Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon Sukanal sahəsinin birgə təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda növbəti maarifləndirmə tədbiri həyata keçirilib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Bəhmən Verdiyev mövzu ilə bağlı çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su problemlərinin aradan qaldırılması, su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planında icrası nəzərdə tutulan tapşırıqları diqqətə çatdırıb.
B.Verdiyev çıxışında insanın həyat və təsərrüfat fəaliyyətinin su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədə olduğunu, bütün canlı orqanizmlərin yaşaması üçün suyun əvəzedilməz şərt olaraq böyük rol oynadığını qeyd edib. Suyun səmərəli istifadə ilə davamlı inkişafa dəstək verərək eyni zamanda ciddi qlobal risklərdən qoruyan əsas faktor olduğunu bildirib, bundan sonra da ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında hər kəsin daha aktiv iştirak etməsini tövsiyə edib.
Dünyada şirin su ehtiyatlarının azaldığını və bunun başlıca səbəbinin qlobal iqlim dəyişikliyi olduğunu qeyd edən B.Verdiyev ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir. Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 8 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Nazirliyin rəsmisi ölkəmizdə suya qənaət edilməsi istiqamətində görülən işlərdən bəhs edib, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hər kəsi sudan səmərəli və qənaətlə istifadəyə çağırıb.
Daha sonra çıxış edənlər “Su probleminin yaranma səbəbləri”, “Sudan səmərəli istifadə, həyata keçirilən layihələr” və digər mövzularda məktəblilərlə görüşlərin keçirilməsi, məlumatlandırıcı onlayn vebinarların təşkil olunması, sosial videoçarxların nümayiş etdirilməsi kimi pilot layihələrin həyata keçirilməsi tövsiyə olunub. Ekoloji təhsilin Yer kürəsində davamlı inkişafa nail olmaq, ətraf mühitə təsiri azaltmaq üçün vacib amillərdən olduğu bildirilib, bu cür tədbirlərin uşaq və gənclərin ekoloji tərbiyəsinin formalaşmasına, faydalı təcrübənin öyrənilməsinə töhfə verəcəyini qeyd ediblər.