2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi 30 illik işğala son qoydu. Uzun illər gözlənilən xəbər gəldi: biz həmin torpaqları görməsək də, orada doğulmasaq da, hər bir azərbaycanlı kimi ürəyimiz torpaq həsrəti ilə döyünürdü. Qarabağ bizim haqq savaşımız idi. Vətən həsrəti çəkən hər bir azərbaycanlı — dünyanın dörd bir yanında yaşayan əlli milyonluq xalqımızın ləyaqətli nümayəndəsi — eyni arzuyla yaşadı: Qarabağın azadlığı. Şəhidlik təkcə uca zirvə deyil, gənc nəsil üçün örnək bir yol, məktəbdir. Bu məktəb cəsarəti, ölümün gözünə dik baxmağı və Vətəni hər şeydən üstün tutmağı öyrədir. Hər dəfə Şəhidlər xiyabanını ziyarət edəndə həmin zirvənin həm əlçatmaz, həm də qürurverici olduğunu hiss edirik.
Vətən müharibəsində şəhid olan gənclərdən biri də Əsədov Səbuhi idi. O, 1999-cu il Cəbrayıl rayonunun Həsənli kəndindəki ailənin üzvü, üç bacının yeganə qardaşı, valideynlərinin gözünün nuru, qohumlarının, müəllimlərinin və sinif yoldaşlarının sevgisini qazanmış bir gənc idi. 1999-cu il yanvarın 19-da Bakı şəhərində doğulmuş, 2005-ci il sentyabrın 15-də 85 nömrəli tam orta məktəbin birinci sinfinə başlamış və 2016-cı ildə həmin məktəbi bitirmişdir. Üç bacının bir qardaşı, arxa-dayağı, ata-anasının gözünün qarası, qohumlarının, müəllimlərinin, sinif yoldaşlarının, onu tanıyan hər kəsin sevimlisi idi.
Məktəb illərindən idmana marağı var idi; Yunan-Roma güləşi ilə məşğul olmuş, sayca çoxlu fəxri fərman və medallarla təltif olunmuşdur. Vətən eşqi onun şəxsiyyətində erkən yaşlardan görünürdü — bir dəfə sinif rəhbərinə “Vaxt gələcək, Qarabağı özüm işğaldan azad edəcəyəm” demişdi. Beləliklə, bu arzu reallaşdı: 2019-cu ildə hərbi xidmətə yollanan Səbuhi könüllü olaraq kəşfiyyat bölüyünə yazıldı. Andiçmə mərasimində fəal iştirak etmiş və hərbi xidmətdə yüksək nizam-intizamı ilə fərqlənmişdir. Sosial şəbəkə hesablarından birində “Kaş ki Qarabağın düz ortasına Azərbaycan bayrağını assam” sözlərini yazmışdı — bu, onun arzularının açıq ifadəsi idi. Onun arzusu, amalı yurdu Cəbrayılın, işğal altında olan torpaqlarımızın azad olunması idi.
27 sentyabr 2020-ci ildə başlayan II Qarabağ müharibəsi dövründə Səbuhi Mingəçevirdə xidmət etsə də, arzusuna uyğun olaraq döyüş bölgəsinə — Tərtərə — göndərilir. Tərtər, Talış kəndi, Çaylı və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir və böyük şücaət göstərir. Tərtərdə olarkən həm qohumu, həm də digər bölüyün komandiri ilə qarşılaşır. Ağır döyüşlərdən keçdiyini, əsgər yoldaşlarının çoxunun şəhid olduğundan danışarkən, həmin şəxsdən xahiş edir ki, onun döyüş bölgəsində olduğunu ailəsinə bildirməsin. Oktyabr ayının 3-də evə zəng edir, yaxşı olduğunu, döyüş bölgəsində olmadığını bildirərək ailə üzvlərini inandırmağa çalışır. Döyüş yoldaşlarının və komandirlərinin hörmətini qazanan Səbuhi ağır şəraitdə belə yardımsevər və mərd bir əsgər olduğunu sübut edir.
Oktyabrın 8-də düşmənin Suqovuşana əks hücumunu dəf edərkən onun yaxın döyüş yoldaşı İdrisov Xəyal şəhid oldu — bu hadisə Səbuhini dərindən sarsıtdı. Ata-baba yurdu Cəbrayılın azadlığı uğrunda qisas hissi ilə dolu olan Səbuhi minaatanla düşmənin postuna zərbə endirdi və ilk cəhdində postu yerlə-yeksan etdi. Lakin mənfur düşmən düşmən snayperi Səbuhini izləyirmiş. Onu sol gözündən nişan alaraq vurur. Və Cəbrayıl, Vətən həsrəti ilə alışıb-yanan igidimiz Səbuhi şəhid olur. Bu dəhşətli xəbər 11 oktyabr 2020-ci ildə ailəsinə çatdırıldı. Əsədov Səbuhi Azər oğlu 11 oktyabr 2020-ci ildə Bülbülə Şəhidlər xiyabanında dəfn edildi.
Ölümündən sonra o, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunması uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Uzun müddətdir onun haqqında yazmağı özümə mənəvi borc bilirdim — Səbuhi tanıdığımız ailənin bir nümayəndəsi, tərbiyəli, ağıllı, vətənpərvər, mərd bir gənc idi. Az yaşına rəğmən düşmənin gözünə dik baxa bilən cəsur bir oğul idi.
Səbuhi, bilirik ki, bizi seyr edirsən və ruhun şaddır — arzuladığın Qarabağ indi bizimdir. Sən və sənin kimi qəhrəmanların qanı bahasına geri alınmış bu torpaqlarda indi rahat gəzə bilirik. Əbədi mənzilində rahat uyu, Vətən oğlu — xatirən daim bizimlədir.
Dövlət qulluqçusu, Filoloq
Elza İbadova