Ermənistan prezidenti Vaaqn Xaçaturyan Rusiyanın artıq ölkəsini “kiçik qardaş” kimi görmədiyini və iki ölkə arasında münasibətlərin tərəfdaşlıq çərçivəsində davam etdiyini bəyan edib.
Ulusal.az xəbər verir ki, RTVI telekanalına verdiyi müsahibədə Xaçaturyan bildirib:
“Hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir – tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana yanaşması böyük-kiçik qardaş münasibəti deyil, sadəcə tərəfdaşlıq münasibətidir. Biz son dörd il ərzində məhz buna nail olmağa çalışırıq”.
Prezident qeyd edib ki, İrəvan Moskvanın Ermənistan hakimiyyətinin müstəqil qərarlarına hörmətlə yanaşmasını gözləyir.
Xaçaturyan, həmçinin Rusiya baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında seçim etməli olduğu barədə bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı şaxələndirilib və bu səbəbdən ölkə yalnız bir tərəf arasında seçim etməyə məcbur deyil.
“Overçukdan soruşmaq lazımdır ki, bu nə deməkdir? Ən azı indi bizə heç kim belə bir şey demir və biz heç bir razılaşmanı pozmuruq. Aİİ ilə olan şərtlərlə işləyirik. Eyni zamanda, Avropa İttifaqı ilə olan iqtisadi münasibətlərimiz də problemsiz şəkildə davam edir. İndiyədək hər hansı bir problem yaşanmayıb”, – deyə Ermənistan prezidenti əlavə edib.
Bu bəyanatlar Ermənistanın xarici siyasətində balanslaşdırma cəhdlərinin və Moskva ilə ənənəvi münasibətlərin yeni mərhələyə keçdiyinin göstəricisi kimi qiymətləndirilir.