image-rt-reklam
image-1677141062_6backend

Qənirə Paşayeva “Azərbaycan” jurnalı redaksiyasının rəhbər heyəti ilə görüşüb – FOTO

image-728x90
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı – 100 yaşlı “Azərbaycan” jurnalının redaksiyasının rəhbər heyəti ilə görüşüb.

Jurnalın baş redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə, baş redaktorun müavini Südabə Ağabalayeva, məsul katib Vüsal Nuru və şöbə müdiri Məmməd Orucun iştirak etdiyi görüşdə jurnalın tarixindən, ənənələrindən, yubiley ilinə dair yaradıcılıq planlarından, redaksiyanın qayğılarından söz açılıb.
“Azərbaycan” jurnalının əlamətdar yubileyinin “Heydər Əliyev İli”nə düşdüyünü, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin böyük himayədarı olan Ümummilli liderin anadan olmasının 100 ilinin tamam olduğunu vurğulayan Q.Paşayeva, 2023-cü ili jurnalın redaksiya heyəti üçün xüsusi il kimi xarakterizə edib.
Yubilyar jurnalın Azərbaycan ədəbi-mədəni mühitində 100 il boyu səmərəli xidmətlərini xatırladan Komitə sədri, əlamətdar yubiley münasibəti ilə jurnal rəhbərliyinə Qarabağ motivli xatirə hədiyyələri və Mədəniyyət Komitəsi adından Təbrik məktubu təqdim edib. Təbrik məktubunda “Azərbaycan” jurnalının 100 illik fəaliyyətinin ən önəmli məqamlarına vurğu edilib:
“Hörmətli İntiqam müəllim, Sizi, Sizin timsalınızda “Azərbaycan” jurnalının bütün əməkdaşlarını, Redaksiya heyətini və daimi oxucularınızı, jurnalın ilk sayının çıxmasının 100-cü ildönümü münasibəti ilə təbrik edir, kollektivinizə yeni yaradıcılıq uğurları diləyirəm!
Ədəbi mətbuatımızın bayraqdarı olan “Azərbaycan” jurnalı yalnız Azərbaycan mətbuatı tarixində deyil, ümumən yaxın-uzaq ölkələrdə 100 il ardıcıl gün üzü görən azsaylı ədəbi nəşrlərdəndir. Əlamətdar yubiley yaşınadək fərqli adlarla yayınlansa da, bu, bayraqdar ədəbi jurnalımız tarixin çətin sınaqlarından çıxıb. Nəşrə başladığı və uzun illər fəaliyyət göstərdiyi keçmiş Sovet dönəmində sosrealizm tələbləri, sərt senzura yasaqları mövcud olsa da, jurnalın, necə deyərlər, özünəxas sifəti, xarakteri olub. Təsadüfi deyil ki, XX yüzil Azərbaycan ədəbiyyatının ən önəmli, unudulmaz əsərlərinin çoxu jurnalınızın səhifələrində yer alıb. Oxucular ədəbiyyatımızın qızıl fonduna daxil olmuş əsərlərin bir çoxu ilə ilk dəfə məhz “Azərbaycan”ın səhifələrində tanış olub. Jurnal Sovet dönəmində doğma dilimizin keşikçisi olub.
Müstəqilliyin ilk illərində “Azərbaycan” jurnal maddi sıxıntılar yaşasa da, ədəbiyyatın, mədəniyyətin himayədarı, Ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə gəlişindən sonra, jurnalın və AYB-nin digər mətbu orqanlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsi mümkün oldu.
Ən mötəbər ədəbi jurnalımızın öz oxucusunu bundan sonra da yaddaqalan əsərlərlə sevindirəcəyinə inanıram.
Siz son 25 ildə “Azərbaycan” jurnalına uğurla və fədakarlıqla rəhbərlik edirsiz. Sizi və bütün əməkdaşlarınızı jurnalın yüksək səviyyədə çıxmasına nail olduğunuza görə alqışlayır, əlamətdar yubiley münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edirəm”!
Baş redaktor İ.Qasımzadə görüş və təbrikə görə Q.Paşayevaya təşəkkür edib. Baş redaktor 100 yaşlı jurnalın bir neçə özəl sayını Komitə sədrinə təqdim edib.

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90