Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Tofiq müəllim, Kişinyov görüşlərinin nəticəsi olaraq sərhədlərin konkret xəritələr əsasında dəqiqləşməsi ilə bağlı açıqlamalar verildi. Bunu irəliyə doğru atılmış addım kimi təqdim edənlər də var. Növbəti Brüssel görüşündə konkret razılaşma baxımından Moldovadakı müzakirələrin təsirini necə şərh etmək olar?
– Kişinyovda Avropa Siyasi Birliyinin zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan qeyri-rəsmi görüş tərəflərin mövqeyinin ifadəsi baxımından önəmli idi. Bu görüşdən sonra Ermənistanın Baş naziri Paşinyan Azərbaycanla sərhədlərin keçmiş sovet dövründə aid, yəni 1975-ci il xəritələri əsasında dəqiqləşdirilməsi ilə bağlı açıqlama verdi. Əgər konkret sərhəd dəqiqləşməsindən söhbət gedirsə, burada müxtəlif xəritələrdən istifadə olunacaq. Sovet dövrü xəritələrinə istinad varsa, burada hansı tarixin seçilməsi məsələsi aydınlaşmalıdır. Çünki o dövrdə Ermənistana ayrı-ayrı vaxtlarda Azərbaycan əraziləri güzəştə gedilib. Ona görə də, bununla bağlı konkret fikir yoxdur. Burada hansı ilin xəritəsi əsasında sərhədlərin dəqiqləşməsi məsələsi üzərində iş aparılmalıdır.
– Sizcə, qarşı tərəf niyə məhz 1975-ci il xəritələrinə istinad etmək istəyir?
– 1975-ci ilin xəritəsi ilə bağlı erməni tərəfinin mövqeyi çoxdan eşidilir. Burada konkret məsələ delimitasiya və demarkasiya prosesindən sonra məlum olacaq. Bu proses isə hələ uzun çəkəcək. Çünki burada müxtəlif səbəblərə görə, tərəflərin fərqli mövqe sərgiləməsi faktları da olacaq. Ona görə də, sonuncu qərar kimi 1975-ci il xəritələri üzərində qalmaq bir qədər tezdir.
– Azərbaycanın bu məsələdə mövqeyi nədən ibarətdir?
– Texnoloki baxımdan sərhədlərin dəqiqləşməsi prosesində iki dövlət komissiyası iştirak edir. Onun da tərkibində müxtəlif qurumların nümayəndələri yer alır. Faktiki olaraq hazırda bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi var. Çünki sərhədlə bağlı birmənalı qərar vermək istənilən xətti seçmək çətindir. Paşinyan bunu istəməsinə baxmayaraq burada həlledici məsələ Azərbaycanın mövqeyidir. Burada müxtəlif sahələrə və ayrı-ayrı illərin xəritələri tətbiq edilə bilər. Bu da təkcə sərhəd məsələsinə aid deyil. Konkret işlər getdikdən sonra burada problemlər də daha aydın görünəcək.
– Üçtərəfli görüşdən sonra Fransa və Almaniya liderlərinin iştirakı ilə qeyri-rəsmi görüş baş tutdu. İndiki mərhələdə buna nə dərəcədə ehtiyac var idi?
– Burada hansısa bir vasitəçilikdən söhbət getmir. Avropa İttifaqı və onun aparıcı ölkələri sadəcə olaraq bu görüşdə iştirak edib. Bu mənada Aİ-nin ifadə etməyə çalışdığı mövqe prosesə yardımçı olmaq istəyi ilə bağlıdır. Burada kommunikasiya məsələləri ilə bağlı proses Aİ-nin iştirakına zəmin yaradır. Çünki kommunikasiya xətlərinin açılması ilə bağlı maliyyələşmə məsələsində bu təsirli olacaq. Əslində bu heç də təzə bir format deyil.
– Sizcə, beştərəfli müzakirələri danışıqlar formatı kimi təqdim etmək nə dərəcədə məntiqlidir?
– Təbii ki, bu heç də danışıqlar formatı deyil. Bu sadəcə olaraq qeyri-rəsmi bir görüşdür. Yekunda heç bir ümumi sənəd də qəbul olunmayıb. Sadəcə olaraq tərəflər adından Şarl Mişel özünün başa düzdüyü tərzdə açıqlama verib. Amma bu o demək deyil ki, burada tərəflərin mövqeyi əks olunub. Görüşün praktiki əhəmiyyəti o oldu ki, Avropa İttifaqı Zəngəzur dəhlizinin açılmasına və titkintisinə yardım göstərsin. Ola bilsin sonra digər istiqamətlərdə də yardımlar göstəriləcək. Çünki Azərbaycanın mövqeyi ilk növbədə Zəngəzur dəhlizi istiqamətində dəmir və avtomobil yolunun işlək vəziyyətə gətirilməsi ilə bağlıdır.
– Azərbaycan-Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində Moskva görüşündə kommunikasiya xətlərinin açılması ilə bağlı hansı səviyyədə müzakirələr aparılıb?
– Bu məsələlər heç də bir qərarlıq iş deyil. Burada ciddi texniki məsələlər var. Sadəcə olaraq indiki vəziyyətdə o yolu bərpa etmək lazımdır. Bu yolunda relyefi çox mürəkkəbdir. Zəngəzur dəhlizinin Ermənistan tərəfindən keçən hissəsində tam dağıdılıb. Ona görə də, bunun bərpası texniki baxımdan vaxt və pul tələb edən bir məsələdir. Baş nazirlərin müavinləri bu məsələdə daha konkret baxış təqdim edə bilər. Amma maliyyə məsələsi burada Avropa İttifaqının iştirakını zəruri edir.
– Avropa İttifaqının Zəngəzur dəhlizini maliyyələşdirməsi fonunda burada yoldan Rusiyanınm istifadə məsələsi necə həll olunacaq?
– Bu olduqca vacib bir məqamdır. Çünki siz dediyiniz kimi bu yoldan Rusiya da istifadə edəcək. Eyni zamanda Zəngəzur dəhlizi birbaşa Rusiyanın nəzarəti altında olacaq. 10 noyabr 2020-ci il sənədində açıq şəkildə qeyd edilib ki, bu dəhlizə rus sərhədçiləri nəzarət edəcək. Bu da əslində təzə bir məsələ deyil. 1992-ci ildən Zəngəzurda erməni sərhədçilərindən başqa hamı var. Burada digər məsələ kommunikasiyaların açılması fonunda onun hansı qaydalarla işləməsi məsələsi gündəmə gələcək. Ona görə də, bir gündə bu məsələləri həll etmək mümkün deyil. Hətta erməni tərəfi iddia edirdi ki, bu xətti Qazax istiqamətində açaq və s. Məqsəd bu yollar istifadəyə verildikdən sonra Zəngəzur dəhlizi mövzusunun tamamilə yaddan çıxarılmasıdır.