image-rt-reklam
image-1backend

Təhsilə ayrılan vəsait ildən-ilə artır, məktəb isə geri gedir: Səbəblər, həllər…

image-728x90
2026-cı ildə Dövlət Büdcəsində təhsil xərclərinə ayrılan maliyyə açıqlanıb.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyilib. Gələn il təhsil xərclərinə 5015,9 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2025-ci illə müqayisədə 78,6 milyon manat və ya 1,6 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 625,8 milyon manat və ya 14,3 faiz çoxdur.
Təhsilə ayrılan vəsaitin həcminin ildən-ilə artırılmasına baxmayaraq, nəyə görə məktəblər bu gün yenə də valideynlərin çiyinlərindədir?
Təhsil eksperti Elmin Nuri Qaynarinfo-ya açıqlamasında bildirib ki, dövlət tərəfindən təhsilə olan diqqət və maliyyə xərcləri ildən-ilə artırılır:
“Növbəti ildə də bu proses eyni qaydada davam edəcək. Təhsilə dövlətin diqqəti artdığı halda biz bununla yanaşı, bəzi məsələlərdə də müəyyən dəyişiklikləri görmək istərdik. Bu nədən ibarətdir? Birinci istiqamət – məktəb özünə qayıtmalıdır”.
Elmin Nuri vurğulayıb ki, bu gün məktəb öz funksiyası ilə hərəkət etmir:
“Bu gün məktəb özünün şəxsiyyətyönümlü tədris mexanizmindən kənardadır. Məktəbin yeganə işi az qala imtahanlara hazırlıq məkanı kimi dəyərləndirilən bir qurumdur. Ümumi mahiyyəti ilə şagirdin ən sonu tələbə adını alacağı bir mexanizmdir. Amma məktəb səriştəyönlü tədris mexanizmləri, öz fəlsəfəsi ilə fərddən şəxsiyyət yaradacaq və qatdığı dəyərlərlə həmin insana cəmiyyətdə dəstək olacaq bir prosedurdur. Məktəb özünə qayıtmadığı halda bu yük yenə də valideynlərin ciyinlərində olacaq. İkinci, repetitorluq institutunun durmadan genişlənməsi… Repetitor nə deməkdir? Onu valideynlər maliyyələşdirir. Repetitora 99, 99% valideynlər ödəniş edir”.
Ekspert hesab edir ki, bu valideynlərin yükünü artıran bir mexanizmdir:
“Sevinirəm ki, bu il repetitorluğun kölgəsinin azalması istiqamətində iki böyük addım atılıb. Bu, pilot da olsa artıq həyata keçirildi. Birincisi, məktəb daxilində azad öyrənmə mexanizmi, məsələn, filan məktəbdə hazırlaşan şagirdlər daha repetitor yanına deyil, elə həmin məktəbin öz müəllimi tərəfindən sinif otağında hazırlığa cəlb olunurlar. Biz buna çox sevinirik. Kaş ki, bu, pilot deyil, genişlənmiş şəkildə olardı. İkincisi isə müəllimlərin əmək haqqının dərs saatına deyil, iş saatına görə hesablanmasıdır. Bu da repetitorluğun qarşısını alan məsələlərdən biridir. Repetitor gözləyirdi ki, dərs saatı başa çatsın və tez evə gedib hazırlığını keçsin”.
Elmin Nuri bildirib ki, kiminsə çox pul qazanması yaxşı göstərici olsa da:
“Amma inanın ki, bu, bəziləri üçün ifrat hala çevirilmişdi. Repetitorlar o qədər güclənmişdi ki, məktəb onlar üçün maraqlı deyildi və bu gün də belədir. Amma məktəbi özünə qaytarmaq lazım idi”.
Təhsilə ayrılan vəsaitin həcminin ildən-ilə artırılmasına baxmayaraq, nəyə görə məktəb bu gün yenə də valideyinlərin çiyinlərindədir, sualına Elmin Nuri bu cavabı verib:
“Məktəb öz mahiyyətinə qayıtmadığı halda biz yenə də çox ciddi öhdəlik qalacağını və valideynlər tərəfindən olan səhv yanaşmanı görəcəyik. Məni qınaya bilərsiniz, amma səmimi deyəcəyəm. Mənim də övladım məktəbə gedəcək. Məktəbin valideynlərinin çiyinlərində olması onların öz xətasıdır. Valideyn bu gün məktəbdən təhsil tələb etmir. Valideyn əvvəl yenə 9-10-cu siniflərdə hazırlığa aparırdısa, bu gün 1-ci sinifdən uşağına repetitor tutur. Valideyn onun övladının repetitor yanına gəlməyə məcbur edən müəllimdən haqqını tələb etmir, ondan pedoqoji şuraya şikayət etmir. Valideyn deyir ki, uşağım sinifdə pis olmasın deyə repetitor yanına getsin. Mən öz yaxınlarıma belə bunu tərgitdirə bilmirəm. Valideyn 5 oktyabrda “mənim uşağım sinifdə birinci olsun” deyə müəllimə ən yaxşı hədiyyəni almağı düşünür. Belə valideynin çiyinlərində həmişə yük olacaq”.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90