Bu yazımızda Türkiyənin cənubunda Aralıq dənizi sahilində yerləşən Antalya haqqında oxucularımıza məlumat verəcəyik. Antalya kurort şəhəri və liman çəhəri kimi məşhurdur. Antalyanın əhalisi 2020-ci ilin rəsmi statistikasına görə 2.840.000 nəfərdir.
Antalya ərazicə Türkiyənin altıncı böyük rayonudur. Cənubunda Aralıq dənizi, qərbində Muğla, şimalında Burdur və Isparta, şimal-şərqində Konya, şərqində isə Karaman və Mersin rayonları var. Antalya şəhəri, 1980 ildən sonra əlverişli iqlim şəraiti və turizm tədbirləri səbəbilə sürətlə inkişaf etmiş və buna paralel olaraq rayon də hazırda Türkiyənin ən böyük beşinci rayonu olmuşdur. Antalyada iqtisadi həyat böyük miqdarda ticarət, kənd təsərrüfatı və turizmə əsaslanır. Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur.
Öz növbəsində Likiyalılar, Lidiya, Pamfiliyalılar, Bergamalılar, Romalılar, Bizanslılar, Səlcuqlar, Osmanlılar və son olaraq da Türkiyə Cümhuriyyəti hakimiyyətində olan Antalya, bu mədəniyyətlərin heç birində paytaxt olmayıb. Yaşayış yerləri xaricindəki rayon ərazisinin böyük hissəsi taxıl tarlaları ilə örtülü yaylalardan ibarətdir. Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığına bağlı 3-cü Piyada Təlim Briqada Komandanlığı və Hava Qüvvələri Komandanlığına bağlı Hava Meydan Komandanlığı Antalyada yerləşir.
Daha bir maraqlı məqam isə bütün dünyadan Antaliya turist axının ilbəil çoxalmasıdır. Rusiyanın TASS agentliyinin açıqlamasına görə Rusiyadan xarici ölkələrə səfər edən turistlərin 75 faizi Antalyaya səfər edir. Rusiya mətbuatının açıqlamasına görə 2023-cü ildə təqribən 4 milyon rus turist Antalyaya səfər edib. Turistlərin Antalyaya axın etməsinin səbəbi nədir?
Çimərliklərin təmizlik göstəricisi olan Mavi Bayraqlı çimərlikləri ilə Antalya turizmin cənnət bölgəsi hesab edilir. Alanya, Side, Belek, Kaş, Kalkan, Kemer və Manavgat bölgələri ilə birlikdə dünyanın hər yerindən insanları özünə cəlb edir. Bura möhtəşəm yay kurort məkanı olmaqla yanaşı, min illiklərə dayanan tarixi abidələri ilə turistləri heyran etməyi bacarır. Antalya komfortlu və sakit istirahəti sevənlərlə yanaşı, çılğın həyatı sevənlər üçün də möhtəşəm məkandır. Kemer, Alanya və Sidenin gecə həyatı, rəngarəng əyləncələri ilə yay müddəti 24/7 hər kəsə möhtəşəm anlar yaşadır. Antalyanın ən gözəl və gəzilməli yerlərini diqqətinizə çatdırırıq.
1. Antalya Olimpos: Təbii gözəlliyi ilə sanki bir cənnətdir. Kemer şəhərindən 28 kilometr uzaqlıqdakı Kumluca şəhərindəki Olimpos da tarix və təbiət sevənlərin vazkeçilməz bölgəsidir.
2. Düden şəlaləsi: Antalyanın gözəlliyi ilə turistləri cəlb edən gözəl bir inci. Muratpaşa kəndində yerləşən bu gözəl məkan restoran, əyləncə mərkəzi və ayrıca heyvanat bağçası ilə turistlərə gözəl anlar bəxş edir.
3. Fosforlu mağara: Alanyada yerləşən Fosforlu mağara Antalyada görməli olduğunuz yerlərdən biridir. Kiçik qayıqla mağaraya daxil olub yay üçün möhtəşəm olan buz kimi sularda üzə bilərsiniz.
4. Ceneviz kəndi Antalyada görməli olduğunuz yerlərdən biridir. Olimpos bölgəsinə yaxın olan kənd təbiət qoynunda və şəffaf sularda istirahət istəyənlər üçün ideal seçimdir.
5. Aspendos Antik teatrı: Yunan əfsanələrinə görə Troya döyüşündən sonra inşa edilən teatr indiyədək tarixin izlərini özündə qoruyur. Antalyanın Serik ilçəsində yerləşən antik məkanı siyahıya əlavə edin.
6. Apollon məbədi: Antalyanın tarixini bütün ehtişamı ilə görə biləcəyiniz məkan. Yunan mifologiyasında İşıq Tanrısı Apollonun adına inşa edilmiş məbəd sizi heyran edəcək. Yolunuz Sideyə düşsə, ziyarət edin.
7. Kekova Batmış şəhəri: Sahildən 500 metr aralıqda yerləşən adada Antalya tarixinin bir incisi olan Kekova Batmış şəhərini görmək olar.
8. Sapandere Kanyonu: Alanyada yerləşən kanyon Antalyanın təbiət incisidir. Təbiət qoynunda gəzməyi sevirsinizsə, bura da səfər edin.
9. Hadrian Kapısı Antalya tarixinin ən özəl tikililərindən biridir. 130-cu ildə Roma imperatoru Adrianın şərəfinə ucaldılmış tikilidir. Bura Antalyanın ən çox ziyarət edilən tarixi məkanlarındandır.
10. Köprülü Kanyon Milli Parkı Antalya tətilində fərqli bir istiqamətdir. Burada raftinq və kanoe idman növlərinin həyəcanını yaşaya bilərsiniz.
11. Antalya Akvariumu – 5 milyon litr su dolu möhtəşəm məkan. Böyüklüyünə görə Avropanın 2-ci və dünyanın 5-ci akvariumu olan bu məkanda 20 mindən çox balıq və dəniz canlısı yaşamaqdadır. Ailənizlə səyahət edirsinizsə, mütləq buranı uşaqlarınıza göstərməlisiniz.
12. Çavuşköy – Kumlucada yerləşən bir təbiət gözəlidir. Roma dövründə liman kimi istifadə olunan bölgə indi təbiətdən zövq almağı sevənlərin məskənidir.
13. Konyaaltı Plajı – Kilometrlərlə uzunluqda ictimai çimərlikdir. Mavi bayraqlar dalğalanan çimərlik Antalyada insanların ən çox olduğu məkanlardandır.
14. Side Antik Tiyatrosu – 17 min insan tutumu ilə Antalya tarixinə böyük bir mirasdır. Gəzməyi sevirsinizsə, bura da səfər edin.
15. Firnaz kəndi – Antalyanın ən gözəl kəndlərinin sıralamasını hazırlasaq, Firnaz kəndi ilk 3-lükdə olar. Əminliklə qeyd etmək olar ki, bura çox özəl bir istirahət məkanıdır.
16. Sorgun çimərliyi – Sidedə yerləşən çimərlik xüsusi qorunaraq, tərtəmiz suları ilə insanların istirahətini unudulmaz edir. Turistlərin ən çox üstünlük verdiyi çimərliklərdəndir.
17. Magydos Antik Kenti – 2400 illik tarixi ilə Antalyanın maraqlı tikililərindəndir. Maraqlı olma səbəblərindən biri odur ki, eramızdan əvvəl 4-cü yüzillikdə bu kənddə su xətti və hamam mövcud olmuşdur.
18. Phaselis çimərliyi mavi və yaşılın sintezi ilə dünyada unikal bölgələrdəndir. Kəmər bölgəsində yerləşən çimərlik insanlara təbiət qoynunda zərif istirahət bəxş edir.
19. Kadini Magarası təxminən 20 min il əvvəl Antalyada insanların yaşadığına nişanədir. Alanyada yerləşən mağaranın astmadan əziyyət çəkənlərə şəfa verdiyi deyilir.
20. Karain Mağarası Türkiyənin ən böyük və ən qədim mağaralarındandır. Tarixi 500 min ilə dayanan Karain Mağarası tarixin izlərini özündə qoruyub saxlaya bilmişdir.
Qoşqar Salmanlı