngilana qayıdan gün – oktyabrın 25-də düşmən Zəngilanı mühasirəyə almışdı.

Ermənilər Füzuli və Cəbrayıl rayonlarının cəbhəboyu kəndlərini işğal etmişdi, Zəngilandan Bakıya aparan magistral yolu nəzarətdə saxlayırdılar. Qafan, Mehri, Qubadlı və Cəbrayıl istiqamətindən hücuma keçmişdilər.

Müdafiə rayonu 2 dəfə böyüyərək 150 km-ə qədər uzanmışdı. Alayın bütün bölmələri müdafiə mövqeyində yerləşdirilmişdi. Müdafiə döyüşünü aparmaq üçün qüvvə çatışmırdı. Düşmənin texnikasını vurmaq üçün çox az mərmi qalmışdı. Olduqca çətin şəraitdə kəşfiyyat bölüyü Baloğlan Süleymanovun rəhbərliyi ilə Cəbrayıl rayonunun Dərzili kəndində müdafiə mövqeyi tutmuşdu.

Ermənilər kəşfiyyat bölüyünün üzərinə 1 motoatıcı taboru və 1 tank bölüyü ilə hücuma keçmişdilər. Lakin ciddi müqavimətlə qarşılaşmış və itki verərək geri qayıtmışlar. Yenidən qüvvələrini cəmləşdirən düşmənin bir neçə tankı müdafiə zolağını yararaq Baloğlanın bölüyünə tərəf istiqamət alıb. Düşmən tankları bu dəfə səngərləri hədəfə almağa başlayıb. Baloğlan Süleymanov, Emin Nəsibov, Qasım Mönsümov, Bəhram Adığözəlov, Əlibaba Məmmədov və digərləri düşmənlə bu qeyri-bərabər döyüşlərdə şəhid olub, onlarca əsgər yaralandı.

Alayın ehtiyat hissələri olmadığına görə təminat bölüyünün əsgərləri də kömək üçün oraya göndərilmişdi. Onlar da orada şəhid olmuşdular.

Dərzili kəndindən hücum edən Ermənistan silahlı birləşmələrinin hücumunun -qarşısını almaq üçün   oktyabrın 25-də leytenant Sabir Paşayevin rəhbərliyi ilə altı nəfər milis əməkdaşı – baş çavuş Elşad Nərimanov, çavuşlar İsmayıl İsmayılov, İlham Quliyev, Aqil Quliyev, Möhlət İsmayılov, Fazil Bəşirov ilə birgə oraya döyüşə göndərildilər. Onlar Zəngilan alayının qorxmaz əsgər və zabitləri ilə birgə son nəfəslərinə kimi döyüşdülər. Qəhrəmanlıqla döyüşdülər.

Düşmənin qarşısını kəsənlərin sırasında bu yeddi milis əməkdaşı da var idi. Düşmən irəliləyə bilmirdi. Düşmənin bir neçə döyüş tex-nikası, onlarla döyüşçüsü məhv edilmişdi. Düşmən döyüşçülərimizin müqavimətini qıra bilmirdi. Az sonra kömək alan düşmən fəallaşdı, manevr edərək döyüşənlərimizi mühasirəyə aldı. Təslim olmadılar. Döyüşdülər. Mühasirədən çıxmaq üçün döyüşdülər. Mühasirədən çıxa bilmədilər…

Hərdən 7 rəqəmi mənə “Yeddi oğul istərəm” bədii filmini xatırladır. Peykanlını camaatın “gününü qara edənlərdən” təmizləməyə gəlmişdi 7 oğul. Bu oğullar o illərdə qurtuluş üçün döyüşməyə gəlmişdilər. Neçə on illərdən sonra Zəngilanda da 7 oğul düşmənin niyyətiylə döyüşə göndərilmişdi. Neçə-neçə yeddi oğullardan seçilməyən bu 7 oğulun döyüş təcrübələri vardı…

Döyüşəcəkdilər. Torpaqlarımızın xilası üçün döyüşəcəkdilər, Zəngilana işğal yelləri əsməməsi üçün döyüşəcəkdilər, ermənilik niyyətini burada çilikləmək üçün döyüşəcəkdilər. Vətən naminə ölümdən qorxmadan qəhrəmanlıqla fədakarlıqla sinələrini sipər edən yurdsevər oğulların sırasında bu yeddi oğul da döyüşəcəkdi…

Döyüşdülər…

Yeddi polis əməkdaşının taleyi həmin gün itkinlik dumanına büründü; şəhidmi oldular, əsirmi düşdülər? – dəqiqləşdirmək mümkün olmadı, düşmən bu gümanların heç birinə dəqiq cavab vermədi. Bu oğullar əsir düşə bilməzdilər. Vətəni bunca sevənlər, Zəngilanı ömrüylə qoruyanlar, müharibə başlayalı səngərlərdə gecələyənlər, Zəngilanın təhlükəsizliyi üçün döyüşən-lər əsir düşməzdi, düşmən heç birinin son nəfəsinə çata bilməzdi; yeddi polis işçisi mühasirədən çıxmaq üçün döyüşürdü. Bu döyüş azərbaycançılığın erməniliklə döyüşüydü, mərdliyin namərdliklə döyüşüydü…

Ağır döyüş gedirdi…

Hansı yaralanmışdı, kim döyüşə-döyüşə yaralıya köməyə tələsmişdi, kim yardım edəndə yaralanmışdı, kimin son nəfəsi kimin son nəfəsinə qarışmışdı, … bilinməyəcək, heç zaman bilin-məyəcək. Hamısı qətiyyətlə döyüşürdü, döyüşə-döyüşə düşmənləri məhv edirdi, onların sırasını seyrəldirdi. Hamısı döyüşə-döyüşə yaralanıb, yaralı-yaralı döyüşüb. Hamısı döyüşə-döyüşə şəhid olub. Düşmən bu yeddi igidə qalib gələ bilməyəcəyini qətiləşdirəndə onları tanklarla atəşə tutub, ora artilleriya mərmisi də atıb…

Düşmən belə mərdlərin, belə oğulların nəşini erməniliyinə görə verməzdi – gizlədərdi, azərbaycanlı döyüşçülərin kimliyini tarixdən gizlətmək üçün gizlədərdi, erməniliyə qaxınc olduğuna görə gizlədərdi; yeddi oğul düşmənə bu döyüşdə dağ çəkmişdi…

Payız yelləri bu faciəni Zəngilana çatdıra bilmədi…

Zəngilanda Birinci Qarabağ müharibəsinin neçə-neçə ağır döyüşünün ən ağırı bəlkə də bu döyüş olub; yeddi döyüşçü onlarca düşmənlə döyüşüb, mühasirəyə düşüb, onlara kömək gəlməyib, mühasirədən çıxmaq, Zəngilana can atan işğalın qarşısını kəsmək üçün döyüşüb. Son nəfəsəcən döyüşüblər.  Qəhrəmanlıqla döyüşərək yaralıları təhlükəsiz yerə çıxartmaq və mövqeni dəyişmək istəyən polis əməkdaşları düşmənin zirehli texnikalardan, “Qrad” və toplardan atdığı mərmilərin partlaması nəticəsində hamısı bir yerdə şəhid olub. Ermənilər yeddi döyüşçünün şəhidliyinə məğlub olmuşdu…

Sabirin qızı Vəfa atasını görməyib. Atasının ruhunun alqışı həmişə onunla olub; özünə şəhid qızı deməyib, döyüşçü qızı deyib. Uşaqlığında babası Əzizdən, nənəsi Qənfilədən qəhərlənə-qəhərlənə soruşardı:

– Mənim atam nə vaxt gələcək?

Ümid verərdilər. İnanırdımı, inanmırdımı, bilmirdilər…

Sonralar “Atam Qarabağdadı, qayıdacaq…” deyib, bu inama illərlə özü də inanıb. Sonralar “Torpaqlarımız işğaldan azad edilənə kimi atamın ruhu əsgərlərin sırasında olacaq, atamın ruhu da döyüşəcək…”, – məktəb yoldaşlarına belə deyərdi. Baxışlarına hopan qəhəri hamıdan gizlədərdi, təkcə nənəsindən gizlədə bilməzdi…

“Leytenant Sabir Paşayevin qızıyam…” – tələbə yoldaşlarına özünü belə tanıdardı. Leytenant Sabir Paşayevin kim olduğunu soruşanla bircə kəlmə deyərdi: “Döyüşçü…” Yoldaşları gerçəkliyi sonralar bilmişdilər. Biləndə hamısının kirpikləri nəmlənmişdi…

Leytenant Sabir Paşayevin ömrünün illərində Zəngilanın (Vətənin!) işığı olub, bu işıq da Sabirin özüylə döyüşlərdə olub, bu işıq da döyüşüb. Sabirin şəhidliyinin son anları bu işığa sarılıb, indi Sabirin ruhunda yaşamaqdadı. Bu işıq ölməzlik işığıdı…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90