Bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Prezident İlham Əliyev çox mühüm məsələlərə, Ermənistanla olan məsələlərə toxunub. Dövlətimizin başçısı bu gün işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib. “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”, – deyə Prezident İlham Əliyev vurğulayıb.
Bununla bağlı tarixi sənəd və faktlara nəzər salmaq olar. XX əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, mayın 29-da heç bir əsas olmadan İrəvan şəhəri Ermənistana verildi. İrəvan qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. Sovetlər dönəmində ermənilər bu şəhərin tarixinin, oradakı türk toponimlərinin dəyişdirilməsinə, tarixi abidələrin məhv edilməsinə, müxtəlif saxtakarlıqlara əl atmağa çalışıblar.
1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra noyabr ayında artıq sovet hökuməti Qərbi Zəngəzurun böyük hissəsini Azərbaycandan qoparıb Ermənistana verdi. Bu da tarixi faktdır. Əzəli Azərbaycan torpaqlarının hissə-hissə, müxtəlif adlarla Ermənistana verilməsi sovet hakimiyyəti illərində davam edib və sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilib. Bunun da nəticəsində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin təxminən 100 min kvadratkilometr olan ərazi 86,6 min kvadratkilometrə düşüb. Buna görə də Ermənistanla aparılan danışıqlar zamanı sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində qarşı tərəf 1970-ci illərin xəritələrini əsas götürməyə çalışır. Ölkə başçısının bildirdiyi kimi bunun heç bir metodoloji və siyasi əsası yoxdur.
Bu məsələlərdə Azərbaycanın və onun Prezidentinin mövqeyi çox ədalətli və məntiqlidir. Sərhəd məsələləri ilə bağlı Komissiya yaradılıb və bu Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalı, onlar həmin yerləri gəzərək sərhəddi müəyyən etməlidirlər. Bu gün isə Azərbaycan və Ermənistan arasında sərhəd şərti xarakter daşıyır.
Hazırda işğal altında olan kəndlər arasında anklav və qeyri-anklav kəndlər vardır. anklav olmayan dörd kənd qeyd-şərtsiz Azərbaycana qaytarılmalıdır. Anklav olan kəndlərlə əlaqədar isə ayrıca ekspert qrupu yaradılmalı və o, müzakirə edilməlidir. Çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir. “Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir” deyə cənab Prezident müsahibəsində bildirib
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor