Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulovun adı hallanan, “qızıl Səadət”in şikayəti əsasında açılan cinayət işi ilə bağlı məhkəmə qərar verib.
İş üzrə gömrük general-mayoru Məsum Rəsulovun yaxın qohumu, 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının (NMR) Nehrəm kəndində anadan olmuş Türkan Abdullayeva saxlanılıb.
Hadisə isə belə baş verib. Səadət adlı qadının 2021-ci ildə Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyaları gömrükdə bəyan edilmədiyi üçün saxlanılıb. Səadətə Türkiyədən Azərbaycana göndərdiyi qızılların sərhəddə tutulması ilə bağlı cinayət işinə DGK-nın İstintaq Baş İdarəsində müstəntiq işləyən Elxanın rəhbərlik etdiyi bildirilib. O, bu işin həll edilməsi üçün vaxtı ilə DGK-da yüksək vəzifədə çalışmış tələbə yoldaşı Mehman Sadıqovla görüşüb. M.Sadıqov onu dəstək olmaq üçün general-mayor M.Rəsulovun qohumu Türkan Abdullayeva ilə görüşdürüb.
T.Abdullayeva görüş zamanı M.Rəsulova zəng edib və işi 400.000 manata həll edə biləcəyini deyib. T.Abdullayeva həmçinin qeyd edib ki, məsələni “Yaxt Klub”da M.Rəsulovla görüşərək həll edəcək. Səadət isə bu işə görə cəmi 100.000 manat verməyə razılaşıb.
Üstəlik T.Abdullayeva söhbət əsnasında M.Rəsulovun tapşırığı ilə gömrükdə saxlanılmış və dövlət nəfinə keçmiş siqaret və alkoqollu içkiləri götürüb satdığını da deyib.
7 may 2022-ci il tarixdə Səadət ilkin olaraq Mərkəzi Univermaqda yerləşən ofisində M.Sadıqova 12 min dollar verib. Daha sonra M.Sadıqov T.Abdullayevanın “Yaxt Klub”da M.Rəsulovla görüşdə 600 manat hesab verdiyini deyib və həmin vəsaiti də Səadətdən alıb.
DGK-da keçirilən məlum əməliyyatlardan sonra işinin həll edilmədiyini görən Səadət hüquq-mühafizə orqanlarına müraciət edib.
Qızıl ticarətçisi olan Səadət məhkəmədə bu işdə digər günahkar kimi keçmiş gömrük məmuru M.Sadıqovu göstərib:
“Ömründə bir-iki dəfə üç günlük Türkiyəyə getməyən Mehman Sadıqov 2023-cü ildə ölkəni tərk edib və bu günə qədər dönməyib. Təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 178.2.1 maddəsi var. Onunla əlbir olub məni aldadan Mehman Sadıqovun əməlində də Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4, 312.2-ci maddələrinin olmasını nəzərə alaraq, işin düzgün qiymətləndirilməsi üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunmasını xahiş edirəm”.
O da məlum olub ki, T.Abdullayeva dəfələrlə dələduzluq maddəsi ilə saxlanılıb.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya – prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb, onun həbsdə saxlama müddəti iki ay, yəni 27 sentyabr 2023-cü il tarixədək müəyyən edilib.
Qeyd edək ki, general-mayor M.Rəsulov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidmətində (DTX) davam edən cinayət işi çərçivəsində 2022-ci ilin iyulun 14-də M.Rəsulov saxlanılıb. O, 18.03.2023-cü il tarixində ev dustaqlığına buraxılıb. M.Rəsulovun gömrük baxışı zamanı müsadirə olunan müxtəlif növ malları məhv etmək adı ilə Abşeron rayonunun Fatmayı kəndində olan iki hektar ərazidə yerləşən üç mərtəbəli villasının zirzəmisində saxlaması da məlum olub./qaynarinfo