Lüksemburqda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisi ciddi problemlə üzləşib.
Raul Hacıyev, Əsəd Əsədli və Nihat Mehrəliyev yığmadan kənarda qalıb.
Onların heç biri qitə birinciliyinə aparılmayacaq. Buna səbəb AFFA-nın sənəd məsələsini həll edə bilməməsidir.
Dünənə kimi hər yoldan keçən əcnəbiyə pasport paylayan federasiya bu dəfə əl-qolunu yanına sallayıb. AFFA-nın Gənclər və İdman Nazirliyi ilə apardığı atüstü danışıqlar uğursuz nəticələnib.
Halbuki adını çəkdiyimiz futbolçular təmiz azərbaycanlıdır. Sadəcə, onlar xarici ölkələrdə doğulub. Vaxtilə dədə-babaları, ata-anaları burada yaşayıb.
Bununla belə, AFFA və nazirlik pasport almalarına, Azərbaycan yığmasına kömək etmələrinə dəstək vermir.
Stoper Raul Hacıyev hazırda Gürcüstanda “Rustavi”nin şərəfini qoruyur. Yarımmüdafiəçi Əsəd Əsədli Rusiyadan – “Krasnodar”dan gəlib və hazırda “Turan Tovuz”un düşərgəsində yer alıb.
Daha bir orta sahə oyunçusu – Nihat Mehrəliyev isə Ukraynada həyata göz açıb və “Qarabağ”a cəlb olunub.
Bu oyunçuların hamısı son vaxtlara kimi milliyə çağırılıb. Bir ildən artıq müddətdə keçirilən bütün toplanış və yoxlama görüşlərində iştirak ediblər.//Sportinfo.az