image-rt-reklam
image-2backend

Türkiyənin turizm cənnəti: Peyğəmbərlərin dəfn edildiyi, Kleopatranın şəhəri adlandırılan Tarsus -FOTO

image-728x90

Türkiyə turizmi son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Ölkə dünyanın dörd bir yanından gələn milyonlarla turisti qəbul edir. Bu inkişaf təkcə məşhur kurort bölgələri ilə məhdudlaşmır, həmçinin müxtəlif tarixi və mədəniyyət mərkəzlərini də əhatə edir. Turistlər Türkiyəyə yalnız gözəl dənizlər, günəşli çimərliklər və mehmanxanalar üçün deyil, həm də zəngin tarix və mədəni irs, təbiət mənzərələri və qədim sivilizasiyaların izlərini görmək üçün gəlirlər.

Bu baxımdan ölkənin cənub-şərqində yerləşən Tarsus şəhəri xüsusi yer tutur. Mersin vilayətinə daxil olan Tarsus, tarixi minilliklərə söykənən, zəngin mədəni irsə malik qədim şəhərlərdən biridir. Qədim dövrlərdən bəri ticarət yollarının kəsişməsində yerləşməsi səbəbilə Tarsus həm iqtisadi, həm də mədəni baxımdan mühüm mərkəz olub. Əhalisi təqribən 360 min nəfər olan bu qədim şəhərin insanların olduqca qonaqpərvərdir. Bu qonaqpərvərliyin nəticəsidir ki, 2024-cü ildə bu şəhərə 600 mindən artıq turist gəlib.

Bu şəhərin tarixi təxminən 7 min il əvvələ – Neolit dövrünə qədər uzanır. Tarsus təkcə Türkiyənin deyil, bütövlükdə Yaxın Şərqin ən qədim və zəngin tarixə malik yaşayış məntəqələrindən biri hesab olunur.

Tarsusun adı ilk dəfə Assur yazılı mənbələrində çəkilir. Qədim dövrlərdə bu şəhər Kilikya bölgəsinin paytaxtı olub. Strateji mövqeyi sayəsində Tarsus ticarət yollarının kəsişməsində yerləşirdi və bu da şəhəri həm iqtisadi, həm də siyasi cəhətdən mühüm mərkəzə çevirirdi.

Tarsus Yunan və daha sonra Roma imperiyası dövründə böyük inkişaf yaşayıb. Şəhər Roma İmperatorluğu dövründə Kilikya əyalətinin inzibati mərkəzi olmuşdur. Bu dövrdə şəhərdə teatrlar, yollar, hamamlar və digər ictimai binalar inşa olunmuş, şəhər mədəniyyət və elm baxımından da tanınmışdır.

Məhz bu şəhərdə Həvari Paul (Saint Paul) – xristianlığın ilk yayılmasında mühüm rol oynamış dini şəxsiyyət – anadan olmuşdur. Onun adı şəhərin xristianlar üçün müqəddəs ziyarətgah kimi tanınmasında mühüm rol oynayıb.

Əfsanəyə görə, Misir kraliçası Kleopatra və Roma sərkərdəsi Yuli Sezar ilk dəfə Tarsusda görüşüblər. Bu görüşün baş verdiyi yer kimi tanınan Kleopatra Qapısı bu gün də şəhərin simvollarından biridir.

Tarsus 7-ci əsrdə ərəb müsəlmanlar tərəfindən fəth olunmuşdur. Əməvilər və Abbasilər dövründə şəhər İslam mədəniyyəti ilə zənginləşmiş və sərhəd qalası funksiyasını daşımışdır. Daha sonra bölgə Bizans və ərəb qüvvələri arasında əldən-ələ keçmişdir.

11-ci əsrdən sonra Səlcuqlular, sonra isə Osmanlılar şəhəri öz hakimiyyətləri altına almışlar. Osmanlı dövründə Tarsus inzibati və ticarət baxımından əhəmiyyətini qorumuş, kənd təsərrüfatı və sənətkarlıq mərkəzinə çevrilmişdir.

Tarsus təkcə siyasi və iqtisadi yox, həm də dini baxımdan mühüm şəhər olub. Burada İslam, xristianlıq və yəhudilik dinlərinə aid ziyarətgahlar mövcuddur:

1. Kleopatra Qapısı

image-1

Tarsusun simvollarından biri sayılan Kleopatra Qapısı (Kleopatra Kapısı) qədim dövrlərdə şəhərin girişlərindən biri olub. Əfsanəyə görə, Misir kraliçası Kleopatra Sezarla görüşmək üçün bu qapıdan Tarsusa daxil olub. Qapı Roma memarlığı üslubunda inşa olunmuş və dövrün şəhərsalma nümunələrini əks etdirir.

2. Daniyal Peyğəmbər Türbəsi və Qədim Roma Yolu

Şəhərin mərkəzində yerləşən Daniyal Peyğəmbər türbəsi dini ziyarət məkanı kimi tanınır. Türbənin altından keçən qədim Roma dövrünə aid daş döşənmiş yol bu ərazidə arxeoloji baxımdan əhəmiyyətli tapıntılardan biridir. Bu yol Roma imperiyasının şəhərdə qurduğu infrastrukturun izlərini əks etdirir.

3. Tarsus Şəlaləsi və Şahmeran Hamamı

image-4

Tarsus Şəlaləsi həm təbii, həm də mifik əhəmiyyətə malikdir. Şəlalənin yaxınlığında yerləşən Şahmeran Hamamı isə qədim Türk-İslam mədəniyyətinin nümunələrindəndir. Əfsanəyə görə, Şahmeran – yuxarı hissəsi qadın, aşağı hissəsi ilan olan mistik varlıq – burada yaşamış və məhz bu ərazidə öldürülmüşdür. Hamam bu əfsanə ilə bağlı turistlər arasında xüsusi maraq doğurur.

4. Ashab-ı Kehf Mağarası

image-5

Tarsus yaxınlığında yerləşən Ashab-ı Kehf mağarası İslam, xristianlıq və yəhudilikdə mühüm dini əhəmiyyətə malik yerdir. Əfsanəyə görə, burada bir qrup gənc Allaha ibadət etmək üçün zalım hökmdardan qaçaraq mağaraya sığınmış və illərlə yuxuda qalmışdır. Bu yer hər il minlərlə zəvvar və turist tərəfindən ziyarət olunur.

5. Tarsus Ulu Camisi və Kırkkaşık Bedesteni

XIV əsrə aid Tarsus Ulu Camisi bölgənin dini və memarlıq tarixində xüsusi yer tutur. Yanında yerləşən Kırkkaşık Bedesteni isə Osmanlı dövrünə aid ticarət mərkəzi olub və bu gün həm tarixi baxımdan, həm də yerli sənətkarlığın nümayiş olunduğu məkan kimi fəaliyyət göstərir.

Bu abidələr Tarsusun keçmişini, müxtəlif sivilizasiyalara ev sahibliyi etməsini və mədəni müxtəlifliyini əks etdirən dəyərli miraslardır. Şəhərdə aparılan bərpa və turizm inkişafı layihələri bu abidələrin qorunmasına və gələcək nəsillərə ötürülməsinə yönəlib. Tarsus təkcə tarixi bir şəhər deyil, həm də canlı bir açıq hava muzeyidir.

Bu gün Tarsus həm müasir şəhər, həm də “açıq hava muzeyi” kimi qiymətləndirilir. Tarixi abidələri, qədim yolları, məscid və kilsələri, mədəniyyətlərarası zənginliyi ilə bura hər il minlərlə turist cəlb edir.

Tarsusun tarixi onun mədəni müxtəlifliyini, sivilizasiya qatlarını və dövrlərarası keçidlərini aydın şəkildə göstərir. Minilliklər boyunca müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş bu şəhər, bu gün də həm tarixsevərlər, həm də din və mədəniyyət turizmi ilə maraqlananlar üçün əvəzolunmaz bir məkandır.

Tarsus təkcə tarixi abidələrlə deyil, həm də gözəl təbiət mənzərələri ilə seçilir. Bununla yanaşı, bölgədə kənd turizmi də inkişaf etməkdədir. Tarsus kəndlərində yerli xalqın mədəniyyəti, qonaqpərvərliyi və ənənəvi yeməkləri turistlər üçün maraqlı təcrübələr təqdim edir.

Tarix boyu Tarsus haqqında bir çox məşhur səyyahlar maraqlı qeydlər aparıblar. Qədim yunan tarixçisi Strabon, Roma sərkərdəsi və tarixçisi Yuli Sezar, eləcə də Orta Əsrlər İslam coğrafiyaşünasları bu şəhəri böyük ticarət və elm mərkəzi kimi xarakterizə etmişlər. Bəzi mənbələrə görə, məşhur filosof Paul (Həvari Pavlus) da məhz Tarsusda anadan olub.

Bütün bu xüsusiyyətləri ilə Tarsus şəhəri Türkiyə turizminin gizli incilərindən biridir. Tarixi dərinlik, zəngin mədəniyyət, unikal təbiət və müasir turizm infrastrukturu bu şəhəri həm yerli, həm də beynəlxalq turistlər üçün cəlbedici edir. Son illər Tarsusa artan maraq göstərir ki, şəhər yaxın gələcəkdə Türkiyənin aparıcı turizm mərkəzlərindən birinə çevrilə bilər.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90