Son günlər Ermənistan hökumətinin üzvləri sülh müqaviləsinin bağlanması ilə bağlı davamlı açıqlamalar verirlər. Ermənistanın iqtisadiyyatının dirçəldilməsi məqsədilə hökumət çıxış yollarını axtarır.
Bundan bir neçə gün öncə isə Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda özünün “Sülh Qovşağı” adlı Qafqazda komunikasiyaları açmağı təklif edən xəritə-layihəsini təqdim edib. Paşinyan məhv olan Ermənistan iqtisadiyyatını dirçəltmək üçün bütün vasitələrdən istifadə etməyə hazır olduqlarını bəyan etməsi heç İrəvanda da birmənalı qarşılanmayıb. Erməni ekspertləri hesab edir ki, Paşinyan Ermənistan iqtisadiyyatının dirçəldilməsi üçün Türkiyə ilə razılığa gəlməyə hazırlaşır. Erməni türkoloq Ruben Safrastyan öz açıqlamasında bildirib ki, indiki halda Ermənistan xilas yolunu yalnız Türkiyə və Azərbaycanda görür.
“Ermənistanın nicatı özümüzə düşmən sandığımız iki ölkədən Türkiyə və Azərbaycandan asılıdır. Xilas olmaq istəyiriksə üzümüzü Azərbaycan və Türkiyəyə çevirməliyik. İndiki halda Qərb bizə heç nə verməyəcək. Mən hesab edirəm ki, Qərb konkret olaraq Fransa “Zəngəzur dəhlizi”ndə öz maraqlarını güdür.” -deyə Ruben Safrastyan bildirib.
Maraqlı məqamlardan biri odur ki, Tbilisi İpək Yolu Forumunda Paşinyanın özünün “Sülh Qovşağı” adlı Qafqazda komunikasiyaları açmağı təklif edən xəritə-layihəsində Ermənistanın xilas yolunu Qara, Aralıq, Xəzər dənizi və İran Körfəzinə çıxış imkanları göstərib. Məhz Paşinyan bundan sonra Qərbin, konkret olaraq Fransanın təzyiqi ilə üzləşib. Paşinyanın təqdim etdiyi “Sülh Qovşağı” adlı Qafqazda komunikasiyaları açmağı təklif edən xəritə-layihəsində Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədlərində yol infrastrukturu üçün 7, dəmiryolu infrastrukturu üçün isə 5 sərhəd-keçid məntəqəsinin quraşdırılması nəzərdə tutulur.
Xəritə 4 əsas prinsip və əlavə olaraq da, bu prinsiplərə uyğun olaraq sərhəd və gömrük nəzarətinin qarşılıqlı razılıq və anlaşma yolu ilə yüngülləşdirilməsini təklif edir.
Paşinyanın təklif etdiyi xəritə-layihənin əsas məqamlar belədir:
1. Bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolları, hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyaları altında fəaliyyət göstərsin.
2. Hər bir ölkə öz ərazisindəki aidiyyatı dövlət qurumları vasitəsilə nəqliyyat vasitələrinin, yüklərin və insanların öz ərazisindən keçidi də daxil olmaqla, sərhəd, gömrük nəzarəti və bütün infrastrukturların təhlükəsizliyini təmin etsin.
3.Bütün infrastruktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər.
4.Ölkələr bütün infrastrukturdan qarşılıqlı və bərabər şəkildə istifadə edirlər.
Əsas maraqlı məqmlardan biri isə, Paşinyanın Azərbaycan üzərindən Xəzər dənizinə çıxış əldə etməyi düşünməsidir. Azərbaycan tərəfi Paşinyanın təklif etdiyi xəritə-layihəyə keçən zaman müddətində münasibət bildirməyib. Daha bir qapalı qalan məsələ isə Paşinyanın bu çıxış müqabilində Azərbaycana nə təklif etməsidir. Buna münasibət bildirən Ruben Safrastyan hesab edir ki, Paşinyan reallıqla barışıb və “Zəngəzur dəhlizi”nin açılması işinin sürətləndirilməsini istəyir. “Əsas məsələ bu dəhlizin açılması və Ermənistan iqtisadiyyatının xilasıdır. Bu anda Paşinyanı yalnız bu düşündürür. Hesab edirəm ki, Paşinyan bunu etməklə uğur əldə edə biləcək. Əksa halda isə Ermənistanın uçuruma yuvarlanması qaçılmazdır”-deyə Ruben Safrastyan bildirib.
İndi Ermənistanda Ruben Safrastyan kimi düşünənlər çoxdur. Lakin Paşinyanın Türkiyəyə və Azərbaycana doğru açılma qərarına Fransa eləcə də, qonşuluğumuzdakı İran qısqanclıqla yanaşır.
Bir sözlə Ermənistan xilas olmaq üçün son qərarını verməlidir. Əks halda Azərbaycan rəsmi İrəvanın fikirləşmək üçün ayırdığı zamanı gözləməyəcək və “Zəngəzur dəhlizi” İran ərazisindən keçməklə yola davam edəcək.
Qoşqar Salmanlı