image-rt-reklam
image-222backend

“Seçki böyük fərqlə yox, yaxın nisbətdə nəticələnəcək”-Türkiyəli siyasi analitik

image-728x90

Sabah Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İkinci turda prezident Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. Bəs, seçkinin mümkün nəticələri necə ola bilər? Elə bu suala aydınlıq gətirmək, eləcə də seçkidən sonra baş verəcək mümkün hadisələri dəyərləndirmək məqsədilə Güldeniz Genctürkə müraciət etdik. Newscenter.az-a verdiyi müsahibədə araşdırmaçı, siyasi analitik Güldeniz Genctürk Türkiyə seçkilərinə beynəlxalq aləmdə olan maraq barədə də danışıb.

-Güldeniz xanım, 28 may seçkilərindən gözləntiləriniz nədir, seçkinin nəticələri necə olacaq?

-28 may tarixində keçiriləcək prezidenti seçkilərinin ikinci turundan gözləntilərim odur ki, ölkəmizə yaraşan təhlükəsiz şəraitdə keçiriləcək seçkilərdən demokratik nəticələr əldə edək. Hər iki prezidentliyə namizədi seçki kampaniyalarında yaxından izləmişəm. Düşünürəm ki, hər ikisi bu yorucu prosesi uğurla idarə etdilər. Ərdoğanın uzun illər liderliyi və bu günə qədər sosioloji baza araşdırmalarında uğurlu işlər görməsi onun ilk turda rəqibinə səs nisbətində üstün olduğunu göstərdi. Ancaq içində olduğumuz iqtisadi böhran səbəbindən insanların ən azı 40 faizi dəyişiklik istəməyə meyllidir. Bunu Kılıçdaroğlunun ilk turda indiyə qədər keçirilən seçkilər tarixində ən yüksək səs qazana bilməsi fonunda görürük. Amma rahatlıqla deyə bilərəm ki, türk sosiologiyası milli təhlükəsizliyi ön planda tutur. Söhbət etdiyim seçicilərin Kılıçdaroğluna səs verməkdə tərəddüd edən hissəsi mənə ən çox HDP faktorundan qorxduqlarını deyirlər. HDP-nin bu prosesdə namizəd irəli sürməməsi onların dolayı yolla Kılıçdaroğluna dəstək verdiyi ehtimalı yaradır. Digər tərəfdən, “Cümhur İttifaq”ın dindar HUDA-PAR ilə ittifaqı Ərdoğana səs verməyi düşünən dünyəvi vətəndaşların münasibıtini dəyişdi. Müəyyən qism vətəndaşlar isə seçkiyə getmədi, yaxud alternativ olaraq gördüyü Ata Alyansının namizədi Sinan Oğanın lehinə səs verdi.

İkinci tur seçkilər ərəfəsində ittifaqlarda parçalanmalar, tərəflərin mövqe dəyişməsi kimi proseslər baş verdi. Sinan Oğan “Cümhur İttifaq”a, onu namizəd göstərən Ümit Özdağ isə “Millət İttifaqı”na dəstək vermək qərarına gəldi. Belə olan halda Kamal Kılıçdaroğlu ilk turda ala bilmədiyi millətçilərin ən azı 2 faiz səsini ala bilər. İqtisadi, mədəni və təhlükəsizlik problemləri yaradan qaçqın problemi türk xalqının ən çox narahat olduğu mövzulardan biridir. Bununla bağlı ən təsirli həll yolu hazırlayan namizədin Kamal Kılıçdaroğlu olduğunu söyləsək yanılmarıq.

Amma onun Ərdoğan kimi institusional rəqibi var və o, ölkədə bütün təbəqələrin nüfuzunu qazanmağa müvəffəq olub. Nəticələr barədə dəqiq nəticə çıxarmaq çətindir. Çünki seçki qutusu psixologiyasının reallığı ilə seçicilərin ani münasibəti dəyişə bilər. Ümumiyyətlə, Kılıçdaroğlunun şanslarının əvvəlki seçkilərlə müqayisədə tamamilə aşağı olduğunu söyləmək düzgün olmazdı. Səslərdə statistik artım var. Hesab edirəm ki, seçki böyük fərqlə yox, yaxın nisbətdə nəticələnəcək.

-Qərbin, Avropanın seçkilərdə yeni bir prezidentin, dolayısıyla Kamal Kılıçdaroğlunun qazanmasını istəməsində məqsəd nədir?

-Düşünmürəm ki, Qərbin belə birbaşa dəstəyi və ya istəyi var. Çünki bununla bağlı rəsmi açıqlama yoxdur. Onlar daha demokratik və ədalətli seçkilərin keçirilməsini arzulayırlar. Deməli, səthdə neytrallıq görüntüsü var. Amma siyasətdə aysberqin görünməyən tərəfinə diqqət yetirmək lazımdır. Qərbin Ərdoğanla, yoxsa Kılıçdaroğlu ilə daha rahat səviyyədə əlaqələr qura biləcəyi prizmasına nəzər yetirmək lazımdır. Düşünürəm ki, hazırda Qərb bu mövzuda çaşqın içərisindədir. Çünki bir tərəfdə 21 ildir fəal siyasət aparan, onu yaxşı tanıyan, nisbətən sabit münasibət quran Ərdoğab dominantlığı var. Digər tərəfdə isə, harada dayandığını bilmədiyi Türkiyə müxalifəti. Hətta Ərdoğanın Putin Rusiyası ilə yaxşı münasibətləri, iqtisadi və hərbi ortaqlığı da bu çaşqınlığı aradan qaldıra bilmədi. Çünki, xüsusən də Vaşinqton məsələnin bu tərəfi ilə çox maraqlanmır. Onların fikrincə, mümkün hakimiyyət dəyişikliyində belə, Türkiyənin xarici siyasətində kəskin dəyişiklik və transformasiya olmayacaq. Hətta təhlükəsizlik siyasətləri baxımından da həm indiki iqtidarın, həm də müxalifətin terror təşkilatlarına münasibəti əvvəlki kimi qalacaq. ABŞ-ın YPG-yə dəstəyinin davam etməsi hökumətin bu vəziyyətdə qalması və ya dəyişilməsi halında da problemlərin davam edəcəyini göstərir.

Digər tərəfdən məsələnin suriyalı qaçqınlar tərəfi də var. Rəsmi məlumatlara görə, Türkiyədə 4 milyondan çox suriyalı qaçqın və sığınacaq axtaran mövcuddur. Suriya böhranının ən qızğın çağında Avropa Birliyi ölkələrinə mühacir axınının qarşısını almaq üçün 6 milyon avro təklif edərək Ərdoğan hökuməti ilə razılaşdı. Müxalifət namizədi Kamal Kılıçdaroğlunun seçki bülletenində bu razılaşma qətiyyətlə rədd edilir və seçildikləri təqdirdə ən geci 2 il ərzində qaçqınların göndəriləcəyi bildirilir. Belə olan halda Kılıçdaroğlunun gücləndirilmiş sərhəd siyasətləri vəd etmək əvəzinə, Avropaya miqrasiya axınını dayandıran və maliyyə dəstəyi ilə bu yükü çiyninə götürən Ərdoğan hökuməti Qərb üçün daha cəlbedici tərəfdir.

AB danışıqların davam etdirilməsi baxımından mümkün Kılıçdaroğlu hökuməti Avropa üçün problem yarada bilər. Baxmayaraq ki, Kılıçdaroğlu dayandırılmış AB danışıqlarının yenidən başlayacağını açıqlamışdı. Bu, Türkiyənin üzvlük prosesinə müsbət baxmayan Fransa və Almaniya üçün də problemdir. Və təbii ki, onlar Avropaya daha çox qaçqın da qəbul etmək istəmirlər.

Bu səbəblərə görə Ərdoğan onlar üçün “tanıdıqları aktyor”dur. Amma digər tərəfdən müxalifətin qərbyönlü mövqeyini də bəyənirlər. Onlar taktiki neytrallıqla prosesi yaxından izləyirlər. Nəticələrə uyğun olaraq yol xəritəsini müəyyən etməyə daha çox meyllidirlər.

-Seçkilərdən sonra PKK, onun siyasi qanadı olan HDP Türkiyədə terror həyata keçirə bilirmi?

-Ölkəmizi yaxından izlədiyiniz zaman görürsünüz ki, biz daha çox terrorun dəstəklədiyi hücumlara məruz qalmışıq, xüsusən də kritik proseslərdən keçərkən. Məncə bu strateji ölkə olmağın bədbəxtliyidir. Ancaq Türkiyədə PKK-nın effektiv mübarizə apara bildiyi bir bölgə uğurlu təhlükəsizlik siyasəti və əməliyyatları nəticəsində demək olar ki, qalmayıb. Təbii ki, hücrə strukturları bomba hücumlarına hazır vəziyyətdədir. Bütün bunları bilirik.. Bunu təkcə PKK baxımından düşünməməliyik. Türkiyə Cümhuriyyəti bir çox separatçı strukturların və terror təşkilatlarının mərkəzində olan bir ölkədir. Seçkilərin demokratik və dinc şəraitdə keçirilməsini istəməyən və ya seçkidən sonrakı dövrü manipulyasiya etmək istəyən çoxlu faktorlar var.

Ona görə də düşünürəm ki, Təhlükəsizlik və Kəşfiyyat orqanlarımız seçkidən əvvəl və seçkidən sonra hər hansı təxribatın qarşısını almaq üçün əlavə tədbirlər görəcək. Verdiyiniz sual təsadüfi deyil. Çünki daha əvvəl də dəfələrlə təəssüf hissi ilə yaşadığımız faktlardır. Hesab edirəm ki, dövlətimiz bunun üçün daha sərt tədbirlər görüb və bundan sonra da görəcək.

Amma daha dərindən cavab vermək lazımdırsa, HDP mayın 14-də keçirilən birinci turun nəticələrinə görə parlamentdə təmsilçilərinin sayını artırıb. Onlar indi sivil siyasətə daha çox uyğunlaşmaq yolundadırlar. Hesab etmirəm ki, onların partiyası hansısa terror aktının tərəfdarı ola bilər. Hətta bu, öz qazanclarını məqsədli şəkildə itirmək deməkdir. Praqmatik nöqteyi-nəzərdən onların belə bir şeyə yanaşacağını düşünmürəm.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90