Bu gün dünyada Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkə var. Bu ölkələrin hər birində özünəməxsus xüsusiyyətlərə malik şəhərlər, qeyri-adi mədəniyyətləri var. Sosial-mədəni və iqtisadi tarazlıqları olan Avropa ölkələri, bu qlobal dövrdə öz unikallığını qoruyub saxlaya bilmiş Uzaq Şərq ölkələri, tam mədəni mozaika təqdim edən Amerika qitəsi və daha çoxu ilə dünyanın özü kəşf edilməli bir xəzinədir. Dünya rəngarəndir. Dünyanı kəşf etmək üçün gəzmək əsas şərtdir. Səyahət dünyanı gəzməkdən daha çox şeyə çevrilir, insanın özündə gizlənən sirləri açmağa çevrilir. Səyahət etməyin, görməyin insana verdiyi tamam başqa dəyəri var.MəhzbusəbəbdənTürkiyəturistlərüçüncəlbedicibirməkandır.Hər il milyonlarla turist Türkiyəyə səfər edir. Ümumdünya Turizm Təşkilatının hesabatına görə son 5 il ərzində Türkiyəyə turizm axını 80 faiz artıb.
Türkiyənin turizm sənayesi davamlı yüksəlişini davam etdirir.
Türkiyənin turizmdən real inkişafını Discover Events idarə heyətinin sədri Yunus Ete açıqlayıb.
“Bu ili 60 milyon turist və 56 milyard dollarla bağlamağı hədəfləyən sektor Türkiyə əsrinə güclü iddia ilə daxil olur. Türkiyə Mədəniyyət və Turizm nazirliyinin tərtib etdiyi yol xəritəsinə əsasən, turizmdən 2024-cü ildə 68 milyard dollar, 2025-ci ildə 77 milyard dollar, 2026-cı ildə 85,3 milyard dollar, 2027-ci ildə 93 milyard dollar və 2028-ci ildə 100 milyard dollar gəlir əldə edilməsi hədəflənib. Bu məqsədə çatmaq üçün ən güclü səylərdən biri turizmin şaxələndirilməsidir. Buradakı ən böyük dəstəklərdən birinin sağlamlıq turizmindən gəlməsi gözlənilir. Tətil məqsədi ilə gələn turistdən orta hesabla üç dəfə gəlir əldə edən sağlamlıq turizmində bu ilin sonuna qədər iki milyon xarici xəstənin qəbul edilməsi gözlənildiyi halda, 2028-ci ildə bu rəqəmin 5 milyona yüksəlməsi hədəflənir. Sağlamlıq turizmindən əldə edilən gəlirin 30 milyarda çatdırılması planlaşdırılır. Bu çərçivədə 9-cu Dünya Halal Sammiti çərçivəsində bu il ilk dəfə İstanbulda keçiriləcək ETHEXPO Avrasiya Turizm və Sağlamlıq Sərgisi sağlamlıq turizminə güclü töhfə verməyə hazırlaşır”,- deyə sədr bildirib.
Bir sözlə Türkiyə turizm gəlirlərinə görə və turizm axınına görə dünyanın lider ölkəsinə çevrilir. Bu yazımızda Türkiyəyə turistlərin gəzməli və görməli olduğu məkanları oxucularımızın diqqətinə catdıracayıq.
1. Göbeklitepe
Göbeklitəpə Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsində yerləşən ərazidir. Bu ərazini dünya miqyasında çox qiymətli edən əsas cəhət odur ki, burada dünyanın ən qədim məbədləri var. Ona görə də bu məkan kollektiv həyatın və bu həyata inancın meydana gəldiyi bir mərkəz kimi önəmlidir. Dini turizm və dinlərin tarixi baxımından çox dəyərlidir. Bəzi tapıntılar Göbeklitəpəni ilk əkinçiliyin edildiyi və ya insanların məskunlaşdığı yer kimi göstərir. Göbeklitəpə “sivilizasiyanın başladığı yerdir” desək yanılmarıq. Qeyd edək ki, bu xüsusi tarixi xarabalığa malik olan bölgə qastronomiya baxımından da çox qiymətli zənginliyə malikdir.
2. Efes Qədim Şəhəri
Efes Antik Şəhəri İzmirin Səlcuq rayonundadır. Mağazalar, kitabxana, inzibati bina və teatrdan ibarət şəhər məhəllələrə bölünərək genişlənir. Şəhərin ətrafında dövr edən su kanalları şəhər memarlığı baxımından çox qiymətlidir. Dünyada ilk tualet və kanalizasiya sistemindən bu şəhərdə istifadə olunduğu güman edilir. Celsus Kitabxanası ilə bir çox İzmir tanıtım broşürlərində yer alan bölgə təkcə tarixi deyil, həm də mədəni baxımdan çox əhəmiyyətlidir. Həmçinin Yəhyanın İncili də burada yazılmışdır. Efes Qədim Şəhərini ziyarət edərkən yaxınlıqdakı Səlcuq Muzeyi və Şirince kəndini də ziyarət edə bilərsiniz.
3. Pamukkale
Dənizli vilayətində yerləşən Pamukkale heyrətamiz və bənzərsiz bir təbiət quruluşu təqdim edir və nəhəng Hierapolis Qədim Şəhərinə ev sahibliyi edir. Pamukkale və Hierapolis Antik Şəhəri Türkiyənin görməli yerləri siyahısında önəmli yer tutur.
4. Kapadokya
Gözəl atlar diyarı mənasını verən Kapadokya Türkiyənin ən unikal turizm məkanlarından biridir. Təbii formasiyalar olan pəri bacaları və onların üzərində yüksələn səmada rəngarəng uçan şarları ilə az qala nağıl kimidir. İkonoklazmadan qaçan rahiblərin bir vaxtlar gizləndiyi qayaların insan əli ilə nəhəng kilsə və monastırlara çevrilməsi həm qorxulu, həm də təsir edicidir. Kapadokya Otelləri də memarlıq baxımından təsir edicidir.
5. Qaziantep & Hatay & Adana
Türkiyəyə gələn turistlərin böyük hissəsi məhz türk mətbəxinə görə səfər edirlər. Çünki türk yeməkləri, Yaxın Şərq ədviyyatları və bişirmə texnikası, Uzaq Şərqin izləri, köçəri türk ənənəsi və Aralıq dənizi mətbəxinin birləşməsini təklif edən unikal teksturaya malikdir. Bu xüsusi yemək toxumasını yaşamaq üçün Qaziantep, Hatay və Adana şəhərlərindəki restoranlara üstünlük verilir. Qaziantep UNESCO-nun dünya qastronomiya şəhərləri siyahısına daxil edilib.
6. Şərqi Qara dəniz yaylaları
Türkiyə həm təbiəti, həm də tarixi və mətbəxi ilə bənzərsizdir. Üç tərəfdən dəniz, müxtəlif şaquli və paralel yüksəkliklər, çayların təsiri ilə iqlim, təbiət və endemik növlər baxımından müxtəlif floraya malikdir. Yaşıllığı sevən təbiət həvəskarlarının, eləcə də təbiət tədqiqatçılarının Türkiyəyə üstünlük verməsinin səbəbi də budur. Şərqi Qara dəniz yaylaları da ən çox ziyarət edilən və mütləq görülməli yerlər sırasındadır.
7. İstanbul
Türkiyədə ziyarət ediləcək yerlərə gəlincə, İstanbul tək başına əhəmiyyətli bir səyahət məkanıdır. Şəhər Ayasofya və Xora Muzeyi, Yerebatan Sarnıcı, bir çox sənət qalereyası, Adalar və Boğaz mənzərələri ilə çox zəngin səyahət xəritəsi təqdim edir. İstanbul bir gündə ziyarət ediləcək şəhər deyil. Yalnız bu şəhər üçün xüsusi olaraq ən azı bir həftəlik səyahət planlaşdırmaq lazımdır.
8. Ege sahilləri və Muğla – Bodrum
Ege bölgəsi Türkiyədə istirahət edəcəyi yerlər və Türkiyənin ən gözəl dalğıc yerləri kimi araşdırmalarda ön plana çıxır. Dalış və üzgüçülük üçün Ege çimərliklərinə üstünlük verilir. Çeşme, Foça, Urla, Seferihisar və Bergama kimi həm tarixi, həm də dəniz turizmi məkanları tətil və səyahət üçün seçilir. Dünyanın ən gözəl istirahət məkanlarından biri sayılan Bodrumu mütləq bu mənada görmək lazımdır.
9. Antalya
Türkiyədə tətil üçün ən zəngin və əhatəli yerləşdirmə variantlarını Antalya və ətraflarında tapa bilərsiniz. Antalyada otel turizmi ilə yanaşı təbiət və tarix baxımından heç yerdə görə bilmədiyiniz gözəlliklər var. Bu xoş səyahətdə siz avtomobil icarəyə götürərək kəndləri və şəhərləri də kəşf edə bilərsiniz.
10. Ankara
Ankara Türkiyədəki tətillər və ya Türkiyədə ziyarət ediləcək yerlər siyahısında mühüm yerdir. Bir ölkənin qurulması hekayəsindən bəhs edən bu şəhər 1900-cü illərin əvvəllərində dünyanın vəziyyəti haqqında da əhəmiyyətli bir mənbə təqdim edir. Dünya tarixində mühüm yeri olan Atatürk üçün tikilmiş məqbərə Anıtkabir də Türkiyənin görməli yerləri sırasındadır.
Qoşqar Salmanlı