image-rt-reklam
image-375029378_1707639883050418_5152604507789929015_nbackend

 Qənirə Paşayeva Xalq artisti Elçin Həşimovla görüşüb

image-728x90

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Respublikasının Xalq artisti Elçin Həşimovla görüşüb, onu 50 illik əlamətdar yubileyi ilə bağlı təbrik edib.

Mədəniyyət Komitəsində baş tutan görüşdə, E.Həşimovun incəsənətimizə, özəlliklə tar ifaçılığına töhfələrini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Q.Paşayeva E.Həşimovun 50 illik yubileyi münasibəti ilə ona Qarabağ motivli xatirə hədiyyəsi və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Elçin müəllim,
Sizi 50 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, yaradıcı fəaliyyətinizdə uğurlar diləyirəm!
Siz əslən Füzuli rayonunun Əhmədbəyli kəndindənsiniz. Çox şadıq ki, bu ilki yubileyinizi doğma Əhmədbəyli, Füzuli, ümumən Qarabağ torpaqlarının düşmən işğalından azad olunmasının 3-cü ildönümü ərəfəsində, o torpaqlarda azadlıqdan abadlığa, mədəni quruculuğa və böyük qayıdışa başlandığı bir dönəmdə qeyd edirsiniz.
Siz ilk musiqi təhsilinizi Q.Qarayev adına 8 saylı musiqi məktəbində almışınız. 1988-92-ci illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunu (indi Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecini) fərqlənmə diplomu ilə bitirmisiniz. 1992-97-ci illərdə Bakı Musiqi Akademiyasında Tar ixtisası üzrə təhsil almısınız.
1999-cu ildən etibarən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestr solistisi olaraq fəaliyyət göstərmisiniz. Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” milli tamaşasında muğam solo partiyasını ifa edərək Türkiyədə (İstanbulda), Fransada (Parisdə, UNESCO-nun səhnəsində), Qətər, İsveçrə, Tacikistan və digər ölkələrdə bu tamaşa ilə yaddaqalan çıxışlar etmisiniz. Eyni zamanda, Vasif Adıgözəlovun “Natavan” operasında, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında, “Tomris” baletində, Üzeyr bəy Hacıbəylinin “O olmasın, bu olsun” operettasında etdiyiniz ifalar sənətsevərlər və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. 2001-ci ildə Vaşinqtonda “Silkway” (“İpək yolu”) festivalında, 2002-cü ildə ümumdünya musiqiçiləri ilə birlikdə “Atlas Ensemble” orkestrində çıxış etmisiniz. Səmərqənd Beynəlxalq “Şərq təranələri” Musiqi Festivalında ikinci mükafata layiq görülmüsünüz.
2005-ci ildə ilk dəfə keçirilən Azərbaycan Televiziya Muğam Müsabiqəsində istedadlı gənc xanəndələrin üzə çıxarılmasında yaddaqalan xidmətləriniz olmuşdur.

Hazırda Azərbaycan Milli Konservatoriyasının dosentisiniz.

Xalq artisti xanəndə Mənsum İbrahimov və kamança ifaçısı, Əməkdar artist Elnur Əhmədov ilə birgə yaratdığınız “Qarabağ” muğam qrupu ilə Azərbaycan milli musiqisini bir çox ölkədə təqdim və tərənnüm etmisiz: Türkiyə, Özbəkistan, Macarıstan, Ukrayna, Gürcüstan, Norveç, İngiltərə, Misir, ABŞ, Almaniya, Belarusiya, Belçika, Braziliya, Efiopiya, Çin, Küveyt, Rusiya, İran, Latviya, Lüksemburq, İtaliya, İspaniya, Hollandiya, Danimarka, Fransa, İsveçrə, Vyetnam və b.

Siz Prezident Mükafatına, həmçinin Heydər Əliyev Fondunun, bir sıra digər qurumların mükafatına layiq görülmüsünüz.

Sizin ifanızda 7 əsas muğam solo variantında “Qızıl fond”a daxil edilib. “Güllələnmiş heykəllər” (2002), “Biz qayıdacağıq” (2007) və b. filmlərdə çəkilmisiniz.

Sizin yaradıcı fəaliyyətiniz, uğurlarınız dövlətimiz tərəfindən yüksək qiymət­ləndirilib; 2007-ci ildə Əməkdar artist, 2020-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüsünüz.
Bir daha Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edir, yeni sənət uğurları arzulayıram”!

Xalq artisti görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90