Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 21 sentyabr tarixi 1981-ci ildən etibarən bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Sülh hər bir cəmiyyətin ən çox arzu etdiyi dəyərlərdəndir.
Sosial rifahı, iqtisadi və mədəni inkişafı, insanların və insanlığın birlik və bərabərlik şəraitində dinc yanaşı yaşamasını özündə ehtiva edən sülh mahiyyət etibarilə, bəşəri məfhumdur. Amansız müharibələrin dayandırılması, insanların təhlükəsizlik şəraitində yaşaması, dinc quruculuq və yaradıcılıq mühitinin təmin olunması, bir sözlə, Sülhün qorunması tarix boyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır.
Beynəlxalq Sülh Günü insanların əmin-amanlıq şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü, eyni zamanda inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyin zərurətini təcəssüm etdirir.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları ən azı 21 sentyabr günündə hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları həyata keçirməyə dəvət etmək olub. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə həyata keçirilir.
Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Sülhün qorunmasında cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT Baş katibinin Beynəlxalq Sülh Günü münasibətilə etdiyi müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır. Ona görə də insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək bütün dünya üçün zəruridir.
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər nə qədər genişlənsə də sülh hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur. Bununla yanaşı planetin ən qanlı müharibələr gedən bölgələrində sülhə nail olmağın parlaq nümunələri də var. 1988-ci ildən Qarabağda başlamış Azərbaycan-Ermənistan müharibəsinin 5 may 1994-cü ildə Atəşkəs haqqında Bişkek Razılaşması ilə dayandırılması belə nümunələrdən biridir.
Xalqın təkidli çağırışı ilə 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Ümummilli lider Heydər Əliyevin müharibənin dayandırılması istiqamətində atdığı müdrik addımlar ən amansız müharibə ocağında belə sülhə nail olmağın nadir örnəyini yaradıb. Müharibənin davam etdiyi 5 il ərzində erməni faşistləri Azərbaycan ərazilərində qan donduran bəşəri cinayətlər törətmiş, minlərlə insanı ən qəddar üsullarla qətlə yetirmiş, yüzlərlə şəhər və kəndlərimizi viran qoymuşdular. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu cinayətlərə, eləcə də son yüz ildə Azərbaycanlılara qarşı aparılmış deportasiya siyasətinə hüquqi qiymət verilmiş, o cümlədən bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Bütün bunlarla yanaşı Heydər Əliyev böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa dayandırılmasına nail olmuşdur. Bu da öz növbəsində çoxsaylı insan təlafatının qarşısının alınması ilə yanaşı bütövlükdə regionda sabitliyin yaranmasına və sonrakı illərdə ölkəmizin iqtisadi və hərbi gücünün dəfələrlə artırılmasına şərait yaratmışdır.
Ulu öndər ömrünün sonunadək bütün səylərini münaqişənin sülh yolu ilə həll olunmasına yönəltmişdi. Bu məqsədlə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində davamlı səylər göstərmişdir. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə, 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı Ümummilli liderin siyasi uzaq görənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın haqq və ədalət hissini itirməyən 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdur.
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur. Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünyada yüksək qiymətləndirilmiş və o 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Heydər Əliyevin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. Cənubi Qafqazda ən qüdrətli orduya malik olan ölkəmiz hər zaman Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması istiqamətində mümkün və zəruri olan bütün addımları atmışdır.
Bütün bunlara baxmayaraq, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz aktı nəticəsində mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazanmışdır. Azərbaycan Ordusunun gücünə, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur olmuşdur. Ölkə başçısı cənab İlham Əliyev regionda sülhü bərqərar etmək istiqamətində qazanılan bu tarixi qələbəni belə şərh edir: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.
Azərbaycan hər zaman qədim dövlətçilik ənənələrinə və eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan və daim sülhün keşiyində dayanan güclü bir dövlətdir. Geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən, azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir. Xarici və daxili siyasətində Azərbaycanın atdığı hər bir addım onun sülhə sədaqətinin təsdiqidir.
Cavanşir Feyziyev