ABŞ-də yaşayan tanınmış azərbaycanlı politoloq Ramiz Yunus öz sosial şəbəkə səhifəsində Rusiyanın işğalçılıq siyasəti və bunun gətirə biləcəyi nəticələr barədə maraqlı təhlil paylaşıb.
Ulusal.az xəbər verir ki, politoloq Rusiyanın da keçmiş SSRİ-nin taleyini yaşamağa yaxın olduğunu proqnozlaşdırıb: “Qərb fəlsəfəsinin banilərindən sayılan məşhur alman filosofu Hegel bir dəfə demişdi: “Bu və ya digər hadisə iki dəfə təkrarlananda o, tarixi qanunauyğunluğa çevrilir”.
Bu sözlər müasir Rusiyaya da aiddir. Hansı ki, Ukraynaya qarşı genişmiqyaslı təcavüzdən sonra, bilərəkdən, yaxud bilmədən 1979-cu ildə Əfqanıstana təcavüzü ilə süqutu başlayan Sovet İttifaqının taleyini təkrarlayır. SSRİ-nin Brejnev “durğunluğu” dövründəki yaxın tarixindən xatırladığımız kimi, Kremlin bu avantürası yenidənqurmaya, 1989-cu ildə qoşunların Əfqanıstandan çıxarılmasına səbəb oldu ki, bundan da sonra Reyqan və Tetçerin “şər imperiyası” adlandırdığı SSRİ 1991-ci ildə sadəcə, dağıldı.
Tarixdən də məlumdur ki, istənilən imperiyanın süqutu həm imperiya daxilində, həm də onun sərhədlərinin perimetri boyu böyük kataklizmlərlə müşayiət olunur. Təəccüblü deyil ki, Rusiyanın postsovet məkanındakı bütün qonşuları Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı mental olaraq dəstəkləyirlər, çünki onların öz taleyi təhlükə altındadır.
Kreml yönümlü medianın bu yaxınlarda Şuşada keçirilən 3-cü Qlobal Media Forumuna və Azərbaycan Prezidentinin “işğala heç vaxt dözmək olmaz” bəyanatına ağrılı reaksiyası isə mahiyyətcə Brejnev dövründəki “Vremya” proqramını xatırladan müasir Rusiyanın informasiya metastazlarının təzahüründən başqa bir şey deyil. Onu da xatırladım ki, Sovet İttifaqının süqutu ləng olub və dünyanın nüvə dövlətində xaosun yavaş və idarə olunan olmasına inanan Qərbin nəzarəti altında baş verib. Nəzərə alsaq ki, müasir Rusiyanın resurs bazası SSRİ-dən dəfələrlə zəifdir, müasir Qərb isə Sovet İttifaqı ilə qarşıdurma dövründəkindən qat-qat güclüdür, Kremllə Qərbin hazırkı qarşıdurmasının necə bitəcəyini təxmin etmək asandır.
Təəssüflər olsun ki, bir vaxtlar Əfqanıstan olduğu kimi, indi də bu ölümcül və qanlı döyüş üçün platsdarm kimi Ukrayna seçilib. Göründüyü kimi, ABŞ çətiri altında uzun yuxudan oyanan Avropa artıq hərəkətə başlayıb. ABŞ və Avropa artıq strateji razılaşma da əldə ediblər. Çox şey həm də ABŞ və Çinin nə qədər tez və necə razılığa gəlməsindən asılı olacaq. Nikson, Kissincer və Den Siao Pin bunu 70-ci illərdə bir dəfə bacardılar və Tayvanı sövdələşmə vasitəsi kimi istifadə etdilər. Bəs indi ABŞ Çinə elə bir təklif verə biləcəkmi ki, Çin ondan imtina edə bilməsin? Bunu yaxın gələcək göstərəcək. Hələlik isə təəssüf ki, Rusiya-Ukrayna cəbhəsində müharibə davam edəcək, çünki gücə qarşı yalnız güc lazımdır. Çünki müasir dünyada gücün hüququ işləyir, hüququn gücü isə artıq işləmir.
Ona görə də Ukraynanın və onun qəhrəman xalqının geri çəkilməyə yeri yoxdur, çünki bu gün orada yeni dünya düzəninin taleyi həll olunur. Uinston Çörçilin dediyi kimi: “Əgər cəhənnəmin içindən keçirsənsə, dayanma!”.“AzPolitika.info”