“Vilayətin mərkəzi əvvəlcə Şuşa idi, amma Moskva bunu dəyişdirdi”
Xəbər verdiyimiz kimi, TASS-ın “Stepanakert”la bağlı anti-Azərbaycan təxribatı erməni revanşist-separatçıları ruhlandırıb. O sırada mifik “artsax”ın üzdəniraq “mədəniyyət nazirliyi” öz aləmində bəyanat yayaraq, TASS-ı haqlı çıxarmağa çalışıb.
Sitat: “Aivazovskinin abidəsi 2021-ci ildə “artsax respublikası”nın “dövlət orqanları”, “artsax”ın rus icması və Rusiya sülhməramlı missiyasının birgə təşəbbüsü ilə ucaldılıb. Müstəqil “artsax respublikası” öz qərarlarını tam suveren hüquqlar əsasında qəbul edirdi və qonşu dövlətdən (Azərbaycan nəzərdə tutulur – red.) heç bir icazə almağa borclu deyildi”.
Bu absurd və sayıqlama öz yerində, uydurma “nazirlik” sonda iddia edib ki, Xankəndinə “Stepanakert adı 1923-cü ildə, yəni DQMV yaradılarkən “Bakı rəhbərliyi tərəfindən erməni inqilabçısı, Bakı komissarlarının rəhbəri Stepan Şaumyanın şərəfinə verilib”.
Bəs əslində necə olub? Azərbaycan xalqının düşməni Şaumyanın adını şəhərə kim, nə vaxt, hansı şəraitdə təklif edib? Ümumiyyətlə, necə olub ki, Pənahəli Xanın əsasını qoyduğu və azərbaycanlıların yaşadığı şəhər tədricən erməniləşib və adı dəyişdirilib? Bu işdə “sapı özümüzdən olan baltaların” günahı nə qədərdir?
Tarix elmləri doktoru, professor Boran Əziz mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bu gün Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana qarşı müxtəlif formalarda hücumlar yenidən güclənməkdədir. Bu hücumların istiqamətlərindən biri tariximizin tamamilə təhrif edilməsi və insanların Azərbaycan xalqına, onun tarixinə qarşı düşmən ruhda yönləndirilir ki, bu da ciddi narahatlıq doğurur. Buna görə də onlara bu istiqamətdə düzgün, dəqiq və məntiqli, elmi cavab vermək hər dövlət orqanları ilə yanaşı KİV-lərin də borcudur.
Ermənilərin xalqımıza qarşı apardığı son həftələrdəki təbliğat formalarından biri Aivazovskinin heykəli ilə bağlıdır. Əvvəlcə, Aivazovskinin şəxsiyyəti haqqında bəzi məlumatlar vermək zəruridir. O, 1845-ci ildən İstanbulda yaşayaraq orada dəniz mənzərələri çəkib və üç Osmanlı sultanına təqdim etdiyi rəsm əsərləri ilə diqqəti cəlb edib. Osmanlı sultanı onu saraya dəvət edib, yüksək mükafatlar və pul verməklə yanaşı, istedadı qiymətləndirilib. Lakin o, bu hörmətin müqabilində əsl erməni xisləti nümayiş etdirərək, sonradan ermənilərin Türkiyədə üsyan qaldırmasına və türk-müsəlman ərazilərində qırğınların törədilməsinə kömək edən, onları bu istiqamətdə təhrik edən şəxslərdən birinə çevrilib.
Onun belə yaramaz hərəkətləri xüsusilə 1895-1896-cı illərdə Van, İqdır və s. ərazilərdə baş vermiş erməni qiyamları zamanı açıq şəkildə ortaya çıxıb. O, Osmanlı sultanının verdiyi mükafatlardan imtina edərək ayaqlar altına atıb, həyat yoldaşı ilə birlikdə Türkiyənin parçalanması və orada əvvəlcə ermənilər üçün bəylik yaradılması uğrunda fəaliyyət göstərən qruplara mənəvi rəhbərlik edib”.
Professor qeyd edir ki, o dövrdə Osmanlı dövlətini parçalamağa çalışan böyük dövlətlərin tam dəstəyi ilə hərəkət edən Aivazovskinin rus çarı tərəfindən general rütbəsinə layiq görülməsi də təsadüfi deyil: “O, rusların Osmanlı dövlətini parçalamaq, bölmək və ermənilər üçün orada dövlət yaratmaq planlarının simvolu olub. Bu baxımdan onun heykəlinin Xankəndidə ucaldılması da təsadüfi deyil. Əvvəla, 1921-ci il dekabrın 1-də Rusiyanın sülhməramlıları yerli erməni separatçıları ilə birlikdə həmin heykəlin ucaldılmasına şərait yaradıblar. Maraqlıdır ki, bu, sülhməramlıların funksiyalarına aid olmayan bir iş idi. Gələcəkdə separatizmi Azərbaycan torpaqlarında təbliğ edən şəxsə heykəl qoyulması da məqsəd daşıyırdı. Bu baxımdan həmin heykəlin qanunsuz olaraq Azərbaycan dövlətinin razılığı olmadan qoyulması və sülhməramlıların səlahiyyətindən kənar işlərlə məşğul olmasına görə heykəlin götürülməsi tamamilə doğru addım idi”.
Boran Əziz daha bir məqamı önə çəkir: “Maraqlıdır ki, erməni və Rusiya mətbuatı arasında “Stepanakert” adı ilə bağlı da saxta təbliğat aparılır. Məlumdur ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar 1921-ci il iyulun 4-də verilsə də, bu qərar yalnız 1923-cü ilin iyul ayının 7-də reallaşdırılmağa başlayıb. Cəsarətsiz Azərbaycan kommunistləri belə 1923-cü ildə yaradılan muxtar vilayətə “Dağlıq Qarabağ Muxtar Vilayəti” adı verib. Kommunist də olsalar, doğru fikirləşiblər. Sovet hakimiyyəti terminologiyasına görə “Dağlıq Qarabağ Muxtar Vilayəti” və “Muxtar Dağlıq Qarabağ Vilayəti” arasında böyük fərq var idi. Birinci halda bütün Qarabağın dağlıq hissəsini əhatə edən, guya ermənilərin yaşadığı geniş ərazi nəzərdə tutulurdu ki, bu, yanlış idi. Ona görə “Muxtar Dağlıq Qarabağ” termini daha uyğun olardı, lakin Moskva buna icazə verməyib. 1923-cü il iyulun 7-də verilmiş bu dekret preambula, dörd bənd və Müştərək Komissiyanın yaradılması haqqında fərman var idi.
Dekret preambulasında tarixi xronologiya pozulmuş, faktlar təhrif olunmuş, muxtar vilayətin yaradılması zərurəti əsaslandırılmamışdır. Həmin sənəddə göstərilirdi ki, Dağlıq Qarabağın ermənilərin yaşadığı hissəsindən, Azərbaycan SSR-in tərkib hissəsi kimi Xankəndi şəhəri mərkəz olmaqla muxtar vilayət yaradılsın. Bu, təsadüfi deyildi, çünki 1921-ci il fərmanında muxtar vilayətin mərkəzi Şuşa şəhəri nəzərdə tutulmuşdu. Lakin Azərbaycan kommunistləri o dövrdə cəsarətlə buna etiraz etmiş və nəticədə Xankəndi mərkəz kimi müəyyən edilmişdi. Cəmi 10 gün sonra isə 1923-cü il iyulun 16-da Azərbaycan Kommunist Partiyasının Mərkəz Komitəsinin qərarı ilə Şuşa şəhəri də muxtar vilayətin tərkibinə daxil edildi”.
Professora görə, ermənilərin və Rusiya tərəfinin iddialarından biri də Azərbaycan hökumətinin Xankəndi adını dəyişməsi ilə bağlıdır: “Bu iddia tamamilə yanlışdır. Tarixi sənədlərə baxanda görünür ki, 1923-cü il sentyabrın 18-də Dağlıq Qarabağ Muxtar Vilayətinin İcraiyyə Komitəsi Xankəndi şəhərinin adını dəyişdirərək, Azərbaycan xalqının qatı düşməni sayılan Stepan Şaumyanın adı ilə – Stepanakert olaraq dəyişmişdir. Bu qərar Moskva tərəfindən də dəstəklənib. Xankəndi əvvəllər xan və ailəsinin istifadə etdiyi kiçik yaşayış məntəqəsi olub. Xan ya Şuşaya düşərkən, yaxud qışda Şuşaya qalxmaq mümkün olmayanda bir neçə gün orada qalmaq üçün kiçik evlərdən ibarət məskənə malik idi. Əsasən Xan ailəsinin at tövlələri və ərzaq ambarları burada yerləşirdi. Rusiyanın həyata keçirdiyi siyahıyaalmada Xankəndi və ətrafındakı kənd cəmiyyətlərində yaşayan adamların etnik tərkibi barədə geniş məlumatlar verilib. Bu sənədlər göstərir ki, ermənilərin bu bölgəyə yerləşdirilməsi Qarabağ xanlığının ləğvi və Azərbaycan ərazilərində ermənilərin kütləvi köçürülməsi siyasəti nəticəsində baş verib. Hətta 1897-ci il siyahıyaalmasında orada cəmi bir erməni ailəsinin yaşadığı göstərilirdi. Çar Rusiyası Xankəndinin strateji əhəmiyyətini nəzərə alaraq orada xüsusi qərargah yaratmışdı. Sonradan cümhuriyyət dövründə də orada Azərbaycan hökumətinin qoşunlarının qərargahı yerləşmişdi. Amma 1921-ci ildən sonra artıq tədricən vilayətin mərkəzinə çevrilməyə başladığı üçün ermənilərin sayı kifayət qədər artdı. Misal üçün, 1897-cil il siyahıyaalınması ilə 1921-ci il torpaqlarımızı işğal edən bolşevik Rusiyasının keçirdiyi siyahıyaalınmaya baxsaq görərik ki, ermənilərin sayı qısa müddət ərzində 10 dəfədən artıq çoxalıb. 1923-cü ildən sonra ermənilərin bu torpağa köçürülməsi ardıcıl şəkildə həyata keçirilib”.“Yeni Müsavat”