“Divanü lüğat-it-türk” – 950
Xəbər verdiyimiz kimi, AMEA-da Dilçilik İnstiutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk” – 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Türk Dil Qurumunun başqanı, professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru, professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ün misilsiz məziyyətlərindən bəhs ediblər. Daha sonra akademik Nizami Cəfərovun, professor Mahirə Hüseynovanın və professor İsmayıl Kazımovun məruzələri dinlənilib.
Konfransda Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyev də çıxış edib. “Divanü lüğat-it-türk”ün – 950 illiyi və beynəlxalq elmi konfransla bağlı ondan aldığımız müsahibəni təqdim edirik.
– Cavanşir müəllim, bu ilin dekabrında türklüyün böyük abidəsi olan “Divanü lüğat-it-türk”ün 950 illik yubileyi UNESCO səviyyəsində qeyd ediləcək. Bildiyimiz kimi, həmin əsər bir zaman it-bat edilmişdi, amma ötən il bizim Dilçilik İnstitutunun arxivindən tapılıb və nəşr edilib. Mart ayında ADA Universitetində dəyərli ensiklopediyanın təqdimatı keçirilib, ötən həftə isə yubileylə əlaqədar Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk:” Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfrans təşkil olunub. İndi də Baklıda bu möhtəşəm tədbir keçirildi. Bu barədə fikirlərinizi bilmək istərdik.
– Ondan başlayım ki, türklük təəssübü, türkçülük ideyası bizim 5 ortaq ədəbi abidəmizdə – Orxon-Yenisey yazılarında, “Kitabi-Dədə Qorqud”da, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”ündə, Yusif Balasaqunlunun “Kutadqu-bilik” poemasında, Xoca Əhməd Yasəvinin hikmətlərində öz ifadəsini tapmışdır. Amma geniş mənada türkçülük məfkurəsi ən ardıcıl şəkildə, konkret linqvistik, etnoqrafik, tarixi və folklor materiallarına əsaslanaraq, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” kitabında əks olunmuşdur. Bu səbəbdən də böyük alimi haqlı olaraq türkçülüyün banisi adlandıra bilərik.
İlk türk ensiklopediyamız olan “Divanü lüğat-it-türk”dən danışarkən Azərbaycan türkologiya elminin inkişafına böyük töhfələr verən, Türk dünyasının görkəmli alimi, Kaşğari irsinin araşdırıcısı, “Divanü lüğat-it-türk” kitabının tərcüməçisi və tərtibçisi, fədakar müəllim, əziz Ramiz Əsgərin unudulmaz xatirəsinə ehtiramla onun tədqiqatlarına müraciət etmək istəyirəm.
“Divanü lüğat-it-türk”ün Azərbaycan nəşrinə yazdığı ön sözdə Ramiz Əsgər qeyd edir ki, Mahmud Kaşğari Qərbi Avropa maarifçiləri – Russonu, Didronu, Volteri, Monteskyönü 7 əsr qabaqlamışdır. Divanın ən mühüm özəlliyi dünya dilçiliyi tarixində müqayisəli metodun əsasını qoyması, türk dillərinin müqayisəli qrammatikasını yaratması və zəngin türk dilini köklü ərəb dili ilə qarşılaşdırmaq surətilə bu iki dilin müqayisəsini aparmasıdır. Dillərin müqayisəsi sahəsində Mahmud Kaşğari öz böyük xələfi “Mühakimət ül-lüğateyn” əsərində türk dilinin fars dili ilə müqayisəsini verən dahi mütəfəkkir Əlişir Nəvaini 4 əsr, F.Ğrap, Ü.Qrim, V.Humbolt, R.Rask kimi məşhur dilçiləri isə təqrilən 8 əsr qabaqlamışdır.
– Bu məsələni “Divan”ın Azərbaycan nəşrinin ön söz müəllifi Süleyman Dəmirəl də vurğulayıb…
– Bəli, o yazırdı ki, türkologiyanın bahadırı M.Kaşğari yalnız türk dilçiliyinin deyil, bütövlükdə dünyada tarixi-müqayisəli metodun, elmi dilçiliyin banisidir. Mahmud Kaşğarinin özünün qeyd etdiyi kimi, 10–15 il ərzində bütün türk ellərini şəhər-şəhər, kənd-kənd, oba-oba gəzərək, 30-dan yuxarı türk ləhcəsini incəliklərinə qədər öyrənmişdir. Bu gün bir çoxu müstəqil dillər olan bu ləhcələrin arasında oğuz, qıpçaq, bulqar, tatar, türkmən, başqurd, uyğur adlarını xüsusi qeyd edirəm. Müəllif özü yazır ki, “Mən türklərin, türkmənlərin, oğuzların, çiğillərin, yağmaların, qırğızların şəhərlərini və məskənlərini uzun illər başdan-başa dolaşdım, sözlərini topladım, müxtəlif sözlərin xüsusiyyətlərini öyrəndim, yaddaşıma həkk elədim. Mən onlara o qədər diqqət edirdim ki, türk, türkmən, oğuz, çiğil, yağma, qırğız boylarının dilləri bütünlüklə məndə cəm oldu”.
Deməli, bizim günümüzdə meydana çıxan ortaq türk dili məsələsini 9 əsr bundan qabaq Mahmud Kaşğari türk dillərini mükəmməl mənimsəməkdə görürdü. Əsərdən gətirdiyim bu sitat başqa bir cəhətdən də maraq doğurur. Kaşğari “türk, türkmən, oğuz” yazır, deməli, hər halda, ən azı, bu 3 xalqı bir-birindən fərqləndirir. Bu mənada qədim türklərin varisləri bugünkü Anadolu türkləridirsə, türkmənlərin varisləri indiki türkmənlərdirsə, oğuzların varisi olmaq bizə, azərbaycanlılara düşür. O da diqqətəlayiq bir məqamdır ki, tarixdə ilk türk xəritəsini yaradan da məhz Kaşğari Mahmud olmuşdur və “Divan”da verdiyi dairəvi dünya xəritəsində bizim vətənimiz Azərbaycan “ərzi Azərabadqan” şəklində göstərilir.
Beləliklə, böyük dilçi, neçə-neçə dilin və ləhcənin bilicisi, ensiklopedist, folklorçu, etnoqraf, tarixçi, ədəbiyyatşünas, coğrafiyaçı kimi müxtəlif sahələri öz şəxsində cəmləşdirən Kaşğari Mahmud tarixdə ilk türkçü, türkçülüyün banisi, nəzəriyyəçisi və fədakar təbliğatçısı kimi mövqe qazanır. Əlbəttə, bu Mahmud Kaşğarinin unikal dahiliyi ilə bağlıdır, amma, eyni zamanda, bu çoxtərəflilikdə dövrün də öz möhürü var. Qaraxanlılar imperiyası tarixdə ilk türk-müsəlman dövlətidir. Türklərin islamı qəbul etmələri nisbətən dinc yolla olmuş və Kaşğari 2 dünyanın, 2 uyğarlığın, 2 mədəniyyətin qovuşduğu bir dövrdə yaşamışdır. Mahmud Kaşğari öz tarixi missiyasını ərəb dünyasına türk dilini və türk dünyasını bütün əlvanlığı ilə tanıtmaqda görürdü.
– “Divanü lüğat-it-türk” Mahmud Kaşğarinin yeganə əsəridirmi?
– Yox. O, “Divan”dan əlavə, “Türk dilinin nəhvi” adlı ayrı bir əsər də yazmışdır, amma, çox təəssüf ki, həmin əsər əlimizdə yoxdur. Hər 2 əsər təsdiq edir ki, Mahmud Kaşğari eyni zamanda, türk dili qrammatikasının ilk müəllifidir, ilk dialektoloq və xalq ədəbiyyatı nümunələrini yazıya alan ilk folklorçu olmuşdur. “Divan”dan türk boyları, türk adət-ənənəsi, türk dastan və əfsanələri, ilkin türk şeir inciləri, atalar sözləri və məsəllər barəsində zəngin məlumat alırıq. Bu baxımdan, konfransda çıxış edən Türkiyə Dil Qurumunun başqanı, professor Osman Mertin “Divan”ın əhəmiyyətinə yanaşması ilə tamamilə razıyam. O dedi ki, “Divani-Lüğat-it-türk” əsərinin bu günkü önəmi yazıldığı zamandakı əhəmiyyətindən dəfələrlə çoxdur. Doğrudan da, əgər Mahmud Kaşqarinin bu irsi bizə gəlib çatmasaydı, 1000 il əvvəlki tarixdə əcdadlarımızın dili, mədəniyyəti, adət-ənənələri, yaşadıqları coğrafiya, etnoqrafik xüsusiyyətləri barədə bilgi bazamız olduqca məhdud olardı. Bu baxımdan əsərin dəyərini nə iləsə ölçmək belə mümkün deyil. Bu Mahmud Kaşqarinin türk dünyası qarşısında əvəzsiz və misilsiz xidmətidir.
M.Kaşğari türkün və onun dilinin gələcəyinə inanırdı. Bu dilin ərəb dili ilə yarışa biləcək dərəcədə zəngin və gözəl olduğunu inamla bəyan edirdi. “Divan”da 7500-dən artıq sözün izah və şərhini verən müəllif yazırdı: “Həmin bütün türk boylarının dillərini, qafiyələrini əldə etdim, yalnız unudulmuş kəlmələri bu kitaba aldım. Türk dilinə sonradan girmiş sözləri yazmadım”. Yabançı sözləri yox, ancaq təmiz türk sözlərini lüğətə daxil edən M.Kaşğari doğru bir elmi yol tutmuşdur. Mahmud Kaşğarinin bir fikri də çox vacib və əhəmiyyətlidir, deyir ki, ən təmiz türk dili başqa millətlərlə təmasda olmayan, yəni dilinə yad kəlmələr qarışmamış türklərin dilidir. Böyük alim sanki gələcək əsrlərdə ərəb və fars dillərinin ədəbi dilimizi qəliz ifadələrlə, yabançı sözlərlə yükləməsinin təhlükəsini çox öncədən görürdü.
– Bildiyimiz kimi, türkologiya tarixində bu möhtəşəm ensiklopedik əsərin ərəb dilindən latın qrafikası ilə ilk tərcüməsi Xalid Səid Xocayevə məxsusdur. Hətta buna görə o, təqib edilib…
– Xalid Səidin əqidəsi və məfkurəsi türkçülük idi. Belə güman edilir ki, Xalid Səid həbs olunan gecə NKVD əməkdaşları tərəfindən “Divanü lüğat-it-türk”ün tərcüməsinin bir nüsxəsi müsadirə edilərək götürülmüş və alimin bir çox əsərləri kimi, “Divan” da məhv edilmişdir. Xoşbəxtlikdən, “Divanü lüğat- it-türk” əsərinin tərcüməsi Dilçilik İnstitutunun arxivində qorunub saxlanılmışdır. 2021-ci ildə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli kitabın axtarışına çıxır və bu iş uğurla nəticələnir. Düz 86 ildən sonra kəmtaleli kitabın bəxtinə Günəş doğur, “şəhid bir alimin sahibsiz qalmış elmi mirası”nın tapılma tarixi məhz o gündən başlayır − 19 yanvar 2022-ci ildən. Kaşğari irsinin günümüzə gəlib çatmasında böyük xidmətləri olan şəhid alim Xalid Səid Xocayevə, Ramiz Əsgərə Uca Tanrıdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla anırıq.
Mən konfransda “Divanü lüğat-it-türk”ün haqqında söz açdığım nüsxəsini itmək, unudulmaq təhlükəsindən xilas edən dəyərli professor Nadir Məmmədliyə bu fədakarlığa görə minnətdarlığımı bildirdim və rəhbəri olduğum Mahmud Kaşğari adına Beynəlxalq Fondun təsis etdiyi medalı və layiq olduğu “Mahmud Kaşğari” ödülünü təqdim etdim.
– Maraqlı söhbət üçün çox sağ olun!