image-rt-reklam
image-1backend

PUTİNİN ƏN BƏRBAD “SEÇKİSİ” – Rusiyalılar Nadejdindən və Navalnının cəsədindən qorxan liderə səs verirlər

image-728x90

Bu gün Rusiyada 3 gün davam edəcək növbəti prezident seçkisinin ilk günüdür. Bunun gerçək mənada seçki termini ilə yaxından-uzaqdan heç bir əlaqəsi olmadığı üçün Rusiya seçkisi dünya mətbuatında aktual xəbərlərin heç ilk onluğuna da daxil edilməyib…

Ancaq hər halda, bu seçki bir çox cəhətlərinə görə əlamətdardır və Vladimir Putinin buna qədərki prezident seçkilərindən xeyli fərqlənir. Belə ki, 2000-ci ildən bəri Putin heç bir seçkidə eyni zamanda həm bu qədər zəif, həm də bu qədər güclü olmamışdı. Onun hazırkı, demək olar, yeganə güclü tərəfi Rusiya xalqını, müxalifəti, hüquq müdafiəçilərini və s. sözün əsl mənasında susdura, öz iradəsinə və təbliğatına tabe etdirə bilməsi, Rusiyanı qapatması, ölkədə diktaturadan da güclü avtoritar idarəçilik sistemi qurması və nəhayət, Ukraynada başlatdığı işğalla az qala bütün bəşəriyyətin həyatını “zəhərləməsi”dir.

Zəif tərəfləri isə güclü tərəfləri ilə müqayisədə dəfələrlə çoxdur. Sırf Putinin özü ilə bağlı real hadisələrə baxsaq, görərik ki, o, Ukraynada başlatdığı işğalçılıq müharibəsində qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib, böyük tarixə malik rus ordusu zaman-zaman məhbusların, kriminal ünsürlərin, pulla döyüşə qatılan muzdluların ümidinə qalıb və hazırda yerində saymaqda davam edir. Rusiya Qara dəniz Hərbi Dəniz Donanması öz hərbi donanması olmayan Ukraynanın qarşısından qaçır, Krımı tərk edir və Qara dənizin böyük hissəsinə nəzarəti itirir…

Həmin müharibənin fonunda ötən il Putin öz yaxın ətrafı ilə birgə Yevgeni Priqojinin və “Vaqner”-in qabağından qaçmalı, onunla anlaşmalı oldu və bununla da öz “xarizması”nı böyük ölçüdə zədələdi.

Seçkinin özünə gəlincə, onun hansı mühitdə, hansı reallıqlar çərçivəsində keçirildiyinə baxaq. Seçki kampaniyası ötən ilin dekabrında start verib. Bu zaman kəsiyində nələr olmayıb? Rusiyanın seçki gündəminə fikir verin. 30 minlik kiçik Avdeyevkanın 10 minlərlə canlı qüvvə və yüzlərlə hərbi texnikanın itirilməsi hesabına alınmasından başqa təqdim ediləcək heç nə yoxdur. Ancaq bu “pir qələbəsi”nin özü də artıq gündəmdən çıxıb. Avdeyevka nəinki Kiyev, yaxud Odessa, heç Kramatorsk da deyil…

Dekabrdan bu yana Rusiya əvvəlcə “yumurta şoku” yaşadı, bir çox məhsullarla bağlı qıtlıq və bahalaşma oldu. Daha sonra yeni il qabağı Belqorod kimi böyük şəhər, vilayət mərkəzi güclü şəkildə atəşə məruz qaldı, əhali pərən-pərən düşdü. “Qüdrətli” Putin oradakı əhalini qoruya bilmədi. Yanvarda bütün ölkə ərazisində, minlərlə çoxmərtəbəli binalar elektrik enerjisi və istiliklə bağlı böyük problemlər, kəsintilər yaşadı.

Ardınca Boris Nadejdin “fenomeni” ortaya çıxdı. Kremlin gözləmədiyi halda yüz minlərlə rusiyalı onun namizədliyinə imza atmaq üçün günlərlə növbələrə durdular. Buna baxmayaraq, Putin bir neçə günə 250 min imza toplayan və əslində, çoxlarının tanımadığı Nadejdini seçkiyə buraxmağa qorxdu. Əvəzində, guya özü 3 milyona yaxın imza topladı. Ancaq nədənsə, Nadejdindən fərqli olaraq, Putin üçün imza toplama kampaniyasında heç kim uzun növbələr görmədi. Bu da saxtakarlığın ən bariz nümunəsi oldu və bütün bunlar rusiyalıların gözü qarşısında baş verdi.

Ardınca Aleksey Navalnının ölümü(qətli) baş verdi. Rusiyalılar bu dəfə Putini təkcə öz siyasi rəqiblərini fiziki məhv edən yox, həm də cəsəddən belə qorxan birisi kimi tanıdı.

Navalnının anasının öz oğlunun cəsədini almaq üçün küçələrə salınması, süründürülməsi, qorxudulması, uzaq Sibirə yollanması, şantaj və təhqir edilməsi, günlərlə cəsədin verilməməsi və s. isə Putinin hansı mənəvi keyfiyyətlərə malik olduğunu, dinə, milli adət-ənənələrə, adi insani dəyərlərə belə məhəl qoymadığını rusiyalılara bir dah açıq-aydın nümayiş etdirdi.

Ardınca Rusiya ordusu ard-arda onlarla hərbi təyyarəsini və bir neçə hərbi gəmisini itirdi. Daha sonra Rusiyanın böyük neft emalı zavodları Ukraynanın PUA hücumları nəticəsində bir-bir partlamağa, yanmağa başladı, cəbhə xəttindən yüzlərlə kilometr məsafədə olan Rusiya şəhərlərinin üzərini qara buludlar aldı. Bu gün də həmin hücumlar davam edir.

Belqorod artıq cəbhə şəhərinə çevrilir, şəhərin meriyası, Rusiya FTX-sının yerli şöbəsinin binası zərbələr alır. Bu da azmış kimi, Ukrayna tərəfində döyüşən Rusiya konüllü hərbi birlikləri gah Belqorod, gah da Kursk vilayətlərində sərhədi keçərək, kəndləri, qəsəbələri ələ keçirir, iri şəhərləri atəşə tutur, əhali yaşayış yerlərini qoyub qaçır və sair. Hələ iqtisadiyyatda yaranmış və getdikcə böyüyən problemlər də var ki, bu da ayrı və böyük bir mövzudur…

Bütün bunların fonunda Rusiyada Putin yenidən seçki adlı tamaşa keçirir və bu, Rusiyanın ən yeni tarixinin ən bərbad tamaşalarından biridir. Rusiyalıların isə hamısı olmasa da, əksəriyyəti nəinki Priqojindən, həm də Nadejdindən və hətta Navalnının cəsədindən belə qorxan “qəhrəman” liderlərinə səs verirlər…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90