Uzun tarixi bir dövrü əhatə edən Azərbaycan-qazax ədəbi əlaqələri hər iki xalqın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qardaşlığa, dostluğa, əməkdaşlığa söykənən münasibətləri təkcə ölkələrimizin sosial-iqtisadi həyatı üçün deyil, o cümlədən ədəbi-mədəni əlaqələrin yüksələn xətlə daha dinamik inkişafı üçün möhkəm bünövrə oldu.
Tarixə nəzərə salsaq görərik ki, Qazax və Azərbaycan xalqları arasında ictimai-siyasi müstəvidə birliyin, o cümlədən mədəni-ədəbi əlaqələrin tarixi elə bu xalqların tarixi qədər qədimdir. Bu ilişgilər əsrlərin sınağından çıxaraq bugünümüzdə daha da sıx və qapsamlı şəkildə davam etdirilir. Xalqlarımızı dərin mənəvi tellərlə bir-birinə bağlayan “Kitabi Dədə Qorqud” dastanımızı, qazaxların “Qorqud” nəğmələrini, böyük qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin dahi Azərbaycan klassikləri Nizami və Füzulinin yaradıcılığından faydalanmasını bu əlaqələrin təməl daşı saymaq olar.
Azərbaycanın Mirzə Fətəli Axundzadə, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi kimi maarifçi ziyalılarının yaradıcılığı ilə böyük qazax maarifçiləri Çolkan Valixanovun, İbray Altınsarinin, Abay Kunanbayevin ədəbi-bədii düşüncəsində və fəaliyyətlərində, maarifçilik baxışlarında yaxınlıqların olması ədəbi əlaqələrimizin daha dərin keçmişə söykənməsindən xəbər verir.
Dövlət müstəqilliyini bərpa etmiş ölkələrimiz arasında birbaşa diplomatik əlaqələr yaradıldıqdan sonra xalqlarımızın mənəvi, ədəbi ilişgiləri daha da intensiv şəkil almışdır.
Hazırda Qazaxıstanda iki yüz mindən çox azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, ədəbiyyat, incəsənət, kənd təsərrüfatı və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.
Azərbaycanla Qazaxıstan arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulub. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.
Sevindirici bir hadisədir ki, ərazi bütövlüyünü tamamlayan Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilmiş və qardaş ölkənin bu addımı Azərbaycan Prezidenti və xalqı tərəfindən olduqca yüksək qiymətləndirilmişdir.
İki ölkənin dostluq, doğmalıq, qardaşlıq münasibətlərini sərgiləyən məqamlardan biri də Qazaxıstanda paytaxt Astananın mərkəzi küçələrindən birinin Ulu Öndər Heydər Əliyevin adını daşımasıdır. O cümlədən, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetində Ümummilli Lider Heydər Əliyevin adına Mədəniyyət Mərkəzinin açılışı bu qardaşlığın bariz nümunəsidir.
Azərbaycan-qazax əlaqələrinin ümumi mənzərəsini əks etdirən toplunun nəşri, Abay Kunanbayevin yeganə nəsrlə yazdığı “Əqliyyələr” əsərinin tərcüməsi, Bakı Dövlət Universitetində “Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi”nin fəaliyyət göstərməsi, Muxtar Auezovun “Abay” romanının, Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” romanınım, Oljas Süleymenovun “Az Ya” əsərlərinin, o cümlədən “Koblandı batır” qazax xalq dastanının Ana türkcəmizə tərcüməsi və Rollan Seysenbayevin, Jambul Jabayevin, Oljas Suleymanovun, A.Alimjanovun yubileylərinin Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi, onların yaradıcılığına həsr edilmiş elmi sessiyaların keçirilməsi, kitablarının nəşr edilib Azərbaycan oxucusuna çatdırılması bu bağların get-gedə daha da möhkəmləndirilməsindən xəbər verir.
Ötən əsrin 90-cı illərindən başlayaraq, hər iki ölkənin mədəni siyasətinin tərkib hissəsi kimi diqqət yetirilən ədəbi əlaqələr bu günümüzdə yüksələn xətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstanın əvvəki prezidenti Nursultan Nazarbayevin, hazırkı prezident Qasım Comərd Tokayevin, eləcə də hər iki dost ölkəni təmsil edən yüksək tərkibli nümayəndə heyətlərinin dövlətlərarası bütün müttəfiqliklərlə yanaşı qarşılıqlı olaraq Azərbaycan və qazax ədəbiyyatına da diqqət göstərdikləri ürəkaçan bir həqiqətdir. Ümummilli lider Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir” kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima xatırlayaraq “Bu dostluğu indi də öz qəlbimdə daşıyıram” – deyə, mərhum prezidenti rəhmətlə yad edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə görkəmli qazax mütəfəkkiri Oljas Süleymenovun “Şöhrət” ordeni, daha sonra “Dostluq” ordeni ilə təltif edilməsi, Qazax ədiblərinin Azərbaycan türkcəsinə tərcümə olunması ilə bağlı dövlət sərəncamının verilməsi, Astanada keçirilən “Böyük çöl” Beynəlxalq Humanitar Forumunun nəticələrinin bu günümüzdə xalqlarımız arasında ədəbi münasibətlərin inkişafına təkan verdiyini müşahidə etməkdəyik.
Günümüzdə hər iki ölkədə fəaliyyət göstərən diplomatik qurumların – səfirliklərin mədəni-ictimai münasibətlərə qazandırdığı dəyər ölçüyəgəlməz dərəcədə böyükdür.
Bu mənada, Qazax səfirliyinin Azərbaycandakı fəaliyyətini, mədəni tərəqqiyə yönəlik istiqamətdə gördüyü işləri, xüsusilə hörmətli səfir Alim Bayelin Azərbaycan türkcəsini dərindən mənimsəməsi və qatıldığı toplantılarda Azərbaycan dilində danışmasını, səfirliyin rəsmi yazışmalarını Azərbaycan türkcəsində aparmasını yüksək dəyərləndiririk.
Prof.dr. Aktotı xanım Raimkulovanın rəhbərliyi ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərin ölkələrimizin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, musiqisi arasında mənəvi körpü olduğunu hər zaman böyük rəğbətlə təqdirəlayiq qiymətləndiririk.
Bu günlərdə biz də “Mahmud Kaşğarlı adına Beynəlxalq Fond”un layihəsi olaraq çağdaş Qazax ədəbiyyatının görkəmli nümayəndələrindən olan, istedadlı şair, Qazaxıstan Dövlət Mükafatı laureatı Uluqbəy Esdövlətin və Qazaxıstanın əməkdar mədəniyyət xadimi, Uluslararası “Alaş” mükafatı laureatı Dövlətgərəy Kapoğlunun şeirlər kitablarını nəşrə hazırlamaqla ölkələrimiz, xalqlarımız və ədəbiyyatlarımız arasındakı mədəni əlaqələrə öz töhfəmizi verməyə çalışdıq. Ümidvarıq ki, təməlində mədəniyyətin dayandığı bu əlaqələr ölkələrimiz arasında qardaşlıq, birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Cavanşir Feyziyev
Milli Məclisin deputatı, fəlsəfə doktoru