Azərbaycanda Əmək Məcəlləsinə dəyişiklik təklifi gündəmdədir. Yeni təşəbbüsə əsasən pensiya yaşına iki il qalmış şəxslərin işdən çıxarılması qadağan olunmalıdır. Məqsəd bu kateqoriyadan olan vətəndaşların əmək hüquqlarını qorumaq və işsizlik riskini azaltmaqdır.
Ulusal.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu dəyişiklik həm sosial, həm də iqtisadi baxımdan mühüm nəticələrə səbəb olar:
“Müvafiq təklif qəbul olunsa, pensiya yaşına 2 il qalmış şəxslərin əmək müqaviləsini ləğv etmək xeyli çətinləşəcək. Bu, sosial təminatın güclənməsi baxımından önəmlidir. Çünki təqaüdə yaxın dönəmdə yeni iş tapmaq çox çətindir. Bu dəyişiklik vətəndaşların iş yerlərinin qorunmasını təmin edər, pensiyaya qədərki dövrdə gəlirin davamlılığına gətirib çıxarar. Eyni zamanda diskriminasiya riskini azalda bilər. Yaş faktoru işdən kənarlaşdırmaq üçün istifadə olunan gizli amildir. Bu qayda yaşlı şəxslərin işdən əsassız uzaqlaşdırılmasının qarşısını alacaq”.
İqtisadçı bildirib ki, təşəbbüs reallaşarsa, işəgötürənlər bəzən belə şəxsləri qəbul etməkdən çəkinə bilərlər:
“Çünki onları sonradan işdən çıxarmaq daha çətin olacaq. Lakin belə qayda, xüsusilə də Azərbaycanda işsizlik, qeyri-rəsmi əmək münasibətləri və yaşlı insanların iş tapmaq çətinlikləri nəzərə alınanda, vətəndaşların sosial müdafiəsini gücləndirmək baxımından müsbət qiymətləndirilməlidir. Digər tərəfdən işəgötürənlərin maraqlarını da balanslaşdırmaq lazımdır. Məqsəd əmək bazarında yaşlı işçilərə qarşı gizli diskriminasiyanın yaranmamasıdır”