image-rt-reklam
image-1backend

Şuşada Türkiyə konsulluğunu açmaq zamanı – yubanmanın səbəbləri

image-728x90

Türkiyə və Azərbaycan liderləri arasında imzalanmış Şuşa Bəyannaməsinin zirvəyə daşıdığı müttəfiqlik münasibətləri dünyanın antitürk mövqeli ünvanları üçün gözdağıdır; ekspert: “Şuşa Azərbaycana olduğu qədər Türkiyə üçün də böyük mənəvi əhəmiyyəti olan şəhərdir”

İran Qafanda konsulluq açdıqdan sonra Ermənistan da Təbrizdə konsulluq açmaq qərarını verib. Bununla bağlı artıq hazırlıqlar yekunlaşmaq üzrədir.

Bu diplomatik həmlələr aydındır ki, həm Azərbaycana, həm də Türkiyəyə bir mesajdır. Türkiyənin Şuşada konsulluq açması barədə qərarı bu iki dövlət arasında 2021-ci ilin 15 iyununda Şuşada əldə edilmiş razılıq fonunda gözlənilən idi. Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi istiqamətində aparılan məqsədəyönlü işin təntənəsi və iki qardaş dövlət arasında bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində münasibətlərin yeni mərhələyə adlaması baxımından tarixi əhəmiyyət kəsb edən hadisə idi. Şuşada konsulluğun açılması Azərbaycan mədəniyyətinin incisi sayılan bu şəhərə xor gözlə baxan, Azərbaycanın müstəqilliyini təhdid edən, onun Qarabağ üzərindəki suveren hüquqlarını qəbul etmək istəməyən bəlli dairələrə ismarış olar. Xatırlatmaq yerinə düşər ki, Şuşada baş konsulluğun açılması ilə bağlı mövqeyini qardaş ölkə ən yüksək səviyyədə bir neçə dəfə bəyan edib. Hələ 44 günlük müharibədən bir neçə ay sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında “Biz də Şuşada baş konsulluq açırıq”, – deyə əminliklə bildirmişdi. Keçən ilin yayında da Türkiyə prezidenti Azərbaycan lideri ilə görüş zamanı ölkəsinin Azərbaycanla Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldilən əlaqələri bütün sahələrdə inkişaf etdirməkdə qərarlı olduğunu bildirmişdi. “Şuşada baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq” – Türkiyə prezidenti bildirmişdi.

Heç şübhəsiz ki, Türkiyə və Azərbaycan liderləri arasında imzalanmış Şuşa Bəyannaməsinin zirvəyə daşıdığı müttəfiqlik münasibətləri dünyanın antitürk mövqeli ünvanları üçün gözdağıdır. Bu mənada baş konsulluğun Şuşada açılması ilə iki qardaş ölkə varlığımıza xor baxanlara növbəti dəfə dərs vermiş olacaq.

Azərbaycan Prezidenti ölkə telekanallarına son geniş müsahibəsində bu il Şuşa sakinlərinin öz evlərinə qayıdacağını söylədi. Eyni zamanda Şuşada tikinti-quruculuq işləri yüksək səviyyədə davam edir. Bu mənada istisna deyil ki, Türkiyə baş konsulluğunun açılmasına da çox qalmayıb.

Mətbuatın dəfələrlə yazdığı kimi, qardaş ölkə lideri belə bir mövqeyi ifadə etməklə Türkiyənin bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağına, Şuşadakı konsulluğu açmaqla bir daha işarə vermiş olub. Hətta məlumat var idi ki, Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici işlər nazirlikləri arasında danışıqlar gedir. Ekspertlərin fikrincə, Şuşada konsulluğun tezliklə açılmasının siyasi-iqtisadi və mənəvi əhəmiyyəti var. Bu, Qarabağda Türkiyənin varlığının bir daha təsdiqi deməkdir. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə dəstəklə yanaşı, bütün dünyaya verilən siyasi-diplomatik mesaj olardı. Bəs bu proses niyə yubanır?

Azərbaycan XİN-in mətbuat katibliyindən bildirildi ki, hələlik bu barədə hər hansı açıqlama yoxdur, yenilik olacaqsa, ictimaiyyət məlumatlandırılacaq.

Şuşada Türkiyənin baş konsulluğunun açılmasının ilk gündən tərəfdarlarından olan Azad Vətən Partiyasının sədri Akif Nağı dedi ki, Ermənistanın Təbrizdə konsulluq açmaq istəyi avantüradır: “Özünüz də bilirsiniz ki, orada balaca bir məhəllədə məskunlaşıblar. Orada hər hansı konsulluğa heç bir ehtiyac yoxdur. İrəvan bu addımı Azərbaycan-İsrail münasibətlərindən qıcıqlanaraq atır. Zəngəzurda İran konsulluğu isə geostrateji təşəbbüs baxımından nəzərə alınmalıdır. Orada Qərb, Rusiya konsulluğu, ofis açmaqla maraqlarını təmin etməyə çalışır. İran da bu yarışdan kənarda qalmaq istəmir. Təbrizdə konsulluq, böyük ehtimalla, açılmayacaq, açılsa da, uzunömürlü olmayacaq. Qəhrəman təbrizlilər buna imkan verməyəcək”. Akif Nağı qeyd etdi ki, Şuşada Türkiyə konsulluğunun açılması zamana bağlıdır: “Əhalinin əsas hissəsi oraya qayıdandan sonra konsulluq da açılacaq. Nə qədər ki, əhali yoxdur, konsulluğu açmağın da mənası olmaz. Orada təkcə Türkiyənin yox , digər türk dövlətlərinin və başqalarının da konsulluqları fəaliyyət göstərəcək. Bunu Şuşanın tarixi və mədəni yeri şərtləndirir”.

Politoloq Tural İsmayılov isə açıqlamasında öncə Azərbaycana qarşı zaman-zaman həyata keçirilməyə çalışılan planlardan bəhs etdi: “Əlbəttə, bir həqiqətdir ki, İranın Qərbi Azərbaycanda konsulluq açması və Ermənistanın da Təbrizdə konsulluq qərarı Azərbaycan və Türkiyə əleyhinə demarşdır. Məntiqlə İran və Ermənistanın Qafan-Təbriz oyununun strateji heç bir əhəmiyyəti yoxdur. O şəhərlərdəki konsulluq adıçəkilən iki dövlətinə nəyinə lazımdır ki?! Sırf Türkiyənin Şuşada baş konsulluq açmaq istəyi ilə bağlı xəbərdən sonra İran və Ermənistanın belə addım atması çox tragikomik mənzərədir. Düşünün ki, özgə vaxt Qərbə nifrət püskürən İran sorosçuların “at oynatdığı” Ermənistanın ümidinə qalıb”. Şuşada Türkiyə baş konsulluğunun açılması məsələsinə gəldikdə, politoloqun sözlərinə görə, bunun çox böyük tarixi, mənəvi və siyasi əhəmiyyəti var: “Azərbaycanla Türkiyə arasında yüksək səviyyəli strateji münasibətlər uzun illər ərzində formalaşıb. Xüsusən Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra Azərbaycanla Türkiyə arasında böyük sazişlər imzalandı. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Azərbaycan-Türkiyə münasibətləri növbəti mərhələyə daxil oldu”. T.İsmayılov bildirdi ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin bu qədər inkişaf etməsi təkcə iki dövlət arasındakı tarixi-mənəvi bağlarla əlaqəli deyil, eyni zamanda iki ölkə rəhbəri cənab İlham Əliyevlə Ərdoğan arasındakı şəxsi dostluq əlaqələri ilə də bağlıdır: “İşğaldan azad olunan Şuşa şəhərinə rəsmi səviyyədə səfər edən ilk xarici dövlət rəhbərinin cənab Ərdoğan olmasının həm Azərbaycan, həm də Türkiyə üçün böyük mənəvi əhəmiyyəti var. Çünki Qarabağın, eləcə də, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın işğaldan azad olunmasını Türkiyə cəmiyyəti də böyük həyəcanla gözləyirdi. Bu baxımdan, deyə bilərəm ki, Şuşa Azərbaycana olduğu qədər Türkiyə üçün də böyük mənəvi əhəmiyyəti olan şəhərdir”. Politoloq qeyd etdi ki, Şuşa Türk dünyası üçün böyük mədəni mirasa sahibdir və gələcəkdə Şuşada türk dünyasını əlaqələndirən siyasi-iqtisadi tədbirlərlə yanaşı, mədəni tədbirlərin də keçiriləcəyinin anonsu verilib: “Bu baxımdan, Türkiyənin Şuşa şəhərində baş konsulluq açmaq qərarı böyük əhəmiyyət kəsb edir. Şuşa Bəyannaməsi 20-ci əsrin əvvəllərində imzalanmış Qars müqaviləsinin yeni və daha inkişaf etmiş, təkmil formasıdır. Bundan sonra Naxçıvan Muxtar Respublikasında olduğu kimi, Qarabağın təhlükəsizliyi də birbaşa Türkiyənin təminatı altındadır. Xüsusən hərbi sahədə birgə əməkdaşlıq, eyni zamanda tərəflərdən hansısa birinin ərazisinə hərbi təcavüz olarsa, digər tərəfin yardımının rəsmiləşdirilməsi düşünürəm ki, Azərbaycanla Türkiyə arasında artıq uzun illərdir pillə-pillə inkişaf edən dostluq, qardaşlıq və strateji müttəfiqliyin ən üst səviyyəsidir. Hesab edirəm ki, Şuşada Türkiyənin baş konsulluğu yaxın zamanlarda fəaliyyətə başlayacaq. Bütün Qarabağda olduğu kimi, Şuşada da abadlıq işləri, quruculuq prosesi davam edir. Hələlik Şuşa sakinləri də geri dönməyib. O baxımdan, tələsməmək lazımdır və əlavə yozumlara da ehtiyac yoxdur”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90